Medvedyev Rusiyadan vədlər toplusu ilə Krıma gedib

Şəklin mənbəyi, AP
Rusiyanın baş naziri Dmitri Medvedyev Krıma gedib. Bu, Rusiyanın ilhaqından sonra bu yarımadaya belə yüksək vəzifəli rəsminin ilk səfəridir.
Krımın Rusiyaya birləşdirilməsindən sonra Kreml dünya birliyinin tənqidlərinə məruz qalıb.
Dmitri Medvedev Krım işləri üzrə nazirlik yaradıldığını, yeni idarəyə Oleq Savelyevin rəhbərlik edəcəyini bildirib.
Bu vəzifəyə təyin olunmazdan əvvəl Savelyev Rusiya iqtisadi inkişaf nazirinin müavini olub.
“Krım Respublikası və Sevastopolun inkişafı bizim üçün dövlət prioriteti olub. Gizlətmək istəmirəm, belə bir məsələnin həlli müxtəlif idarələrin səylərinin səfərbər edilməsini və sahələrarası məsələlərin həllini tələb edir”, - cənab Medvedyev bazar ertəsi Krımda keçirilən hökumət toplantısında deyib.
Baş nazir bunun Uzaq Şərqin inkişafı üzrə nazirlik kimi bir orqan olacağını bildirib.
Simferopolda Dmitri Medvedyev yarımadanın Rusiyaya qatılmasından heç kəsin heç nə itirməyəcəyini, yerli maaş və pensiyaların artırılacağını bəyan edib.
Bundan başqa, sentyabrdan məktəblilər Krımda Rusiya standartları üzrə təhsil alacaq, 2015-ci ildən sonra isə ali məktəblərə qəbul olunmaq üçün Krım orta məktəblərini bitirənlər Vahid Dövlət İmtahanı verməli olacaqlar.




