Ukrayna: Putin Krımın anneksiyasını rəsmiləşdirib

Putin

Şəklin mənbəyi, RIA Novosti

ABŞ və Aİ sanksiyalarına baxmayaraq Prezident Vladimir Putin Krımın Rusiyaya birləşməsini rəsmiləşdirən sənədi imzalayıb.

Avropa İttifaqının sonuncu sanksiyaları Rusiyanın yarımadanı zəbt etməsində iştirak edən 12 adama aiddir.

Cümə günü Ukrayna ilə Aİ arasında daha yaxın siyasi əlaqələr üçün saziş <link type="page"><caption> imzalanıb</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2014/03/140321_ukraine_eu_association_.shtml" platform="highweb"/></link>.

Avropa liderləri həmçinin deyiblər ki, Rusiyadan enerji asılılığını azaltmaq üçün səyləri artıracaqlar.

Aİ-nin yeni sanksiyaları daha əvvəl 21 adama şamil olunan sanksiyalara əlavə olunur.

Siyahıda Baş nazirin müavini Dmitri Roqozin və Vladimir Putinin yaxın köməkçiləri Sergey Qlazyev və Vladislat Surkov da var.

Sanksiyalar Rusiya parlamentinin iki palatasının sözçüləri, Valentina Matviyenko və Sergey Narışkina də aiddir. Hər ikisi cənab Putin Krımı Rusiyaya birləşdirən qanunu imzalayanda onun yanında idi.