Krımda referendum əleyhinə aksiya keçib

Şəklin mənbəyi, Getty
Krımda bazar gününə təyin olunmuş referendum əleyhinə kütləvi etiraz aksiyası keçirilib. İnsanlar Ukrayna bayraqları ilə yarımadanın əsas avtomobil yolları boyunca düzülərək etiraz ediblər.
Etiraz iştirakçıları: “Referenduma boykot”, “Biz Ukraynayıq”, “Biz sülh tərəfdarıyıq”, - səsləyib.
Aksiyada əsasən Krımın Rusiyaya birləşməsinə qarşı olan Krım tatarları iştirak edib.
“Bu gün Krımın bütün guşələrində çox miqyaslı aksiya baş verib. Həm də bu, tək Krım tatarları deyil, müxtəlif xalqların nümayəndələri olub. Aksiya qabaqcadan millətlərarası tədbir kimi nəzərdə tutulub”, - ATR krım-tatar televiziya kanalında Krım Tatarları Məclisinin Prezidium üzvü Emine Avamileva deyib.
Xanım Avamilevanın sözlərinə görə, praktik olaraq aksiya bütün Krımı əhatə edib – Cankoy, Krasnoqvardeyski, Kirovski rayonları, Sudak və Starıy Krım şəhərləri.
Yüzlərlə Krım tatarları Bağçasarayda referendum əleyhinə aksiyada iştirak edib, Agence France-Presse xəbər verir.
Krım-tatar siyasətçisi Əbdürrəhman Egiz BBC-yə bildirib ki, Krım tatarları özlərini təhlükəsiz hiss etmirlər.

Şəklin mənbəyi, Getty
“De-fakto burada Ukrayna hakimiyyəti yoxdur, - o deyib. – Hər an zorakılıq baş verə bilər”.
Daha əvvəl Krım-Tatar Məclisi yarımada əhalisini referendumu boykot etməyə çağırıb.
Cümə günü Ukrayna Konstitusiya Məhkəməsi muxtariyyət parlamentinin bütün, o cümlədən, referendum keçirmək üzrə qərarlarının Konstitusiyaya zidd olduğu haqqında qərar qəbul edib.




