Rusiya sanksiyalara dollardan imtina ilə cavab "verə bilər"

Prezident Putinin müşaviri deyib ki, ABŞ sanksiyalarının tətbiqi təqdirində Rusiya başqa valyutanın istifadəsinə keçməklə yeni hesablaşma-ödəniş sistemi yaratmağa məcbur ola bilər.
Sergey Qlazyev mümkün sanksiyalara cavab olaraq ABŞ banklarına kreditlərin qaytarılmayacağını bildirib.
Ukraynadakı böhranla bağlı vəziyyətin gərginləşməsi fonunda çərşənbə axşamı məlum olub ki, Rusiya ABŞ-dan donuz ətinin idxalını dayandırıb.
Fevral ayında Rusiya hakimiyyəti donuzların ətində əzələ kütləsini artıran kimyəvi maddənin aşkar edildiyini deyərək ABŞ-dan idxala qadağa qoyub.
Lakin tərəflər arasında məsləhətləşmələrdən sonra idxal martın 10-da bərpa olunmalı idi.
"Hazırkı təchizat sistemi təhlükəsizliyi təmin etmir”, - İnterfax agentliyinə veterinar nəzarəti üzrə “Rosselxoznadzor” qurumunun nümayəndəsi Aleskey Alekseyenko deyib.
ABŞ Ukrayna böhranı aradan qaldırılmayanadək Rusiya ilə ticarət və investisiya sahəsinə aid danışıqların aparılmayacağını bildirib.
