Sərhəd kəndləri atəş altında

Əsgər

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Azərbaycan və erməni tərəfləri atəşkəsin pozulmasında bir-birini suçlayır.

Son həftə Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ təmas xətti bölgələrindən atəşkəs rejiminin hər gün pozulması, cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin atəşə məruz qalması haqqında məlumatlar alınır.

Həm erməni, həm Azərbaycan tərəfi atəşkəsin pozulmasında “düşmən” tərəfi təqsirləndirir.

Ermənistan informasiya vasitələri, Ermənistan və tanınmamış DQR müdafiə nazirliklərinə istinadən, yanvarın 20-ə keçən gecədən bəri Azərbaycan tərəfinin təmas xətti boyunca atəşkəs rejiminin pozulduğunu bildirirlər.

Ermənistan Müdafiə Nazirliyi mətbuat katibi Artsrun Hovhannisyanın sözlərinə görə, “düşmən tərəf iki gün ərzində 300 dəfə atəşkəs rejimini pozub, bu, adətən qeydə alındığından 10 dəfədən çoxdur”.

Azərbaycan tərəfi atəşkəs rejiminin pozulmasında Ermənistanı suçlayır və “düşməni cavab atəşilə susdurmağa məcbur olduğunu" bildirir.

"Gizlənirik"

"Dünən axşam saat 9-dan 12-ə qədər yaşadığımız kənd Ermənistan ordusu tərəfindən intensiv atəşə tutulub. Nəticədə bir neçə evə ziyan dəyib, atılan güllədən pəncərələr sınıb və maşınlar xəsarət alıb", bunu Tovuzun Hacıallı kənd icra nümayəndəsi Sahib Quliyev BBC Azərbaycancaya deyib.

“Səhər saat 5-ə qədər atışma ara-sıra davam edib. Amma hazırda sakitlikdir”, o bildirib.

Quliyevin sözlərinə görə, Azərbaycan ordusu atəş açılan mövqeləri susdurmaq üçün cavab atəşi açsa da, daha çox ziyan Tovuzun sərhəd kəndlərinə dəyib.

“Çünki yaşayış məntəqələri hərbi mövqelərə çox yaxındır, amma ermənilərin yaşayış məntəqəsi sərhəddən uzaqdır. Ona görə atışma başlayan kimi podvalda, orda-burda gizlənirik. İllərdir belə yaşayırıq, bilirik ki, tərpənmək olmaz”.

Kənd sakini cəbhə boyu Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin uçuşunu müşahidə etmədiyini də qeyd edib.

Koxanəbi kənd sakini Ələsgər Məmmədov BBC Azərbaycancaya cəbhə xəttində atışmanın üç gündür davam etdiyini deyib.

“Hər bir-iki saatdan bir ermənilər atəş açır. Kənddə heç kimin evinin damında salamat şifer qalmayıb. Bizim tərəf çox az hallarda cavab atəşi açır”.

Məmmədovun sözlərinə görə, kənd sakinləri icra başçısının qəbulunda olub və Azərbaycan tərəfinin az halda cavab atəşi açması ilə bağlı narahatlığını ifadə edib.

“Mən demirəm ki, güllə atıb kimisə yaralasınlar. Amma cavab atəşi açılanda ən azı atışmanın ardı-arası kəsilər. Amma bizə əsgərlər deyir ki, bizə göstəriş vermədən atəş aça bilmərik. Hərbi texnikamız, imkanımız varsa, niyə intensiv cavab atəşi açmasınlar ki?”.

Kənd sakini hərbi təyyarələrin cəbhə boyu kəndlərin üzərində səmada uçuşunu görmədiyini də bildirib.

Ermənistan Müdafiə Nazirliyi Qarabağ təmas xəttində insidentdən sonra Azərbaycan tərəfindən Ermənistanın şimal sərhədyanı bölgəsində yaşayış məntəqələri və dinc əhalinin atəşə tutultuğunu bildirir.

Yanvarın 23-ü axşamı Tavuş vilayətinin Ayqepar kəndində 16 yaşlı qız, Liana Anikyanın yaralandığı bildirilir.

“Hər axşam işıqları söndürüb, gözləyirik ki, indi atmağa başlayacaqlar, həyətə də çıxa bilmirik”, BBC Azərbaycancanın müxbirinə rayon sakini Lida deyib.

Yanvarın 22-də atəşə məruz qalmış Movses kəndini qazla təmin edən boru sıradan çıxıb. Hal hazırda təmir işləri aparılır.

Kənd icra hakimiyyəti başçısı Ararat Avalyan evlərin divarlarında güllə izləri qaldığını deyib.

“İlk dəfə deyil ki, kənd atəşə tutulur. Son 25 ildə elə belə də yaşayırıq”, - Avalyan “Aravot” qəzetinə deyib. – “Hal hazırda məktəb normal işləyir, qazla isidilən uşaq bağçası isə ayın 23-dən bağlıdır”.

Ayqepar kənd əhalisinin təxliyə edildiyi barədə məlumatlar yayılıb, lakin kəndin aqsaqqallar şurasının başçısı Andranik Aydınyan, bunu təkzib edib: “Bizi heç 90-cı illərdə evakuasiya etməyiblər”.

O, 10 yerdə evlərin divarları və damlarına güllə izləri qaldığını bildirib.

“Bizim sərhədçilər yaxşı cavab verib. Onlar düz hədəfə vururlar. Bizimkilər belə əks-zərbə vuranda kənd camaatı özünü daha arxayın hiss edir”, - Aydınyan deyib.

Nerkin Karmirağbyur kəndinin ağsaqqalı Manvel Kamendatyan isə “Aravot” qəzetinə atəşlərdən kəndə ziyan dəymədiyini söyləyib. “Onlar başlayırlar, bizimkilər cavab atəş açanda, susur”.

Gərginlik artır

Son bir həftə ərzində üçüncü dəfə jurnalistlərlə görüşən Ermənistan müdafiə naziri Seyran Ohanyan Tərtər-Mardakert və Ermənistanın Tavuş bölgəsində Azərbaycanla təmas xətlərində vəziyyətinin son dərəcə gərginləşdiyini inkar etmir.

Azərbaycan Hərbi Hava Qüvvələri təyyarələrinin təmas xətti boyunca uçuşlar etdiyi bildirilir.

Bununla bağlı Dağlıq Qarabağ Silahlı Qüvvələrinin mətbuat xidmətinin rəisi Senor Hasratyan Qarabağ hava hücumundan müdafiə qüvvələrinin “gecə-gündüzlü növbə rejimində Artsaxın hava məkanının müdafiəsini“ təşkil etdiyini bildirib.

APA Azərbaycanın hərbi təyyarələri vəziyyətin gərginləşməsi ilə əlaqədar cəbhə boyu uçuşlar həyata keçirdiyini təsdiq edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 24-də saat 06.00 radələrində erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Tərtər rayonu istiqamətində, Qapanlı və Seysulan yaşayış məntəqələri arasında, qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələrin geri çəkilməyə məcbur edildiyi bildirilir.

Cəbhənin Tovuz rayonu istiqamətində isə Azərbaycan hərbçiləri düşmənin hərbi maşınını sıradan çıxarıblar.

Dağlıq Qarabağ Silahlı Qüvvələrinin mətbuat xidmətinin rəisi Senor Hasratyan erməni qüvvələrinin Tərtər istiqamətində kəşfiyyat-diversiya əməməliyyatları keçirdiyi barədə məlumatı təkzib edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan isə sərhəd bölgəsində Ermənistan hərbi avtomaşını vurulduğu haqqında məlumatın həqiqətə uyğun olmadığını bildirib. Onun sözlərinə görə, erməni tərəfində insan və texnika itkisi olmadığını və Azərbaycan saytlarında yerləşdirilmiş məlumatın “yalan”, şəkillərin “saxta” olduğunu bəyan edib.

Atəşkəs rejimini kim pozur?

Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan yanvarın 20-nə keçən gecə “Dağlıq Qarabağda təmas xəttində üç Azərbaycan diversiya qruplarının eyni vaxtda” erməni qüvvələrin nəzarəti altında olan ərazilərə müdaxilə etməsini təsdiq edən “dəlilər” təqdim etməyə hazır olduğunu bəyan edib.

Erməni tərəfi “Azərbaycan diversiya dəstəsi geri çəkilərkən hadisə yerində qalan xəritələri, silahı, texnika və hərbi avadanlığı” Minsk Qrupu həmsədrlərinə və ATƏT-in şəxsi təmsilçisi Anjey Kaspşikə təqdim ediləcəyini bildirir.

Erməni tərəfi təmas xəttində “Azərbaycan tərəfindən atəşkəs rejiminin pozulması provokasiya”, hər il 20 yanvar, fevralın sonunda Xocalı hadisələri, ermənilərin 24 apreldə “soyqırımı qurbanlarının anımı”, başqa bu kimi tarixlərə və XİN rəhbərləri və prezidentlər arasında gözlənilən görüşlər ərəfəsinə təsadüf etdiyi müşahidə olunduğunu qeyd edir.

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bəyanatında, “atəşkəs rejiminin pozulması Azərbaycanın məsuliyyətsiz və provokasiya siyasətinin təzahürü, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Paris görüşünü əngəlləmək cəhdi” kimi qiymətləndirib.