Əfqanıstanda dodağı və burnu doğranan qadın
Son illər ərzində Əfqanıstanda qadınların müdafiəsi məsələsinə daha çox diqqət verilsə də, hüquq müdafiəçilərinin sözlərinə görə, qadınlara qarşı zorakılıq hallarının sayı kəskin artıb.
Qadınlara qarşı bu yaxınlarda qeydə alınmış iki hadisə isə qəddarlığı ilə seçilib.
Əfqanıstanın Müstəqil İnsan Hüquqları Komissiyası 2013-cü ildə qadınlara qarşı zorakılıq hallarının ötən illə müqayisədə 24,7% artdığını bildirib.
Əfqan qadınları zorakılığa vaxtaşırı evdə ailə-məişət zəminində məruz qalırlar. Qadınlar əksər hallarda məhkəməyə müraciət etməyə ehtiyat edir, çünki onların təbirincə ədliyyə bu məsələyə kifayət dərəcədə diqqət ayırmır.
2010-cu ildə Talibanın nəzarəti altında olan şimal Kunduz vilayətində cütlük daşqalaq edilərək dəhşətli tərzdə edam olunmuşdu.
Qadınlarla daha 2 qəddar rəftar hadisəsi isə Əfqanıstanda son həftədə baş verib.
Belə ki, Kunduz vilayətində bir qadın daşqalaq olunmaqdan son anda xilas edilib, digər hadisədə isə tiryək almaq imkanı olmayan narkoman ər acığını arvadından çıxaraq, qadının dodağını və burnunu doğrayıb.
Daşqalaqdan xilas

Kunduz vilayətində qadın əri tərəfindən xəyanətdə ittiham olunduğundan daşqalaq ediləcəkdi, lakin son anda polis işə qarışaraq qadını Talibanın əlindən xilas edə bilib.
Bu hadisə qadının polis tərəfindən xilas edildiyinə görə əlamətdar sayılır, çünki Əfqan qadınları üçün belə bəxtli sonluq çox nadir hallarda baş verir.
Daşqalağa məhkum olunan qadın 2 gün Taliban zirzəmisinndə saxlanılmışdı. Lakin polis onun saxlandığı yerə hücum edərək ölümə məhkum edilmiş qadını xilas edə bildi.
Həmin Əfqan qadın başına gələnləri BBC-ə danışıb.
"Ərim məni boşadıqdan sonra, atamın evinə köçdüm. Ora isə hər gecə çağrılmamış qonaq kimi talibançılar gəlib, yeyib-içib gedirdilər, çünki ərazi Talibanın nəzarətində idi. Günlərin bir günü, digər kəndlilər kimi atam da cana doyaraq və talibançılara yemək və dəstəyə görə hökümət tərəfindən təqib olunacağndan ehtiyat edərək, talibançılara məsçidə sığınmağı məsləhət gördü. Bundan qəzəblənən yaraqlılar qisası məndən aldılar", qadın deyib.
Əfqanıstan DİN-in sözçüsü Sidiq Siddiq deyir ki, polis Talibanla 2 saat şiddətli döyüş apardıqdan sonra qadını xilas edə bilib. Polis qadını və onun 2 uşağını təhlükəsiz yerə köçürüb.
Xilas edilmiş qadın BBC-ə deyib ki,Talibana qarşı mübarizə aparmaq gücündə olmasa da, ərini məhkəməyə verməyə nail olmaq əzmindədir.
Sutarə: 11 yaşında nişanlanıb, 30 yaşında doğranıb

30 yaşlı Sutarə başına gələn əhvalatı BBC-ə xəstəxana çarpayısında yataraq danışıb.
Hadisə ölkənin qərbində yerləşən Herat vilayətində baş verib - narkoman əri ona bıcaqla hücum edərək dodağını və burnunu doğrayıb.
Sutarə hələ 11 yaşında olarkən gələcək ərilə nişanlaşıbmış.
Onun sözlərinə görə, İranda işlədiyi dövrdə əri tiryəkə qurşanıb.
Dekabrın 13-də isə narkoman əri tiryək almaq üçün arvadından zinyət əşyalarını tələb edib, lakin qadın bu tələbə rədd cavabı verib.
Qəzəblənmiş ər rədd cavabına görə arvadına hücum edərək başına daş və bıçaq zərbələri endirib.
Qadın huşunu itirib yıxıldıqdan sonra isə, bıçağı götürərək arvadının üst dodağını və burnunu doğrayıb.
Hadisə baş verən zaman Sutarənin yaşı 3-12 arasında olan 4 qız uşağı da evdə olublar.
Dəhşətli hadisədən sonra, uşaqlar ana tərəfdən nənələrigilə aparılıblar.
Əfqan rəsmilərinə görə, Sutarənin üzünü kəsib-doğradıqdan sonra əri aradan çıxıb və bugünədək axtarışdadır.
Əfqan rəsmiləri deyir ki, Sutarə müalicə üçün xaricə göndəriləcək, "lakin bu hadisənin digər bir məyusedici tərəfi onun uşaqlarına dəymiş mənəvi travma ilə bağlıdır ".
Bu arada müşahidəçilər qeyd olunan bu iki dəhşətli əhvalatın Əfqanıstanda qadınlara qarşı törədilən zorakılıqların yalnız cüzi bir hissəsi olduğunu qeyd edirlər.
Əfqanıstan parlamentinin qadın millət vəkili Fəxrəndə Zəhra Nadirinin sözlərinə görə, bucür vəziyyət zorakılıq hallarının araşdırılması zamanı ölkə qanunvericiliyinin daha çox kişilərin xeyrinə yozulması ilə bağlıdır.
Digər bir amil isə, ölkənin ədliyyə sistemində kişi kadrlarının əksəriyyət təşkil etməsidir, deputat vurğulayıb.




