Davutoğlu və Nalbandyan görüşləri barədə danışmayıblar

Yerevanda Ermənistan və Türkiyə xarici işlər nazirləri arasında keçən görüşdən sonra Edvard Nalbandyanla Ahmet Davutoğlu jurnalistlərin suallarına cavab verməkdən imtina ediblər.
Ermənistan Xarici İşlər Nazirliyi görüş barədə bəyanat verəcəyini bildirib.
Ermənistan paytaxtında keçən Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT) Təşkilatının XİN Şurasının (XİNŞ) başçıları forumuna qatılan Ahmet Davutoğlu ikitərəfli görüşlər keçirib.
Ermənistan və Türkiyə arasında 2009-cu ildən bəri ən yüksək səviyyəli görüşdən öncə aksiyaya qatılan erməni müxalifətçiləri Ankaraya güzəştə getməməyə səsləyiblər.
Etiraz
Yerevanda Daşnaksutyun və Ermənistan “Hnçak” Sosial-Demokrat partiyaların tələbə və gənclər təşkilatları üzvləri Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlunun gəlişi ilə bağlı etiraz aksiyası təşkil ediblər.
Ahmet Davutoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 29-cu sessiyasında iştirak etmək üçün Yerevana baş çəkib.
Sessiya keçirilən “Marriott-Armenia” hoteli qarşısında təxminən 30 nəfər “Etiraf”, “Qınama”, “Təzminat” şüarları ilə Türkiyə xarici işlər nazirini qarşılamağa toplaşmışdı.

"Biz Türkiyə xarici işlər nazirinin Ermənistanda beynəlxalq tədbirdə iştirak etməsinə etiraz etmirik. Biz soyqırımı törədən ölkənin yüksək vəzifəli rəsmisinə Ermənistanın və bütün erməni aləmin onun ölkəsinə tələbləri olduğunu xatırlatmaq istəyirik", Nikol Ağbalyan Daşnaksutyun gənclər birliyinin nümayəndəsi Gerasim Vardanyan BBC Azərbaycancanın müxbirinə deyib.
Onun fikrincə, Türkiyə hakimiyyəti "soyqırımın təxirə salmadan tanımasının zəruriliyini dərk etməsə, etiraf və kompensasiya üçün məsuliyyət onların gələcək nəsilləri üzərinə düşəcək".
“Aksiyanın məqsədi Türkiyəyə və beynəlxalq aləmə 1915-ci il Osmanlı Türkiyədə ermənilərin soyqırıma məruz qaldığını xatırlatmaq və təzminat ödənilməsi tələbini çatdırmaqdır”, - “Hnçak” Sosial-Demokrat Partiyası gənclər birliyinin nümayəndəsi Sarkis Txruni deyib.
Cənab Davutoğlu aksiya iştirakçıları ilə görüşməyib. O, iclas zalına otelin arxa qapısından daxil olub.
Toplantıdan sonra keçirilən mətbuat konfransında Edvard Nalbandyan bütün QDİƏT üzvü olkə nümayəndə heyətlərinin başçıları ilə görüşlər nəzərdə tutulduğunu bildirib.

Mətbuat konfransında yalnız hazırda təşkilata sədrlik edən Ermənistan və sədrliyi gələn altı ay müddətinə qəbul edən Bolqarıstan xarici işlər nazirləri iştirak ediblər.
Azərbaycanı toplantıda XİN-in iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Şövqi Mehdizadə təmsil edir.



