Türkiyə yaxınlaşma "yol xəritəsi" Ermənistanda qalmaqala səbəb olub

Ermənistanın Türkiyəyə “təqdim etdiyi” tənzimləmə üzrə “yol xəritəsi”ndə “ərazi iddiaları” və “kompensasiyaların” qeyd olunmaması mübahisələrə səbəb olub.
Mövzu ətrafında müzakirələr nüfulzu Aravot qəzetindəki məqalədən sonra başlayıb.
Qəzet adının məxfi saxlanıldığı erməni diplomatından aldığı məlumata əsasən yazır ki, dekabrın 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının iclasında iştirak etmək üçün Yerevana baş çəkməyə hazırlaşan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluya 10 gün əvvəl iki ölkə arasında münasibətlərin tənzimlənməsini nəzərdə tutan “yol xəritəsi” təqdim olunub.
Bir çox KİV-lərdə dərc edilmiş məqaləni şərh edən Ermənistan XİN nümayəndəsi Tiqran Balayan Ermənistanın Türkiyə ilə münasibətlərinin tənzimlənməsi üzrə mövqeyinin dəyişməz qaldığını bildirib.
Aravot qəzetinə əsasən, “yol xəritəsi” müddəadan ibarətdir:
- "Türkiyə açıq şəkildə erməni soyqırımı faktı və məsuliyyətini tanımalı və bütün dünya erməniləri qarşısında günahını etiraf etməlidir
- Dərhal Ermənistanla sərhədi açmalı və diplomatik münasibətləri bərpa etməlidir
- Bundan sonra Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində sülhməramlı fəaliyyətə qatılaraq, hərbi ritorika üzərində nəzarət, sərhədyanı insidentlərin qarşısının alınması, snayperlərin geri çəkilməsi və cəmiyyətlərin sülhə hazırlaşdırılması üzrə ictimai proqramların həyata keçirilməsində iştirak etmək ixtiyarı alır
“Ehtimal olunur ki, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Yerevana səfəri çərçivəsində onun Ermənistan xarici işlər naziri Edvard Nalbandyana Ermənistan tərəfindən irəli sürülən “yol xəritəsinə” dair rəsmi Ankaranın mövqeyini çatdırmaq imkanı olacaq”, - qəzet yazır.
Türkiyə-Ermənistan arasında yaxınlaşma üzrə siyasətin tənqidçiləri hesab edirlər ki, sənəddə “ərazi iddiaları və soyqırım qurbanları”na kompensasiya məsələsi qeyd olunmayıb.
Dörd il bundan əvvəl Türkiyə ilə Ermənistan arasında İsveçrə vasitəçilyilə aparılan yaxınlaşma prosesi nəticəsiz başa çatıb.
Yerevana səfərdən öncə Türkiyənın xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla Türkiyə arasında münasibətlərin bərpa olunmasını və sərhədlərin açılmasını nəzərdə tutan 2009-cu ildə imzalanmış iki protokolun təsdiqlənməsinə Ermənistanla Azərbaycan arasında həll olunmayan Qarabağ münaqişəsinin əngəl olduğunu deyib.
Əsas iddialar nəzərə alınmayıb
Aravot qəzetində dərc edilən Yerevanın Türkiyəyə dair üç bənddən ibarət iddiaları cəmiyyətdə birmənalı qarşılanmayıb.
Bəzi yerli təhlilçilər Ermənistanın 2015-ci ildə qeyd ediləcək "soyqırımın 100-illiyi ərəfəsində xaincəsinə Qərbi Ermənistan [Osmanlı İmperiyasının şərq bölgələri] ərazilərinə iddiadan imtina” etdiyini qeyd edirlər.
Lragir.am “yol xəritəsinin” müddəaları sırasında Ermənistanın Türkiyəyə əsas kompensasiya və əraziyə dair tələblərinin yer almadığını qeyd edir.
“Belə çıxır ki, Türkiyə heç bir itkisiz iki başağrısından - soyqırımın tanımasından və Ermənistanı təcrid etməkdən azad olur və rəsmən Azərbaycanın müdafiəçisi olur. Onun üçün bundan yaxşı şey fikirləşib tapmaq olmazdı”, - müəllif yazır.
“Moskvanın əli”
Bu il sentyabrın 3-də Rusiya ilə Gömrük İttifaqına daxil olduğunu elan etməzdən Yerevan Avropaya inteqrasiya kontekstində son illər Türkiyəyə ərazi iddiaları və Azərbaycanla Qarabağ məsələsində status-kvonun qorunub saxlanmasını bəyan edirdi.
Lragir.am yazır ki, “öz mənafeyini düşünən dövlət öz xoşu ilə 100-illik düşməninə belə hədiyyə edə bilməzdi. Belə təklif Türkiyədən irəli gələ bilərdi, və yəqin ki, Ankara Moskvanın vasitəsilə onu Ermənistana ötürüb. Rusiya isə, 2009-cu ildə olduğu kimi, “xahiş edib” ki, Yerevan bunu öz təşəbbüsü kimi təqdim etsin”.
“Türkiyə şıltaqlıq etsə də ki, guya bu şərtlər onu qane etmir, əslində Rusiyaya hədsiz minnətdar olacaq. Və bu minnətdarlığın qiyməti çox böyük ola bilər – boru kəməri və ya silah sifarişi şəklində”, - Lragir.am yazır.
Etiraz
Bu arada Daşnaksutyun Partiyası tələbə və gənclər birliyi Yerevanda Türkiyə xarici işlər nazirini etiraz aksiyası ilə qarşılamağa hazırlaşdığını bəyan edib.
“Biz Türkiyəyə və dünya birliyinə soyqırımın etiraf etməsini və kompensasiya tələbimizi xatırlatmaq istəyirik. Bizi bu aksiyamızla genosidə - STOP, inkara – STOP, tarixin təhrif olunmasına - STOP, ədalətsizliyə - STOP, deyə etiraz edirik”.
“Biz Türkiyəyə xatırlatmaq istəyirik ki, Ermənistanın və bütün erməni aləmin ona tələbləri vardır və Türkiyə hakimiyyəti soyqırımın təxirə salınmadan tanınması zəruriliyini dərk etməyincə, biz etiraf və kompensasiya üçün məsuliyyəti onların gələcək nəsilləri üzərində saxlayırıq”, - bəyanatda deyilir.




