Davutoğlunun Yerevanda Qarabağı müzakirə edəcəyi ehtimal olunur

- Müəllif, Aleksey Manvelyan
- Vəzifə, Yerevan, BBC Azərbaycanca
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Yerevanda ermənistanlı həmkarı ilə iki ölkə arasında münasibətlərin və Qarabağ münaqişəsinin sahmana salınması məsələsinin müzakirə ediləcəyi ehtimal olunur.
Bu, 2008-ci ildən bəri ilk yüksək vəzifəli Türkiyə rəsmisinin Ermənistana səfəridir və səfər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə həyata keçirilir.
2008-ci ildə Türkiyənin prezidenti Abdulla Gül Yerevanda Serj Sarkisyanla birlikdə iki ölkə milli futbol komandaları arasında oyuna tamaşa ediblər.
Cümə axşamı Yerevanda QDİƏT XİN Şurasının növbəti iclası öz işinə başlayacaq və artıq Türkiyə XİN rəhbəri Davutoğlunun və Azərbaycan XİN nümayəndəsinin iclasda iştirak edəcəkləri bəyan edilib.
Qara dəniz hövzəsi ölkələri arasında iqtisadi əlaqələr mexanizmini təyin edən beynəlxalq QDİƏT iclasına bütün üzv və müşahidəçi statusuna malik ölkələr dəvət olunur.
Qiyabi söz davası
Türkiyə mətbuatı xarici işlər naziri Ahmet Davutoğlunun Ermənistana səfəri ərəfəsində bu ölkə ilə münasibətlərin normallaşdırımasına dair bir sıra bəyanatlarla çıxış etdiyini bidirir.
Davutoğlu Ermənistanla Türkiyə arasında münasibətlərin bərpa olunmasını və sərhədlərin açılmasını nəzərdə tutan 2009-cu ildə imzalanmış iki protokolun təsdiqlənməsinə Ermənistanla Azərbaycan arasında həll olunmayan Qarabağ münaqişəsinin maneə yaratdığını qeyd edib.
“Bizim tezislərimiz sadə və aydındır: Türkiyə ilə Ermənistan qonşu ölkələrdir və biz qonşumuzla xoş münasibətlərdə maraqlıyıq. Lakin bunun üçün qonşularımız Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünə hörmət etməlidirlər”, - Habertürk agentliyi Davutoğlunu iqtibas edir.
Hürriyet Daily News isə QDİƏT iclası çərçivəsində Türkiyə və Ermənistan siyasətçiləri arasında “çıxmaza düşmüş münasibətlərin normallaşdırılması prosesi ətrafında” fikir mübadiləsi aparılacağını ehtimal edir.
Rəsmi Yerevan iclasdan kənar Türkiyə nümayəndəsi ilə hər-hansı görüş keçiriləcəyini təsdiqləməyib.
Eyni zamanda xarici işlər nazirinin müavini Şavarş Koçaryan Türkiyə xarici işlər nazirinin bəyanatlarını olduqca sərt ifadələrlə şərh edib.
O, Armenpress agentliyinə müsahibəsində Davudoğlunun bəyanatlarını “bölgədə müsbət irəliləyişə ziyan vura bilən provakasiya” adlandıraraq deyib: “Yaxşı olardı ki, Türkiyə xarici siyasət idarəsinin rəhbəri fürsətdən istifadə edib soyqırımı xatirə abidəsinə baş çəkib, günahsız qurbanların xatirəsini sükutla yad etsin”.
“Türkiyə Ermənistanla münasibətlərin tənzimlənməsinə xidmət etmək istəyirsə, heç bir şərtsiz 2009-cu ildə imzalanmış protokolları ratifikasiya etməlidir. Və Türkiyə həqiqətən bölgə dovlətləri arasında sivil münasibətlərin bərpa edilməsini tezləşdirməyə çalışırsa, ilk növbədə Osmanlı imperiyasında erməni soyqırımı faktı tanımalı və özü bağladığı sərhədi açmalıdır”, - Koçaryan deyib.
Danışıqların lehinə və əleyhinə
Türkşünas Artak Şakaryan hesab edir ki, erməni tərəfi Davutoğlu ilə danışıqlar keçirməlidir və bu danışıqlar tam açıq, şəffaf və birbaşa yayım rejimində baş verməlidir.
Çünki, onun sözlərinə görə, görüş keçirilməsə də, Türkiyə tərəfi onun keçirildiyini, lakin məxfi rejimdə bəyan edəcək və beynəlxalq KİV-lərlə daha böyük əməkdaşlıq imkanları olan Türkiyə mediası “məxfi görüş” versiyasını irəli sürəcək.
“Canlı yayımda ikitərəfli görüşə razılıq vermək lazımdır və erməni tərəfi beynəlxalq aləmə dürüst mesajlar verməlidir ki, Türkiyənin mövqeyi ucbatından yaxın perspektivdə ikitərəfli görüşlər olmayacaq”, - Artak Şakaryan təklif edir.
Bununla, ekspertin fikrincə, Ermənistan Türkiyəyə öz planlarının həyata keçirməsinə mane olar.
“Türkiyə üçün bu, şoudur. Onlar göstərmək istəyirlər ki, Türkiyə dostyana addım atır, Ermənistanla münasibətləri sahmana salmaq istəyir, rəsmi və qeyri-rəsmi görüşlər keçirir, lakin erməni tərəfin Qarabağ məsələsində mövqeyinə görə proses yerindən tərpənmir”, - Şakaryan deyir.
Politoloq Yervand Bozoyan hesab edir ki, əksinə, QDİƏT XİN rəhbərlərinin Yerevan görüşü çərçivəsində erməni tərəfi cənab Davutoğlu ilə ikitərəfli görüşdən imtina etməlidir, çünki görüş zamanı müzakirə olunan məsələlərdən asılı olmayaraq, onun nəticələri yalnız Türkiyə tərəfi üçün faydalı olacaq.
Onun sözlərinə görə, Türkiyə beynəlxalq aləmdə Ermənistanla münasibətlərin sahmana salınması prosesinin davam etdiyi təsəvvürü yaratmağa və dünya birliyinin bu prosesə maneə olmamaq üçün erməni soyqırımının tanınmasını əngəlləməyə çalışır.
“Ermənistan kiçik ölkədir və Türkiyə siyasətinə yeganə təsir vasitəsi erməni soyqırımın beynəlxalq aləmdə tanınması prosesidir”, - deyir Bozoyan.
Bozoyan hesab edir ki, Serj Sarkisyan Türkiyə ilə münasibətlərin sahmana salınması təşəbbüsün müəllifliyini öz adına yazdığına görə, Ankara elə düşünüb ki, Ermənistan bunda da ha maraqlıdır və 2009-cu ildə protokolları imzaladıqdan sonra, sənədlərdə nəzərdə tutulmayan Qarabağ probleminin həlli məsələsini irəli sürməyə başlayıb.
“Biz qətilik nümayiş etdirsəydik, Ankara Azərbaycanın maraqlarına məhəl qoymazdı, çünki onun [Türkiyə] üçün öz beynəlxalq imici Azərbaycan qazından daha vacibdir”, - Bozoyan deyir.
Onun fikrincə, Türkiyə, "erməni soyqırımı"nın 100-illiyinin qeyd olunacağı 2015-ci ilədək Ermənistanla münasibətlərini sahmana salmaq təsəvvürü yaratmağa çalışacaq.
“Ondan sonra protokolları bir yana atıb, dünya birliyini Qarabağ məsələsi ilə fəal məşğul olmağa çağırmağa başlayacaq. Ermənistan ən azı Türkiyənin öz niyyətlərini həyata salmasına xidmət edən addımlardan çəkinməlidir”, - Bozoyan bəyan edir.




