Gülnarə Kərimova Twitter-də hücuma keçib

Gülnarə Kərimova
Şəklin alt yazısı, Gülnarə Kərimovanın maraqları Özbəkitsanda təzyiq altına düşüb.

"Özbək şahzadəsi" adlandırılan Gülnarə Kərimova həm müğənni kimi, həm də siyasi ambisiyalarına görə populyarlıq qazanıb.

Lakin gözlənilmədən onun başı üzərini qara buludların alması, "şahzadəni" Mərkəzi Asiyada ən sərt avtoritar rejimlərdən birinin mətbəxində xəlvət qaynayan siyasət qazanının qapağını bir qədər qaldırmağa sövq edib.

Media ilə rəftarı bacaran və son zamanlaradək atasına xələflik edəcəyi düşünülən xanım Kərimova Twitterdən istifadə edərək Özbəkistanın dövlət qurumları və yüksək rütbəli şəxslərinə qarşı hücuma keçib.

Kərimovanın bu gözlənilməz hərəkəti onun nüfüzunu məhdudlaşdırmaq cəhdlərinə cavab kimi görünur.

Məşhur Fransa aktyor Gerard Depardieu ilə çəkdirdiyi musiqili videoklip də daxil olmaqla bədii layihələr gerçəkləşdirən Gülnarə Kərimova eyni zamanda özünü qüdrətli biznes xanımı kimi də tanıdıb.

Özbəkistanın bir neçə TV və radio kanallarının "ipinin" Kərimovanın əlində olduğu güman edilir, həmin media vasitələri onun xeyriyyəçi və mədəniyyət qəyyumu kimi bir imicinin qurulması ilə məşğuldur.

Rəhbərlik etdiyi Fond Forum təşkilatı vasitəsilə Kərimova kütləvi toylardan başlayaraq hər il keçirilən StyleUz festivalınadək mütəmadi olaraq xeyriyyə tədbirləri təşkil edir.

İflas

Karimov
Şəklin alt yazısı, Prezident İslam Karimov

Lakin onun media sahəsində uğurlu irəliləyişi gözlənilmədən "divara dirəndi".

Ötən ay, xanım Kərimovaya yaxın bir neçə teleradio kanalının yayımı dayandırılıb. Bir media qrupun faəliyyəti maliyyə pozuntuları şübhəsi əsasında araşdırılmaqdadır.

Media məhdudiyyətləri Gülnarə Kərimovanın ən sevimli tədbiri olan StyleUz festivalına da mənfi təsir göstərib. Əvvəllər bu tədbirdə Jose Carreras və Sting kimi beynəlxalq miqyaslı ulduzlar iştirak edib və özbək mediası festivalı geniş işıqlandırıb.

Lakin bu ilki tədbirə dövlət mediası soyuq münasibət göstərib, insan haqları pozulan ölkədə konsert verməyə razılaşdığına görə tənqidlərə məruz qalmış müğənni Lara Fabian isə Kərimovanın tədbirində iştirakdan imtina edib.

Tədbirin təşkilatçısı, Kərimovanın rəhbərlik etdiyi Fund Forum qurumunun fəaliyyəti isə maliyyə müfəttişləri tərərfindən hazırda araşdırılmaqdadır..

Twitter gedişi

Cavab olaraq Kərimova Twitter-də hərəkətə keçərək xarici müşahidəçilər üçün bağlı bir ölkənin sərt nəzarət rejimi altında olan mediası üçün görünməmiş etiraflar dərc edib.

13 noyabr tarixli tvitində o, bağlanmış TV kanallardan birində gənclər studiyasında silahlı şəxslər tərəfindən axtarış aparıldığını xəbər verib.

"İnsanlar döyülüb, gəncləri qurama ittihamlarla qorxudublar", xanım Kərimova Twitterdə yazaraq əlavə edib ki, işçiləri təxribat törətməkdə və hökümət əleyhinə hisslər oyatmaqda ittiham edərək hədələyiblər.

Lakin prezident qızının ən təəcübblü şərhləri ölkənin Təhlükəsizlik Xidməti rəisi və nüfuzlu şəxs sayılan Rustam İnoyatov barədə olub.

Gülnarə Kərimova İnoyatovu ona qarşı düşmənçilikdə və ölkəyə rəhbərlik etmək iddiasında olmaqda ittiham edib.

Kərimova İnoyatovu eləcə də, onun prezidentliyə yolunu kəsməkdə və hədələməkdə də ittiham edib.

Kərimovanın yazdığı tvitə əsasən, İnoyatov xəbərdarlıq edib ki, "o sözə baxsa ona dəyilməyəcək".

Özbəkistan prezidentinin qızı Twtterdə yazıb ki, hətta Təhlükəsizlik Xidmətinin özünün belə əməkdaşlarına qarşı işgəncələr tətbiq olunaraq onlardan görmədikləri işlər, törətmədikləri əməllər barədə güc hesabına, döyə-döyə ifadələr "qoparırlar".

Hüquq müdafiəsi təşkilatları tərəfindən Özbəkistan hökümətinin ünvanına mütəmadi olaraq səsləndirilən məhbuslara işgəncə verilməsi barədə ittihamları rejim rəsmiləri həmişə təkzib edib.

Hakimiyyət uğrunda savaş

Müşahidəçilərə görə, Twitterdə president qızının açıqlamaları Özbək elitasında hakimiyyət uğrunda savaşın şiddətlənməsinlən xəbər verir.

Hamını maraqlandıran isə 75 yaşlı Özbək lideri İslam Kərimovu prezidentlik kürsüsündə kimin əvəzləyəcəyi sualıdır.

Uzun müddət idiki, Kərimova prezidentliyə əsas iddiaçı sayılırdı.

Lakin bir sıra hadisələr onun şanslarına mənfi təsir göstərdi.

Ötən il onun adı İsveç və İsveçrədə araşdırılan rüşvət və pul yuyulması qalmaqlı ilə bağlı hallandırıldı. Onun bir neçə yaxın tərəfdaşı bu işlə bağlı şübhəli sayıldı.

Bu il isə Kərimovanın Fransada mülkləri araşdırma predmetinə çevrilib.

Sentyabrda onun kiçik bacısı Lola Karimova-Tillyaeva BBC-ə “illərdir ki bacısı ilə danışmadığını” və ailədə parçalanmanın dərinə işlədiyini bildirdi.

Gülnarə Kərimova isə buna cavab olaraq bacısını və anasını “şamanlığa uymaqda” ittiham etdi, düşmənlərinin onun adını ləkələməyə çalışdığını Twitterdə yazdı.

'Cəhənnəm müsibəti'

Kərimova onu təqib edən dairələrin rəhbərlik etdiyi Fond Forumunu bağlamağa cəhd göstərdiklərini və ona qarşı neqativ faktlar topladıqlarını yazıb.

Vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətini boğmaqda ad qazanan Özbəkistanda Gülnarə Kərimova qədər nüfuzlu şəxsin QHT-lərin müdafiəsinə qalxması da təəccüb doğurandır.

Belə ki, noyabrın 7-də Gülnarə Kərimova Twitterində yazıb: “Ölkədə belə şərait olduğu halda, hansı QHT fəaliyyət göstərə bilər? Yalnız sözə baxan və susan?”

Gülnarə Kərimova eləcə də, onu zəhərləndirmək cəhdi göstərilməsindən də yazıb. Dediyinə görə, o, indiyədək tibbi müalicə almaqdadır.

Gülnarə Kərimova prezident olmaq iddiasından uzaq durduğunu da qeyd edib.

Onun yazdığına görə, bu “cəhənnəm müsibətilə” dolu vəzifə onu maraqlandırmır.

Son twitində isə, Kərimova etiraf edib ki, “daha danışmaq istəmir və ölkəni tərk etmək arzusundadır”.

Bu yazının hazırlanmasında Johannes Dell, BBC Özbəkcə və BBC Monitoring iştirak edib.