Olimpiada ərəfəsində Soçi otellərindəki yerlərin az qala hamısı tutulub

Soçi - Olimpiya stadionlarından biri

2014-cü il Qış Olimpiya oyunları ərəfəsində idman obyektlərinin yaxınlığında yerləşən demək olar ki, bütün otellərdəki yerlər Soçi 2014 təşkilat komitəsi tərəfindən alınıb və oyunların keçəcək günlərdə nömrə tutmaq artıq mümkün deyil, Rusiyanın “Vedomosti” qəzeti məlumat verir.

BBC Rus xidmətinin müraciət etdiyi bir neçə oteldə boş nömrələrin qalmadığını deyiblər.

Təşkilat komitəsi 2-5 ulduzlu otellərdə beynəlxalq və yerli Olimpiya Komitələrinin rəsmiləri, idman qurumlarının nümayəndələri və media təmsilçilərinin akkreditasiyası üçün nömrə fondunun bir hissəsini öncədən sifariş edib, Vedomosti qəzeti bildirir.

Yarışları izləmək arzusunda olanlar hələ ki, kiçik otellər, kruiz gəmilər və fərdi evlərdə otaq tutmaq imkanına malikdirlər.

Ən populyar idman yarışlarına da biletlərin demək olar ki, hamısı alınıb.

Satış şəbəkəsində yüksək qiymətli paket təkliflərilə yanaşı daha az populyar oyun növlərinə biletlər qalıb.

“İctimai rəy” təşkilatının keçirdiyi sorğu iştirakçılarının 35 faizi Soçi Olimpiadasında iştirak etmək istəmədəyini bildirib.

Oyunları izləmək istədiyini 61 faiz vurğulayıb. Lakin bunlardan yalnız 7 faiz Soçiyə getmək imkanına malik olduğunu deyib.

Rusiyalıların üçdə ikisi Soçidə yarışların keçirilməsi ideasını dəstəkləyib və yalnız 12 faiz bu seçimin əleyhinə olduğunu bildirib.