Putin: "Seksual yöndən asılı olmayaraq Soçidə hamı özünü rahat hiss edəcək"

Putin və Bach

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Putin seksual azlıqların hüquqlarının təmin olunacağını bildirib.

Rusiya prezidenti Vladimir Putin Soçidə Qış Olimpiadası keçiriləcək dövrdə seksual azlıqların narahatlığı üçün heç bir əsasın olmayacağını bildirib.

Rusiya prezidenti bu fikri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) başçısı Thomas Bach ilə görüşü zamanı söyləyib.

Bundan əvvəl Rusiya həddi buluğa çatmamış yeniyetmələr arasında "homoseksual təbliğatı" qadağan edən qanunu qəbul etdiyinə görə tənqid edilmişdi.

"Biz əlimizdən gələni edəcəyik ki, etnik, irqi və seksual təmayülündən asılı olmayaraq idmançılar, azarkeşlər və qonaqlar Olimpiya Oyunları dövründə heç bir narahatlıq hiss etməsinnlər. Mən bunu xüsusilə vurğulamaq istərdim", Vladimir Putin BOK başçısı Thomas Bach ilə görüşü zamanı bildirib.

Lakin LGBT qrupları fəalları Rusiyaya kifayət qədər təzyiq göstərilmədiyinə görə Beynəlxalq Olimpiya Komitəsini tənqid ediblər.

Səfəri zamanı Thomas Bach Rusiyada qəbul olunmuş "homoseksual təbliğatı" qadağan edən yeni qanun məsələsinə toxunmayıb və diqqətini əsasən Rusiyanın Olimpiadaya hazırlığı mövzusunda cəmləşdirmişdi.

"Biz tam əminik ki, oyunlar yüksək səviyyədə keçiriləcək", BOK başçısı Thomas Bach bildirib.