Nikol Paşinyan: "Laçın dəhlizinin açılması üçün ... beynəlxalq təzyiq göstərilməlidir"

Laçın dəhlizi

Şəklin mənbəyi, AFP

Ermənistan Laçın dəhlizinin açılması üçün diplomatik vasitələrdən istifadə etməlidir. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanda keçirdiyi mətbuat konfransında deyib.

"Ermənistan Respublikası hökumətinin mövqeləri ifadə olunub və hesab edirik ki, bizim alətlərimiz diplomatik olmalıdır, yəni Laçın dəhlizinin açılması üçün maksimum mümkün beynəlxalq təzyiq göstərilməlidir", - Paşinyan bildirib.

Bakıda Laçın yolunun blokada olunmadığını deyirlər. Çərşənbə axşamı günü bu mövzunu Azərbaycan Prezidenti şərh edib.

"Laçın Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq insafsızlıqdır", - yerli televiziya kanallarına müsahibə verən İlham Əliyev deyib.

"Bizim məqsədimiz blokada deyil. Qırmızı Xaç neçə dəfə müraciət edibsə, icazə verilib. Ona görə, bu sadəcə olaraq növbəti antiazərbaycan şousudur. Buna başqa ad mən verə bilmərəm".

Paşinyan

Şəklin mənbəyi, Armenpress

Azərbaycanın bəzi ictimai təşkilat nümayəndələri dekabrın 12-dən bəri Şuşadan Xankəndiyə gedən yolda çadır qurub Azərbaycanın nəzarətində olmayan ərazilərində filiz yataqlarının istismarına etiraz edirlər.

Rəsmi Bakı yolun humanitar məqsədlər üçün açıq olduğunu bəyan edərək bu yoldan Rusiya sülhməramlılarının intensiv istifadə etdiyini, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinin də bir neçə dəfə Xankəndiyə gedib-gəldiyini bildirib.

O, yanvarın 10-na kimi yol açılmasa, Ermənistanın KTMT və MDB-dən çıxacağı ilə bağlı guya Rusiyaya ultimatum verdiyi barədə iddiaları şərh edərkən deyib ki, həmkarları ilə ultimatum dilində danışmağı lazım bilmir.

"Bu vəziyyətlə bağlı dediklərimiz artıq ictimaiyyətə açıqlanıb və əlavə ediləcək heç nə yoxdur. Laçın dəhlizinin bağlanması faktına da ictimai qiymət verilib", - deyə Baş nazir qeyd edib.

İlham Əliyev

Şəklin mənbəyi, Azertag

"Məncə, Laçın dəhlizində baş verənlər ilk növbədə Dağlıq Qarabağ əhalisinin, Dağlıq Qarabağ ermənilərinin öz vətənlərində yaşamaq istəyini qırmağa hesablanıb. Bu, məsələnin ən mühüm kontekstidir".

Azərbaycanın nəzarətində olmayan bölgədə yaşayan erməni əhali ərazini "Dağlıq Qarabağ" adlandırır. Azərbaycan isə "Dağlıq Qarabağ" adlı inzibati ərazinin mövcud olmadığını və bu ərazilərin Qarabağ iqtisadi zonasına daxil edildiyini bəyan edib.

Azərbaycan yerli ermənilərin hüquqlarının təmin olunacağını bildirir.

Çərşənbə axşamı günü Bakıda jurnalistlərə müsahibə verən İlham Əliyev deyib ki, "Azərbaycan bayrağı altında" yaşamaq istəyənlər üçün bütün şərait yaradılacaq və "Azərbaycan vətəndaşları kimi" onların hüquqları da, təhlükəsizliyi də təmin ediləcək. Amma vətəndaş olmaq istəməyənlər gedə bilərlər.

"Kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır, gedə bilərlər", - İlham Əliyev deyib.

Nikol Paşinyan mətbuat konfransında əlavə edib ki, bu məsələ BMT-də qaldırılıb və üçtərəfli bəyanata əsasən, Laçın dəhlizinin normal fəaliyyətini Rusiya sülhməramlıları təmin etməlidir.

Separatçı "Dağlıq Qarabağ Respublikasının rəhbərliyi" Azərbaycanın Laçın dəhlizini bağladığını və bunun bölgədə humanitar böhran yaratdığını iddia edir.

Rəsmi Bakı bu iddiaları rədd edir.

Ermənistanda KTMT-nin "təlimləri keçirilməyəcək"

Nikol Paşinyan həmçinin deyib ki, bu il Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı bölmələrinin birgə təlimləri keçirilməyəcək.

"Ermənistan Respublikasının müdafiə naziri artıq KTMT-nin Birgə Qərargahını yazılı şəkildə məlumatlandırıb ki, hazırkı vəziyyətdə Ermənistan Respublikası ərazisində belə hərbi təlimlərin keçirilməsini məqsədəuyğun hesab etmirik".

Nikol Paşinyanın bəyanatına Moskvada reaksiya veriblər. Çərşənbə axşamı günü Kremlin sözçüsü Dmitri Peskov Yerevanda səslənən bəyanatın aydınlaşdırılmasına ehtiyac olduğu üçün təşkilat üzvlərinin Yerevanla əlaqə saxlayacağını bildirib.