"Bir-birimizə bənzər xalqlarıq" - Türkiyə-Ermənistan sərhədləri "6 aya" açıla bilər

Şəklin mənbəyi, Getty Images
- Müəllif, İlhamə Qasımlı
- Vəzifə, Ankaradan BBC Azərbaycanca üçün
Professor Toros Alcan İstanbulda yerləşən özəl diş klinikasının sahibi olmaqla yanaşı, həm də Türkiyədəki erməni icmasının liderlərindəndir. Ötən həftə Türkiyə və Ermənistan rəsmilərinin iki ölkə arasında münasibətlərin normallaşması prosesinə başladıqlarını açıqlaması sərhəddin hər iki tərəfində onun kimi düşünənlərdə sabit gələcəyə ümidlər yaradıb.
"Artıq şiddətlə, savaşla bu işin həll olunmayacağını, münaqişənin davamının hər iki ölkəyə zərər verdiyini görməlidirlər. Yumşaq desək, həm iqtisadi, həm də insan itkilərimiz olur. Həqiqətən mühit narahat bir mühitə dönür. Halbuki ən yolagedən, ən bir-birinə bənzər cəmiyyətlərik", professor Alcan BBC News Azərbaycancaya müsahibəsində bildirib.
Onun rəhbərlik etdiyi Tıbrevank Fondu ermənicə təhsil proqramının icra ediliyi Surp Haç Tıbrevank Ermeni Lisesini maliyyələşdirir.

Şəklin mənbəyi, Toros Alcan
O, yolların açılmasını dəstəklədiyini deyir: "Bütün yolların açılması, birinin Bakıdan qatara minib Naxçıvana gəlməsi, Yerevandan minib şimaldan Gəncə üzərindən Rusiyaya, Gürcüstana getməsi…Buranın bir sülh adası olmasını istərdim. Çünki başqa şəkildə məcburiyyət olur. Məcburi qərarlarla diplomatik görüşlər də irəliləmir. Çünki Azərbaycan xalqı haqlı olaraq dedi ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkilməsə, biz buna razı olmarıq.
Qarabağdakı ermənilərin də, Ermənistandakı insanların da razı olacağı, onların şərəfli bir şəkildə həyatlarını yaşamaları üçün mühit yaradılmalıdır".
"Mən İstanbuldan Qarsa gedə bilirəm, amma Ermənistana, Bakıya gedə bilmirəm. Bu qədər yaxın olub, bu qədər uzaq olmaq mənə tragikomediya kimi görünür. Biz də bunları geridə buraxıb ədalətli mühit yaratmalıyıq", deyə türkiyəli erməni professor əlavə edir.

Şəklin mənbəyi, Getty Images
28 ildir ki, bağlı olan sərhədlərinin açılması və diplomatik əlaqələrin qurulması ilə bağlı danışıqları başlatmaq üçün ötən həftə Türkiyə və Ermənistan Xüsusi Təmsilçilərini təyin ediblər.
Münasibətlərin bərpasında irəliyə doğru atılmış bu addıma baxmayaraq, təhlilçilərə görə, iki ölkə arasında həll edilməli olan mürəkkəb məsələlər var.
Ağrı dağı məsələsi
"Türkiyə-Ermənistan əlaqələri Türkiyənin, məsələn, Birləşmiş Ərəb Əmirlikləri, ya da Qatarla və ya Rusiya ilə əlaqələrinə bənzəmir. Türkiyə-Ermənistan əlaqələri çox özəl, tarixi keçmişi olan problemdir", təcrübəli diplomat Ümit Yardım BBC News Azərbaycancaya müsahibəsində deyib.
Cənab Yardım 2010-2016-ci illərdə müvafiq olaraq, İran və Rusiyada Türkiyənin səfiri olub. O, 2019-cu ildə təqaüdə çıxdıqdan sonra Gələcək partiyasının lideri Ahmet Davutoğlunun xarici siyasət üzrə məsləhətçisidir.

Şəklin mənbəyi, Getty Images
Ümit Yardım hesab edir ki, danışıqlarda sülh və dostluq şəraitinin yaranması üçün Ermənistanın Konstitusiya və Müstəqillik Aktında Türkiyədən "düşmən ölkə olaraq bəhs edilməsi" məsələsi üzərində "ciddi dayanılmalıdır".
"Bu sənədlərdə (Ermənistan Konstitusiyası və Müstəqilik Aktı) Türkiyəni düşmən ölkə olaraq və Ağrı Dağını Qərbi Ermənistan ərazisi kimi görürlər. Biz, Türkiyə olaraq, Ermənistanı keçmiş Revan xanlığı bölgəsi kimi qəbul edib konstitusiyamıza qoysaq, Ermənistan bu masaya gələrmi? Ya da biz "dünyada 30 ölkə keçmiş türk imperatorluğunun bir hissəsidir" deyib konstitusiyamıza yazsaq, belə bir danışıqlar ola bilərmi?", keçmiş səfir Ümit Yardım indiki şərtlər çərçivəsində Ankara-Yerevan məsləhətləşmələrinin hüquqi tərəflərinə diqqət yönəldib.
Ümit Yardıma görə, "çox problemli bölgə olduğu üçün istənilən siyasi oyunçu bütün proseslərə mənfi təsiri ola biləcək addımlar ata bilər".
O, diqqəti İran və Rusiyanın Azərbaycan və Gürcüstanla problemli əlaqələrinin olmasına yönəldib.
"Heç bir şəkildə vəziyyət, sadəcə, Türkiyənin və Ermənistanın iradəsindən asılı deyil", deyib Ümit Yardım.
Onun fikrincə, xarici faktorlarla yanaşı ölkələrdəki daxili faktorlar da bu danışıqların yönünə təsir edə bilər. Bu zaman o, 1999-cu ilin oktyabrında Ermənistan parlamentinə edilmiş silahlı hücumu xatırladıb.
"Paşinyan ideoloji lider deyil. İstənilən vaxt başqa birisi ortaya çıxa bilər. Ermənistanın siyasi tarixində parlamentlərinə hücum edib, spiker Karen Demirçiyanı qətlə yetirdilər. Ermənistanda demokratiya mədəniyyəti yoxdur təzyiq mədəniyyəti var. Hələ Türkiyə kimi bir ölkədən söhbət gedərsə, bu siyasi təzyiqlər daha fərqli şəkildə ortaya çıxa bilər", deyə cənab Yardım danışıqlar prosesinə qarşı olan qrupların mümkün təzyiqlərinin ola biləcəyini də istisna etməyib.
"Əngəl yoxdur"
1997-ci iin mayında yaradılmış Türk-Erməni Biznes Şurası iqtisadi əlaqələrin qurulması üçün fəaliyyət göstərib.
Şuranın təmsilçisi Noyan Soyaka görə, 2020-ci ilin sentyabr ayında baş verən müharibə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və daha sonra Rusiyanın rəhbərliyi ilə əldə olunan atəşkəs razılaşması ilə "Qarabağ problemi xeyli dərəcədə aradan qalxdı".
"Bu da Türkiyə-Ermənistan əlaqələrinin normallaşması önündə artıq bir əngəlin qalmadığı kimi şərh oluna bilər", Noyan Soyak BBC News Azərbaycancaya müsahibəsində deyib.
O bildirib ki, mövcud şərtlər Cənubi Qafqaz regionunda "sülh, sabitlik və firavanlığa nail olmaq üçün çox ruhlandırıcıdır".
"Bu prosesdən gözləntimiz, təbii ki, diplomatik münasibətlərin və qarşılıqlı normal qonşuluq münasibətlərinin qurulması, dünyada çox az nümunə olan qapalı sərhədlərin açılmasıdır. Bu təşəbbüs, regionda sülh və əməkdaşlığa yol açan bir addım ola biləcək", Türk-Erməni Biznes Şurasının nümayəndəsi Noyan Soyak iş adamlarının danışıqlara marağını şərh edib.
"6 aya sərhədlər açıla bilər"
"İlk görüşləri dəyərləndirəndə, proses çox sürətli irəliləyir. Mənim təxminim ilk 6 ay içərisində bəzi məsələlər dəqiqləşə, sərhədlər açıla, Zəngəzur dəhlizi ilə bağlı tablo aydınlaşa, dəmir yolu və quru yolların marşrutları dəqiqləşdirilə bilər", hakim AKP təmsilcisi Şamil Ayrım BBC News Azərbaycancaya müsahibəsində təmaslarda hazırki vəziyyəti şərh edərkən deyib.
"Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması, öncəki normallaşma cəhdlərindən fərqli olaraq bu dəfə prosesə Azərbaycanın da razı olmasına və regionda yeni balanslar formalaşdırılmasına imkan verib", deyə Şamil Ayrım, əvvəlki normallaşma cəhdləri ilə indikinin müqayisəsinin doğri olmadığına diqqət yönəldib.
"Burada Rusiyanın, Türkiyənin üzərinə çox önəmli vəzifələr düşür. Azərbaycan, onsuz da üzərinə düşən vəzifəni yerinə yetirir. Burada İranın mövqeyi çox önəmlidir. İran da bu prosesə çox isti baxır", - deputat bildirib.
Xüsusi təmsilçilər
Professor Alcan hesab edir ki, xalqlar özünü "şərəfsiz hiss etməyəcəkləri - , hüzurlu hiss edə biləcəkləri gələcək görsələr, bu işlər (münaqişə-red.) unudular, eyni ilə Almaniya-Fransa, Almaniya-İtaliya, Almaniya-İngiltərə kimi sülh coğrafiyasına çevrilə bilər. Halbuki İkinci Dünya müharibəsi zamanı Almaniya bu ölkələrlə vəhşi müharibə etmişdi".
Türkiyə, daha əvvəl ölkənin Təhlükəsizlik Şurasının baş katibi və ABŞ-dakı Səfiri olmuş cənab Serdar Kılıcı Xüsusi Təmsilçi təyin edib.
Ermənistan parlamentinin vitse-spikeri cənab Ruben Rubinyan isə bu danışıqlarda rəsmi Yerevanı təmsil edəcək.
Xüsusi təmsilçilər normallaşma üçün yol xəritəsini hazırlamalı, müddəalar razılaşdırıldığı təqdirdə, 2009-cu ildə imzalanmış protokollara bənzər anlaşmaların müzakirə ediləcəyi gözlənilir.
2009-cu ilin sentyabrında Türkiyə və Ermənistan hökumətləri normallaşdırma yönündə ilk, amma uğursuz cəhdlərini etmişdi. "Futbol diplomatiyası" çətiri altında aparılan bu prosesdə o zamankı Prezident Abdullah Gül Yerevana, Prezident Serj Sarkisyan isə Bursaya gələrək, hər iki ölkənin milli futbol komandalarının oyununu birlikdə izləmişdilər. Daha sonra xarici işlər nazirləri Ahmet Davutoğlu və Edward Nalbandyan iki ölkə arasında diplomatik əlaqələrin təsisi və ikitərəfli əlaqələrin inkişafını nəzərdə tutan protokol imzaladılar.

Şəklin mənbəyi, Getty Images/AFP
Lakin Azərbaycanın, ərazilərinin işğalı davam etdiyi müddətdə Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üçün addımlar atmasına sərt reaksiya verməsi və Ermənistanın radikal millətçi qruplarının ölkə rəhbərliyinə təzyiqi nəticəsində protokollar qüvvəyə minməmiş və danışıqlar prosesi dayandırılmışdı.
2015-ci ilin aprelində Prezident Recep Tayyip Erdoğan və baş nazir Davutoğlu 1915-ci il hadisələrinin ildönümündə o dövrdə baş vermiş qətliamları "qeyri-insani hərəkət" və "kütləvi köçürülmə" adlandırmış, "hadisələr zamanı həyatını itirən məsum Osmanlı ermənilərini hörmətlə xatırlayır, nəvələrinə başsağlığı veririk" deyərək başsağlığı mesajları vermişdilər.
1915-ci ildə baş vermiş hadisələrdən ermənilər "soyqırım", Türkiyə tərəfi isə "kütləvi köçürülmə prosesi" termini ilə bəhs edir.
- Altılıq platforması: Məqsəd Azərbaycandan Mərkəzi Asiyaya yol açmaqdırmı?
- Müdafiə paktı, Zəngəzur koridoru, Naxçıvan-Qars dəmiryolu
- Azərbaycan və Türkiyə arasında işə düşən yeni saziş: Azərbaycanda türk malları ucuzlaşacaqmı?
- Qarabağ bir ildən sonra: münaqişə nə vaxt bitəcək və gələcəkdə nələr ola bilər?








