Qarabağda "atəşkəs pozulub, erməni əsgər həlak olub"

Qarabağda erməni əsgərləri

Şəklin mənbəyi, ARIS MESSINIS

Qarabağda atəşkəs rejiminin pozulduğu, bir erməni əsgərin öldüyü iddia edilib. Azərbaycan "irqi ayrı-seçkiliyə" görə Ermənistanı beynəlxalq məhkəməyə vermək niyyətindədir, Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib ki, Gorus-Qafan yolundakı son hadisələr göstərir ki, Ermənistan və Azərbaycan sərhədlərin delimitasiya və demarkasiya prosesinə tezliklə başlamalıdırlar,- bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Separatçı "Dağlıq Qarabağ Respublikası" iddia edir ki, Qarabağdakı Azərbaycan ordusu atəşkəsi pozub, "bir erməni hərbçisi həlak olub".

Separatçı qurumun "Dağlıq Qarabağ Müdafiə Ordusunun mətbuat xidməti" yaydığı məlumatda bildirir ki, cümə günü atəşkəsin pozulması nəticəsində "Qarabağ Müdafiə Ordusunun sıravi əsgəri" Vruyr Şahramanyan həlak olub.

Rusiya sülhməramlı missiyası və Azərbaycan Müdafiə Nazirliyi hələ ki, bu barədə hər hansı məlumat yaymayıb.

Hazırda həmin bölgəyə rus sülhməramlıları nəzarət edirlər. Azərbaycan nəzarəti altında olmayan bölgədə erməni hərbçilərinin olmasından narazıdır və Rusiyadan tələb edib ki, 10 noyabr üçtərəfli bəyanata əsasən, erməni hərbçiləri bölgədən çıxarılsın.

10 noyabr razılaşmasının dördüncü maddəsində deyilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.

Leyla Abdullayeva

Şəklin mənbəyi, AZertag

Azərbaycan Ermənistanı məhkəməyə verəcək

Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) "sistematik şəkildə" pozulmasına görə Ermənistanı "məhkəməyə" vermək niyyətindədir. Bundan əvvəl Ermənistan Azərbaycana qarşı bənzər iddia ilə BMT məhkəməsinə müraciət edib.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbərinə əsasən, Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı evlərindən "zorla qovulub", Azərbaycanın şəhərləri "tamamilə yer üzündən silinib".

"Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi," - Leyla Abdullayeva deyib.

Sentyabrın 16-da Ermənistan ICERD-in pozulması ilə bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

Ermənistanın iddia ərizəsində Azərbaycan "onilliklər ərzində" kütləvi qətllər, işgəncələr və irqi ayrı-seçkiliyin digər formalarında öz ifadəsini tapan pozuntularda ittiham olunur.

Bundan əvvəl Azərbaycan və Ermənistan bir-birlərinə qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər.

Mariya Zaxarova

Şəklin mənbəyi, RIA Novosti/Rusiya Xarici İşlər Nazirliyi

Moskva Bakı və Yerevandan təkliflərinə "tezliklə cavab" gözləyir

Moskva Bakı və Yerevana Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası prosesinə dair təkliflərini verib və "cavab gözləyir", Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən keçirilən brifinqdə deyib.

"Biz Ermənistanla Azərbaycan arasındakı sərhədin ayrı-ayrı hissələrində vəziyyəti yaxından izləyirik. Vəziyyətin, o cümlədən Vorotan kəndi yaxınlığındakı inkişafı bir daha Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və və daha sonra demarkasiya prosesinə tezliklə başlamağa ehtiyacın olduğunu təsdiq edir.

Rusiyanın bununla bağlı təklifləri həm Bakıya, həm də Yerevana təqdim edilib, biz gələcək kursun formalaşdırılması üçün tezliklə cavab gözləyirik", - Mariya Zaxarova deyib.

Bir neçə gündür ki, Ermənistanın Gorus-Qafan avtomobil yolunun Azərbaycandan keçən hissəsində İran nömrəli yük maşınları saxlanılır və onlardan rüsum tələb olunur.

İki gün öncə Azərbaycan polisi bu yolda İrandan gələn iki yük maşının sürücüsünü saxlayıb.

Azərbaycan Daxili İşlər Nazirliyi bu sürücülərin "Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçdiyini" bildirib.

Sputnik V vaksini

Şəklin mənbəyi, Alexander Demianchuk\TASS via Getty Images

Ümumdünya Səhiyyə Təşkilatı Rusiyanın "Sputnik-V" peyvəndinin təsdiq prosesini dayandırıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Pan Amerika Sağlamlıq Təşkilatının direktor köməkçisi Jarbas Barbosa sentyabrın 15-də bildirib ki, "Sputnik V" peyvəndinin istehsal olunduğu zavodlardan birində yoxlanış zamanı vaksinin GMP (beynəlxalq Yaxşı İstehsalat Praktikası standartı - red.) standartlarına uyğun olmadığı aşkar edilib və bundan sonra Sputnik-in təsdiqləmə prosesi dayandırılıb.

Onun sözlərinə görə, proses istehsalçılar lazımi tədbirləri görənə və yeni yoxlama aparanadək dayandırılıb.

ÜST-ün Sputnik vaksininin təsdiqi prosesi bu ilin yaz aylarından başlayıb və müddət bir neçə dəfə dəyişdirilib.

Daha öncə bildirilirdi ki, Avropa Dərman Agentliyi "Sputnik-V" vaksinini yoxlayarkən nə istehsal, nə də klinik cəhətdən problem aşkar etməmişdi.

ÜST mayın əvvəlində bu vaksinin təhlükəsizliyini iyun və ya iyul aylarının sonunda dəyərləndirə biləcəyinə ümid etdiyini bildirmişdi.

Azərbaycanda "Sputnik-V" vaksinin tətbiqinə bu il mayın 18-dən başlanılıb. Azərbaycan ilkin mərhələdə 300 min doza "Sputnik V" vaksinin alınmasına dair razılaşma imzalamışdı.

Azərbaycan hələ ki, bu vaksinin ölkədə tətbiqinin davam edib-etməyəcəyi barədə açıqlama verməyib.

Nikol Paşinyan

Şəklin mənbəyi, Mikhail Svetlov/Getty Images

Nikol Paşinyan Çayzəmi və Eyvazlı kəndlərinin adlarını niyə azərbaycanca deyir?

Ermənistan Baş naziri Nikol Paşinyan ölkə sərhəddinə yaxın Azərbaycan ərazisindəki "Eyvazlı" və "Çayzəmi" yaşayış məntəqələrinin adlarını nitqində azərbaycanca səsləndirməsinə görə tənqid olunub.

Nikol Paşinyan nitqində Azərbaycan yer adlarını işlətdiyini onunla izah edib ki, bu ərazilərin "Ermənistan Respublikası tərəfindən 2010-cu ildə qəbul olunmuş inzibati-ərazi bölgüsü haqqında qanuna əsasən özününkü hesab etdiyi ərazidən kənarda yerləşdiyi" ölkə vətəndaşlarına "aydın olsun".

O, 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin mövqelərinin Sovet İttifaqından varis alınmış sərhədlərlə uyğunlaşdırıldığını xatırladıb və bu prosesin "yeni hərbi gərginliyə yol verməmək məqsədi" daşıdığını bildirib.

Onun sözlərinə görə, sözügedən qanunda birmənalı qeyd olunur ki, "Şurnux və Vorotan kəndlərinin inzibati sərhədləri Ermənistan-Azərbaycan sərhədi ilə üst-üstə düşür".

"Və bu halda mən deməliyəm ki, bu reallıq, bu inzibati sərhəd Sovet İttifaqı zamanından qalır və sonradan dövlət sərhədinə çevrilmiş Sovet Ermənistanı və Sovet Azərbaycanı arasında olan sərhəddir. Bu reallıq əsas götürülüb. Eyni məntiqə görə də, Gorus-Qafan yolu iki yerdə Ermənistan Respublikası (və ya Sovet Ermənistanı) sərhədindən kənara çıxır. Və məhz bu səbəbdəndir ki, həmin yerlərdə məlum nişan və dayaq məntəqələri peyda olub," - Paşinyan qeyd edib.

Eyni zamanda Paşinyan qeyd edib ki, 2020-ci ilin dekabrında bu yolun Ermənistan Respublikasının tranzit yükləri və nəqliyyat vasitələri üçün maneəsiz istifadə olunması haqqında razılıq əldə edilib.

"Güman edirəm ki, razılaşmada xarici yüklər barədə qeyd olmadığına görə, mövcud vəziyyətdə Azərbaycan bu tədbirdən bizim 9 noyabr və 11 yanvar (2021-ci il) üçtərəfli bəyanatlarda Ermənistan Respublikası ərazisi üzərindən [...] dəhliz verilməsi haqqında heç bir söz olmadığına dair bəyanatımıza cavab kimi istifadə edir," - Paşinyan əlavə edib.

Paşinyan bir daha Ermənistanın Azərbaycanın qərb rayonları və Naxçıvanla birləşməsi üçün kommunikasiyaların açılmasına qarşı olmadığını bildirib. Lakin, onun sözlərinə görə, "xarici yüklər Ermənistan ərazisindən keçərkən MDB ölkələrin arasında nəqliyyat əlaqələrinin hüquqi-normativ bazasına əsasən, gömrük, pasport və başqa məntəqələrdən" keçməlidir.