Azərbaycanda 3-cü doza ilə peyvəndlənmə haqqında nə bilməli? 6 suala cavabda

Şəklin mənbəyi, Getty images
Həkimlər Azərbaycanda koronavirusun dominant variantına çevrilən Omicron ştamına qarşı gücləndirici (buster) dozasının alınmasını tövsiyə edirlər. Buster dozasını kim ala bilər, onun yan fəsadları barədə nə məlumdur və o, əvvəl alınan peyvənd növündənmi olmalıdır? BBC News Azərbaycancanın icmalında oxuyun.
Gücləndirici və ya buster dozası nədir?
Buster peyvəndin gücləndirici dozasıdır. O, müxtəlif infeksiyalara qarşı vaksinasiyada tətbiq olunur.
BBC təhlilinə görə, peyvəndlərin bir növ tədrisə oxşarlığı var. İmmunitet sistemi "oxuduqca" öz "savadını", yəni gücünü artırmış olur.
"Təhsilin" əsas məqsədi anticismlərdir. Bu, koronavirusun kənarına yapışan zülaldır. Neytrallaşdırıcı anticismlər virusu bir-birinə yapışdıra bilər ki, hüceyrələrə daxil olmanın qarşısını alır.
Burada ilk doza "ibtidai məktəbdir", yəni təməl biliklər verilir.
İkinci və üçüncü dozalar immun sistemi üçün orta məktəb və universitet təhsililə müqayisə oluna bilər.
Britaniyanın Nottingham Universitetinin virusoloqu, professor Jonathan Ball-a əsasən, peyvəndlər sayəsində "immun sistemi virusun təbiəti haqqında daha zəngin bilik və anlayış" əldə edir.
Üçüncü doza nə üçün lazımdır?
Bir sıra laboratoriya tədqiqatları və statistik məlumatlar göstərir ki, covid peyvəndinin iki dozası Omicron-a qarşı əhəmiyyətli dərəcədə az təsirli olur.
Çünki peyvənd alınandan bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi keçdikcə zəifləyə bilər.
Bunun üçün virusa qarşı mübarizə aparan bədənin anticisimlərini yenidən artırmaq üçün gücləndirici (buster) dozası tövsiyə olunur.
O, immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da müdafiə qabiliyyətini artırmağı hədəfləyir.
Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin yeni məlumatları göstərir ki, gücləndirici peyvənd dozası insanların Covid-19 ilə xəstəxanaya düşməsinin qarşısını almaqda 88 faiz effektivdir.

Şəklin mənbəyi, Getty images
Buster dozası nə vaxt alınmalıdır?
Azərbaycanda ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra buster dozası ilə vaksinasiya üçün müraciət edə bilərsiniz. İkinci dozadan 6 ay sonra buster vurdurmasanız, vaksinli statusunuz etibarsız sayıla bilər.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in yaydığı məlumatda deyilir.
Buster dozası əvvəl alınan peyvənd növündənmi olmalıdır?
Üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər.
Yəni, əvvəl aldığınız 2 dozadan asılı olmayaraq, bu dörd vaksindən birini seçə bilərsiniz - AstraZeneca/Vaxzevria, Pfizer, Sputnik V və ya CoronaVac.
Səhiyyə Nazirliyi BBC News Azərbaycancaya bildirib ki, üçüncü doza olaraq hansı vaksinin vurulmasında "seçim sərbəstdir və vətəndaşın özünə aiddir".
Üçüncü vaksinin yan fəsadları barədə nə məlumdur?
Bu suala cavab verərkən üçüncü dozanı ilk təklif edənlər arasında olan İsrailin təcrübəsinə istinad etmək olar.
Bu ölkənin Səhiyyə Nazirliyinə görə, 60 yaşdan yuxarı olan şəxslərdə vaksinasiyadan dərhal sonra yan fəsadlar nadir hallarda müşahidə olunub və onlar birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir.
Buraya o cümlədən qızdırma, üşütmə, baş və əzələ ağrıları daxildir.
Omicrona qarşı tam immunitet əldə etmək mümkündümü?

Şəklin mənbəyi, Getty images
Virusa qarşı immunitet demək olar ki, heç vaxt tam olmur, alimlər deyir.
Vaksinlər sayəsində immunitet sisteminin bütün tərkib elementləri daha təkmil işləyir, buna görə də buster gələcək ştamlara qarşı da üstünlük verir.
Bu, yalnız anticismlərin keyfiyyətinə aid deyil - gücləndirici və ya buster dozası onların miqdarını da artırır.
Bunun nə qədər davam edəcəyi məlum deyil. "Amma nə qədər çox peyvənd olunsanız, immunitet yaddaşı bir o qədər uzun sürəcək", - London İmperial Kollecindən professor Charles Bangham deyir.
Həmçinin oxuyun:








