Koronavirusun Britaniya ştammı nədir, nə qədər təhlükəlidir və özünü necə qorumalı? 6 suala cavabda

Şəklin mənbəyi, Getty Images
Azərbaycanda koronavirusun Britaniya ştammının aşkarlandığı təsdiqlənib. Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzi bildirir. Məlumata əsasən, Sars-Cov-2 virusunun yeni variantı üç nümunədə aşkarlanıb. Bəs görəsən, yeni ştamm barədə nə məlumdur?
Britaniya ştammı nə vaxt müəyyən olunub?
Britaniyada Sars-Cov-2 virusunun yeni variantı haqqında rəsmi açıqlama ötən ilin 14 dekabrında səslənib. Lakin ölkənin cənub-şərqində aşkarlanan VUI202012/01 (və yaxud da B.1.1.7 - red.) adlı yeni ştammın hələ sentyabr ayında nəzərə çarpdığı məlumdur. Dekabr ayında virusun sürətlə yayılması ölkə boyu karantin məhdudiyyətlərinin sərtləşdirilməsinə səbəb olub.
Yeni ştamm barədə nə məlumdur?
Viruslarda daim mutasiya baş verir və VOC202012/01 variantı da belə bir dəyişmə nəticəsində əmələ gələn yeni ştammdır. Mutasiya sayəsində onun yoluxma qabiliyyəti təxminən 50 faiz artmış olub, Britaniya hökumətinin rəsmi saytında deyilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndəsinə əsasən, yeni variant daha yoluxucu olsa da, törətdiyi xəstəliyin "öldürücülüyü" və xəstəliyin "ağırlığı nöqteyi-nəzərdən" əvvəlki ştammlardan fərqlənmir.
"Virusun başqa xüsusiyyətlərində - istər öldürücülük, istərsə də xəstəlik törədici qabiliyyətində elə bir fərq aşkar edilməyib. Mahiyyətcə COVID-19-dur, sadəcə dəyişikliyə uğrayıb," - TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov Report agentliyinə müsahibəsində deyib.

Şəklin mənbəyi, Getty Images
Koronavirusun daha hansı mutasiyaları mövcuddur?
İndiyədək virusun dəfələrlə mutasiyaya uğradığı məlumdur. İlk dəfə Çində aşkarlanan "orijinal koronavirus" dünyanın bir çox yerlərində yayılan növlərdən fərqlənir. Lakin mütəxəssislərin fikrincə, hazırda əsl təhlükə daha yoluxucu sayılan Britaniya, Cənubi Afrika və Braziliya ştammlarından irəli gəlir.
Britaniya hökumətinin rəsmi saytına əsasən, Cənubi Afrika variantında əmələ gələn mutasiya (E484K) immun sisteminin müdafiəsindən "müəyyən dərəcədə" yayınmağa qadirdir və bu da ictimai sağlamlıq üçün potensial narahatlıq mənbəsi sayılır.
Britaniya səhiyyə rəsmiləri, həmçinin mövcud vaksinlərə daha müqavimətli olduğu düşünülən Braziliya variantı ilə bağlı vəziyyəti nəzarət altında saxlamağa çalışırlar. Bu viruslar artıq bir sıra ölkələrə yayılıb.
Azərbaycanda olan vaksinlər yeni ştammlara qarşı effektivdirmi?
Akif Qurbanov bu suala birmənalı müsbət cavab verib: "Hazırda respublikamızda istifadə olunan Covid-19 əleyhinə vaksin bu ştammların törətdiyi xəstəlikdən də qoruyacaqdır, özü də yüksək effektli qoruyacaqdır".
Bu arada yeni koronavirus variantlarının peyvənd kampaniyasına törətdiyi təhlükə ilə bağlı narahatlıq izhar olunur. Fevral ayında keçirilən araşdırmanın ilkin nəticələri Oxford-AstraZeneca vaksininin Cənubi Afrika ştammının doğurduğu xəstəliyin mülayim formasına qarşı "minimal qoruma" verdiyini üzə çıxarıb.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri hesab edir ki, yeni ştammların yayılması ilə, son statistikada əks olunan irəliləyiş sona çatıb və rəqəmlərdə yenidən artım nəzərə çarpır. "Bu ştammlar xalqlarımız və tərəqqimiz üçün real təhlükədir,"- Rochelle Walensky deyib.
Onun sözlərinə görə, yeni ştammların yayılma səviyyəsi virusla "ağır mübarizədə" əldə edilmiş "üstünlüyü tamamilə" yoxa çıxara bilər.

Şəklin mənbəyi, Reuters
Britaniya ştammının törətdiyi xəstəliyin simptomları nədir?
Britaniya ştammına yoluxma vaxtı öskürək, aşırı yorğunluq, boğaz və əzələ ağrısı kimi simptomların yaşandığı bildirilir. Dad və iybilmə hissinin yoxa çıxması isə Çin variantı ilə müqayisədə daha az müşahidə olunub, 6 min xəstəyə aid statistik göstəricilərin təhlilinə əsaslanan Britaniya Milli Statistika İdarəsinin məlumatında deyilir.
İdarənin əməkdaşları Britaniya ştammına yoluxmanı təsdiqləyən testdən bir həftə əvvəl xəstəliyin əlamətlərini analiz ediblər. Daha sonra bu göstəricilər koronavirusun "orijinal" variantına yoluxanların simptomları ilə müqayisə olunub. Baş ağrısı, tənəffüs çətinliyi, ishal və qusma kimi əlamətlər arasında fərqin olmadığı deyilir.
Britaniyadakı Warwick Universitetinin virusoloqu, molekulyar onkologiya üzrə professor Lawrence Young-a əsasən, Uhanda aşkarlanan virusla müqayisədə Britaniya ştammında 23 dəyişiklik müəyyən edilib. "Virusun quruluşundakı müəyyən dəyişikliklər bədənin immun reaksiyasına təsir etməklə infeksiyanın səbəb olduğu simptomlarda əks oluna bilər".
Özünü necə qorumalı?
Mütəxəssislər indiyədək olduğu kimi, sosial məsafə, təmasların azaldılması və gigiyena tədbirlərini gözləməyi tövsiyə edirlər.
TƏBİB, həmçinin vaksinasiyadan keçməyə səsləyir. "Bizi bir qədər sakitləşdirən bir şey var ki, əhalinin müəyyən qismi peyvənd vasitəsilə immunitet qazanıb. Bütün insanlara tövsiyə edirəm ki, vaksin vurdursunlar, - Akif Qurbanov deyir. - Çünki peyvənddən başqa qoruyucu vasitəmiz yoxdur".
Ümümdünya Səhiyyə Təşkilatına (ÜST) əsasən, hazırda təsdiqlənmiş və ya hazırlanmaqda olan COVID-19 peyvəndlərinin yeni virus variantlarına qarşı müəyyən qoruma təmin etməsi gözlənilir. Buna görə, virusdakı dəyişikliklər və ya mutasiyalar peyvəndləri tamamilə təsirsiz hala gətirməməlidir. Bu peyvəndlərdən hər hansı birinin bir və ya bir neçə varianta qarşı daha az təsirli olduğu sübut edildiyi təqdirdə, bu variantlardan qorunmaq üçün peyvəndlərin tərkibini dəyişdirmək mümkün olacaq, ÜST bildirir.










