Hande Harmancı: "Azərbaycanda son bir ayda koronavirusa gündəlik yoluxma halları 10 dəfə artıb"

Şəklin mənbəyi, APA
ÜST rəsmisi söyləyib ki, tədbir görülməsə, sentyabrdan başlayaraq koronavurisa yoluxma yenidən arta bilər, Türkiyənin Qaradəniz bölgəsinə sel gəlib - daha ətraflı BBC News Azərbaycancanın icmalında
Sentyabrda koronavirusa yoluxma halları arta bilər- Hande Harmancı
Azərbaycanda son bir ayda koronavirusa gündəlik yoluxma halları 10 dəfə artıb, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
Hande Harmancı söyləyib ki, epidemioloji vəziyyətlə bağlı məhdudiyyətlərin yumşaldılması zamanı Covid-19 virusuna yoluxma hallarının artacağı təxmin edilib.
Onun sözlərinə görə, son bir ayda Azərbaycanda koronavirusa yoluxma sayında "sürətli artım" müşahidə olunur.
"Belə ki, bu müddətdə COVID-19-a gündəlik yeni yoluxma halları 10 dəfə artıb. Yoluxma halları hətta ikirəqəmli ədədlərlə ifadə olunurdu, hazırda isə 1000-dən çoxdur. Azərbaycanda hər gün təxminən 10 min civarında diaqnostik test icra olunur. Aparılan testlər arasında pozitiv nəticələrin payı 2 faizdən 13 faizə qədər artıb. Bu, o deməkdir ki, əhali arasında koronavirusla xəstələnənlərin sayı artır", - Azərtac Hande Harmancıya istinadən yazır.
ÜST rəsmisinə görə, əgər tədbir görülməsə, sentyabrdan başlayaraq yenidən gündəlik rəqəmlər yüksələ bilər.
"Havanın temperaturunun koronavirusun yayılmasına heç bir təsiri yoxdur," - deyə Hande Harmancı əlavə edir ki, payız mövsümündə hava soyuduqca vətəndaşlar qapalı məkanlara üz tutacaq, qapı-pəncərələr bağlanacaq və hava dövriyyəsi azalacaq: "Bütün bunların yoluxma hallarının artımına səbəb olduğu məlumdur".
Ötən gün Azərbaycanda koronavirusa 1736 yeni yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb. Ölkə ərazisində indiyədək ümumilikdə 355 minə yaxın şəxs Covid-19 virusuna yoluxub, 5 mindən çox şəxs ölüb.
Azərbaycanda koronavirusa qarşı vaksinasiya olunanların sayı isə 5.5 milyona yaxınlaşır.

Şəklin mənbəyi, DHA
Türkiyədə daşqın: bir qadın sel sularında itkin düşüb
Türkiyə indi də sellə mübarizə aparır: Qaradəniz bölgəsində aramsız yağışlar nəticəsində bəzi rayonlarda sel suları daşqınlar yaradıb, bir qadın itkin düşüb.
Bartın-Karabük yolunda çökmə olub, iki kəndə gedən körpü dağılıb.
Evlərində əlacsız qalan bəzi sakinlər xilasedicilərin köməyi ilə ərazidən çıxarılıb.
Samsun və Sinop da sel suları ilə üzləşib, insanlar evlərindən çölə çıxa bilmir, maşınlar su altında qalıb.









