Paşinyanmı, Köçəryanmı? Bu həftə seçkilərdə kim qalib gələcək?

Köçəryan Koçaryan

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Sorğuların nəticələri göstərir ki, Robert Köçəryan Paşinyanın ən güclü rəqibidir.

Ermənistan bazar günü növbədənkənar parlament seçkilərinə gedir - bu seçkilərdə SSRİ dağılandan və ölkə müstəqillik əldə edəndən bəri onun rəhbəri olmuş hər kəs iştirak edəcək. Baş nazir Nikol Paşinyanın iqtidarda olan partiyası parlamentdə yerlərin çoxunu qoruyub saxlaya biləcəyinə ümid edir. Seçkilərdə record sayda - 26 partiya və blok iştirak edir.

Favroitlər Paşinyanın özü və eks-prezident Robert Köçəryan hesab olunur. Paşinyana müxalif rəqiblərindən daha ikisi keçmiş ölkə başçısıdır, ancaq onlar koalisiya yaratmayıblar.

Bu isə Ermənistan cəmiyyətinin ümui vəziyyətini əks etdirir - Azərbaycanla ötən ilin payızındakı müharibədə məğlubiyyətdən sonra cəmiyyət ən son həddədək qütbləşib. Məhz bu məğlubiyyət siyasi böhrana gətirib çıxarıb - bu böhrandan ölkəni erkən seçkilər çıxarmalıdır, BBC Ruscanın müxbiri Qriqor Atanesyan Yerevandan yazır.

Nikol Paşinyan

Şəklin mənbəyi, SOPA Images via Getty Images

Şəklin alt yazısı, Azərbaycanla müharibədə məğlubiyyətdən sonra Paşinyanın reytinqi düşüb.

Liderlər və oğulları

Seçki kampaniyasında qəddar və dramatik ritorika hökm sürür. Paşinyan əlində çəkiclə gəzir, rəqiblərini "vendetta" ilə hədələyir, onları asfaltda basdıracağına söz verir və hətta 21 yaşlı oğlu Aşotu əsir əsgərlərin əvəzində Azərbaycana verməyi təklif edir. Aşot buna razı olduğunu desə də, Azərbaycan bu təklifə məhəl qoymayıb.

Heç müxalifət də geri qalmır. Eks-prezident Serj Sarkisyan Paşinyana özünü güllələməsini məsləhət görüb, Köçəryan isə onu istənilən silahla duelə çağırıb.

Hadrut və Şuşa vədi

Müxalifətin seçkiqabağı kampaniyasında vədlər hədələrdən heç də az radikal deyildi. Məsələn, Köçəryan Dağlıq Qarabağdakı torpaqları - Şuşa və Hadrut şəhərləri də daxil olmaqla qaytaracağına söz verib, ancaq hərbi yolla deyil, diplomatik yolla, danışıqlar vasitəsilə.

Ekspertlər bu ssenarinin ağlabatan olmadığını düşünür. Azərbaycan Şuşanı özünün mədəniyyət paytaxtı hesab edir, onun bərpasına milyonlarla dollar sərmayə yatırılıb və İlham Əliyev əsas müttəfiqi olan Türkiyə prezidenti Receb Tayyib Erdoğanı artıq orada qəbul edib.

Erdoğan Əliyev

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İlham Əliyev Recep Tayyip Erdoğanı artıq Şuşada qəbul edib.

Keçmiş mövqelərin bərpa edilməsinə dair bütün söz-söhbətlər Rusiyaya ümidlərlə sıx bağlıdır. Müxalif siyasətçilər iddia edirlər ki, Moskvada onları daha çox bəyənirlər, nəinki mövcud hakimiyyəti; özləri isə az qala, kimin daha çox rusiyapərəst olduğu məsələsində yarışa giriblər.

Namizədlərdən biri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan, Vladimir Solovyovun efirində hətta belə bir bəyanat verib: "Krım bizimdir!" Və dərhal özünü düzəldib: "Yəni sizindir!"

Köçəryanın tərəfdarları arasında isə onun Rusiya Prezidenti Vladimir Putinlə dostluq münasibətləri xüsusi vurğulanır. Kremlin vebsaytındakı təbrik teleqramları, prezidentin mətbuat katibinin zəngləri və şərhləri, Rusiya dövlət mediasında Paşinyanın tənqid olunması - bütün bunları müxalif politoloqlar Putinin dostluğu və seçkilərdə onların namizədinə dəstəyi kimi şərh edirlər.

Ancaq Putin mövcud Ermənistan hakimiyyəti haqqında da ictimaiyyət qarşısında müsbət danışır - bir az soyuq tonda olsa da. Rusiya isteblişmentinin müxtəlif dairələrinə yaxın mənbələrdən gələn məlumatlar heç nəyi aydınlaşdırmır: bəziləri "sorosçu" Paşinyanın "rədd edilməsində" israrlıdırlar, digərləri iddia edirlər ki, üslub tərzlərindəki aşkar uyğunsuzluğa baxmayaraq, Rusiya üçün Paşinyan çoxdandır ki, anlaşılan və əlverişli bir partnyora çevrilib.

Əslində son müharibə elə bir vəziyyət yaradıb ki, Ermənistanın istənilən lideri maksimal dərəcədə Rusiyadan asılı vəziyyətə düşür. Birinci müharibədə tutulmuş rayonların ikinci müharibədən sonra Azərbaycana qayıtması yeni və uzun bir sərhəd xətti yaradıb. Həmin sərhəd xətti təchiz olunmalıdır və onun necə qorunması öyrəniməlidir, bu məsələdə isə Ermənistana yalnız Rusiya kömək edə bilər.

Və baxmayaraq ki, Rusiya sülhməramlıları artıq səkkiz aydır ki, Qarabağda yerləşdirilib, iki ölkə arasında beynəlxalq səviyyədə tanınmış sərhədləri bu ölkələrin orduları vasitəçilər olmadan ayırır. Burada isə, müharibənin göstərdiyi kimi, qüvvələr qeyri-bərabərdir: Azərbaycan Silahlı Qüvvələri daha yaxşı silahlanıb və Ermənistan ordusuna böyük ziyan vurmuş yeni Türkiyə dronları vasitəsiylə səmanı nəzarətdə saxlayırlar.

Azərbaycan sərhədin delimitasiyasını özü üçün ən sərfəli xəritələr əsasında həyata keçirməyə nail olmaqdadır, Azərbaycan əsgərləri cəsarətlə yeni mövqelərə çıxırlar. Yerevan güc yolu ilə cavab verə bilmir və demək olar ki, hər gün Moskvadan və Rusiya FSB-sinin sərhəd qoşunlarından yardım istəyir. Bütün bunları edərkən isə düşməninin irəliləməsini müşahidə etməkdən başqa çarəsi yoxdur.

Və bu, Ermənistanın Rusiyadan asılı olduğu bir çox sahələrdən yalnız biridir - onların arasında o cümlədən, hələ də Azərbaycanda qalan əsirlərin qaytarılması, Qarabağın statusunun son olaraq müəyyənləşdirilməsi və nəqliyyat kommunikasiyalarının açılması kimi məsələlər də var.

Bütün bu məsələlərə Bakıda fərqli yanaşırlar və Əliyev, diplomatiya nəticə verməsə, məqsədinə güc yolu ilə çatacağını vəd edir.

Yerevan Ermənistan

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Ermənistanda seçkilər bazar günü keçiriləcək.