Türkiyə: "Şuşada məktəb" layihəsi üçün toplanılan ianə "geri qaytarılır"

Şəklin mənbəyi, Azertac
Türkiyənin Ülkü Ocaqları təşkilatı bildirib ki, Şuşada Üzeyir Hacıbəyli adına məktəbinin inşa edilməsi ilə bağlı Milliyyətçi Hərəkat Partiyası (MHP) təşəbbüsünün ləğvi nəticəsində layihəyə ianə edənlərin pulları geri qaytarılır.
Bu barədə partiya ilə əlaqəli olan Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi rəhbərinin ötən axşam yaydığı tvitində deyilir.
Bundan iki gün qabaq Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev MHP-nin tikmək istədiyi "Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin inşasına tezliklə başlanılacağını" bildirmişdi.
O bu açıqlamanı Türkiyənin MHP partiyasının lideri Devlet Bahçelinin "Şuşada məktəb açmaq təşəbbüsündən geri çəkildiklərini" söyləməsindən sonra vermiş və əlavə etmişdi ki, bu "xoşniyyətli təşəbbüsün məqbul görülməməsi əsla müzakirə mövzusu" deyil.
Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi rəhbəri Ahmet Yiğit Yıldırım bazar ertəsi yaydığı tvitində bildirib ki, Şuşada inşasını planlaşdırdıqları "Üzeyir Hacıbəyli Məktəbi" Azərbaycan hakimiyyətinin "uyğun görməməsi" səbəbiylə ləğv edilib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 1
"Üzeyir Hacıbəyli Məktəbi" üçün başlatdığımız yardım kampaniyasının ləğvi nəticəsində xeyirxah 1424 ülküdaşımızın pulları bank hesablarına qaytarılıb,"- o, digər tvitində vurğulayıb.
Türkiyədən MHP çevrəsinə yaxın olan və adının açıqlanmasını istəməyən şəxslərdən biri BBC News Azərbaycancaya bildirib ki, Azərbaycanın açıqlamasından sonra bu məsələdə hər hansı "irəliləyiş yoxdur".
MHP-dən məsələ ilə bağlı əlavə şərh almaq mümkün olmayıb.
Yeni açıqlamaya Azərbaycan rəsmilərinin reaksiyası məlum deyil.

Şəklin mənbəyi, AZERTAG
Hikmət Hacıyev nə deyib?
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin inşasına tezliklə başlanılacağını" bildirib.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli tərəfindən hədiyyə olaraq Şuşa şəhərində Üzeyir Hacıbəyli adına incəsənət məktəbinin inşa edilməsi təşəbbüsü Azərbaycan tərəfdən minnətdarlıqla qarşılanıb, o, Azərtaca verdiyi açıqlamasında deyib.
"Bu xoşniyyətli təşəbbüsün məqbul görülməməsi əsla müzakirə mövzusu deyildir. Məsələnin mahiyyəti barəsində tam dolğun məruzə olunmamasının anlaşılmazlığa səbəb olduğu istisna edilməyə bilər. Əminik ki, qarşılıqlı anlaşma şəraitində texniki memarlıq xarakterli məsələlər işçi səviyyədə həll olunaraq, Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin tezliklə inşasına başlanılacaq", - Prezidentin köməkçisi qeyd edib.
"Mütəxəssislər səviyyəsində incəsənət məktəbi binasının memarlıq layihəsinin Şuşa şəhərinin özünəməxsus arxitektura üslubuna uyğunlaşdırılması məqsədilə işçi müzakirələrin aparılması təklif olunub", - Hikmət Hacıyev bildirib
Hikmət Hacıyev qeyd edib ki, Prezident İlham Əliyev mayın 27-də Türkiyənin milli təhsil nazirini qəbul edən zaman Prezident Recep Tayyib Erdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin təməlqoyma mərasiminin proqramda əksini tapdığını bildirmişdi.
Bu məsələyə dair Hikmət Hacıyev öz Twitter hesabında da post yazıb: "Əminik ki, qarşılıqlı anlaşma şəraitində texniki memarlıq xarakterli məsələlər işçi səviyyədə həll olunaraq, Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin tezliklə inşasına başlanılacaq."
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 2

Şəklin mənbəyi, DHA
Devlet Bahçeli Şuşada məktəb inşası barədə: "Azərbaycan rəhbərliyi layihəmizi qəbul etmədi"
Mayın 29-da Türkiyənin MHP partiyasının lideri Devlet Bahçeli Şuşada məktəb açmaq təşəbbüsündən geri çəkildiklərini" bildirib.
Öz Twitter hesabında açıqlama verən partiya lideri Azərbaycan hökumətinin layihəni "qəbul etmədiyini" qeyd edib.
"Bu çərçivədə layihəmizi hazırladıq və ictimaiyyətlə paylaşdıq. İnşa etmək istədiyimiz məktəbə Azərbaycan himninin bəstəkarı və Şuşada anadan olan mərhum Üzeyir Hacıbəylinin adını verməyi düşünmüşdük. Sözügedən məktəbin təməlqoyma günü kimi 30 yanvar 2021-ci ili planlaşdırmışdıq. Ancaq Azərbaycan rəhbərliyi bizim bu layihəmizi qəbul etməyərək yeni və fərqli bir məktəb layihəsi hazırladı. Əlbəttə ki, bu qənaət onların ən təbii haqqıdır və onlara hörmət etməkdən başqa çarəmiz qalmır. Bu hadisələrə görə Milliyyətçi Hərəkat Partiyası Şuşada inşa etdirəcəyi məktəb layihəsindən imtina edib", - o yazıb.
Azərbaycanın MHP liderinin açıqlamasına reaksiyası hələ ki, bəlli deyil.
Devlet Bahçeli 2021-ci il yanvarın 21-də sosial media hesabından "Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin" təşəbbüsü ilə doqquz sinifli məktəb inşa etmə istəklərini bildirmişdi.
Daha sonra MHP lideri məktəbin inşası ilə bağlı təklifin Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən razılıqla qarşılandığını bildirmişdi.
BBC News Azərbaycancanın icmalında başqa xəbərlər
Ermənistan sərhəddən geri çəkilmə şərtini açıqladı, Bakıda "8 Noyabr" metro stansiyası istifadəyə verilib, ABŞ Belarus rəhbərliyinə qarşı yeni "sanksiyalar hazırlayır", uyğurlar üzərində emosiya detektoru "sınaqdan keçirilib", - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Şəklin mənbəyi, Pashinyan/Facebook
Ermənistan sərhəddən geri çəkilmə şərtini açıqladı
Ermənistan öz qoşunlarını Azərbaycan sərhədindən hər vaxt geri çəkməyə hazırdır və Azərbaycan tərəfindən də bunu edəcəyini gözləyir, mayın 29-də Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Vətəndaş Müqaviləsi Partiyası fəalları ilə görüş zamanı bəyan edib.
Azərbaycan son bəyanata münasibət bildirməyib.
Son günlərdə Azərbaycan və Ermənistan bir-birini Kəlbəcər-Gədəbəy-Geğarkunik sərhədləri yaxınlığında atəşkəsi pozmaqda ittiham edir.
Mayın 27-də Azərbaycan ölkə ərazisinə girməyə cəhd göstərməkdə ittiham etdiyi "6 erməni hərbçisini əsir" götürdüyünü açıqlayıb. Ermənistan hadisənin öz ərazisində baş verdiyini və hərbçilərin "oğurlandığını" hesab edir.
Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistanın son addımları, "o cümlədən sərhədin Naxçıvan sahəsində Azərbaycanlı əsgərin yaralanması bölgədə vəziyyətin gərginləşdirilməsinə" xidmət edir.
Paşinyanın sözlərinə görə, ATƏT-in Minsk qrupu tərəflərə qoşunları geri çəkməyə və Minsk qrupunun köməkliyi ilə Ermənistanın Geğarkunik vilayətinin Sotk-Xoznavar sahəsində Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və delimitasiyası prosesinin başlanması, eləcə də onun himayəsi altında yenidən Dağlıq Qarabağ üzrə danışıqlara başlamağı təklif edib.
"Biz hər vaxt öz qoşunlarımızı geri çəkməyə, demarkasiya prosesinə başlamağa hazırıq və buna başlamaq üçün ATƏT-in Minsk qrupundan Azərbaycanla da razılıq əldə edilməsini gözləyirik", - Paşinyan deyib.
Paşinyan həmçinin deyib ki, "Sotk-Xoznavar sərhəd sahəsindən" hər iki tərəfdən qoşunlar çəkildikdən sonra orada beynəlxalq müşahidəçilər yerləşdirilməlidir.
"Bu, Rusiya sülhməramlıları, ATƏT-in MQ müşahidəçiləri və ya hər ikisi birlikdə ola bilər. Bu, müzakirə olunası məsələdir, bizim üçün bütün variantlar məqbuldur", - o deyib.
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan sərhədindəki gərginlik və "altı Ermənistan hərbçisinin əsir götürülməsi" ilə bağlı narahatlıq ifadə edib.
Qrupun Həmsədrlər İgor Popov, Stephane Visconti, Andrew Schofer mayın 28-də bu barədə bəyanat yayıblar.
Onlar tərəfləri sərhədləri dinc yolla delimitasiya və demarkasiya etmək üçün danışıqlara başlamağa və vəziyyətlə bağlı qoşunların köçürülməsi də daxil olmaqla, təcili addımlar atmağa çağırıblar.

Şəklin mənbəyi, metro.gov.az
Bu gün Bakı Metropoliteninin "8 Noyabr" stansiyası istifadəyə verilib
Yeni açılan stansiya başqa metropoliten stansiyaları kimi bazar ertəsi, səhər saat 6-dan sərnişinlərin girişinə açıq olacaq.
Şənbə günü "8 Noyabr" stansiyasının təntənəli açılış mərasiminə Azərbaycan dövlət başçısı İlham Əliyev qatılıb.
Ceyhun Səlimov küçəsində yerləşən "8 Noyabr" stansiyası yeni bənövşəyi xəttin üzərindəki 3-cü stansiyadır.
"Bakı Metropoliteni" QSC-nin yaydığı açıqlamaya görə metro stansiyaları saat 06:00-dan 24:00-dək işləyəcək.
Stansiyaların girişlərində sərnişinlərin hərarəti və tibbi maskadan istifadə etməsi yoxlanılacaq.

Şəklin mənbəyi, Reuters
ABŞ Belarus rəhbərliyinə qarşı "sanksiyalar hazırlayır"
ABŞ Avropa İttifaqı (Aİ) ilə birlikdə Belarus hakimiyyətinin əsas nümayəndələrinə qarşı ünvanlı sanksiyalar hazırladığını bildirib, Ağ Evin nümayəndəsi Jen Psaki bildirib.
ABŞ, Aİ və digər tərəfdaş və müttəfiqlərlə birlikdə, insan haqları pozuntuları, korrupsiya, 2020-ci ildəki saxta seçkilər və "23 May hadisələri ilə əlaqəli [Aleksandr] Lukaşenko rejiminin" əsas üzvlərinə qarşı ünvanlı sanksiyalar siyahısını işləyib hazırlayır, Ağ Evin vebsaytında yerləşdirilən açıqlamada deyilir.
Məlumatda həmçinin 3 iyunda Belarusun 9 dövlət müəssisəsinə qarşı yenidən sanksiyaların tətbiq ediləcəyi qeyd olunur.
Bundan əlavə, ABŞ 2019-cu ildə Belarusla hava məkanının qarşılıqlı istifadəsinə dair müqaviləni dayandırır və vətəndaşlarına Belarusa səyahətdən çəkinməyi tövsiyə edir.
Bazar günü Belarus Afinadan Vilnüsə uçan təyyarəni hərbi qırıcının istifadəsiylə enməyə məcbur edərək onun göyərtəsindəki belaruslu müxalifyönümlü jurnalist və ictimai fəalı, Roman Protaseviçi həbs edib. Aleksandr Lukaşenko sərnişin təyyarəsinin MiG-29 qırıcısı vasitəsiylə enməyə məcbur olunduğu barədə xəbərlərin "tamamiylə yalan" olduğunu deyib.
O, atılan addımın düzgün olduğunu müdafiə edib. "Bomba var və ya yox idi, amma mənə təyyarədə terrorçunun olduğu xəbər verilsə idi, dərhal təyyarəni endirmək əmrini verərdim".
Bu hadisə beynəlxalq ictimaiyyətin sərt tənqidinə tuş gəlib. Bir sıra aviaşirkət Belarus üzərindən uçuşlardan imtina edib.

Uyğurlar üzərində emosiya detektoru "sınaqdan keçirilib"
Süni intellekt proqramı vasitəsiylə insanın emosional durumunu müəyyən edə bilən kamera sistemi Sincandakı uyğurlar üzərində sınaqdan keçirilib, BBC öyrənib.
BBC belə sistemləri polis bölmələrində şəxsən quraşdırdığını deyən proqram mühəndisi ilə danışıb. Müvafiq dəlillərlə tanış olan insan haqları müdafiəçisi bunların "şok edici" olduğunu söyləyib, BBC müxbiri Jane Wakefield-in məlumatında deyilir.
Çinin Britaniyadakı səfirliyi iddialara birbaşa cavab verməsə də, bütün etnik qrupların siyasi və sosial hüquqlarının təmin olunduğunu bildirib.
"Sincanda bütün etnik qrupların siyasi, iqtisadi və sosial hüquqları və dini etiqad azadlığı tam təmin edilir. İnsanlar etnik mənsubiyyətlərindən asılı olmayaraq, fərdi azadlıqlarını məhdudlaşdırmadan ahəngdar, sabit və dinc həyat yaşayırlar".
Sincanda 12 milyona yaxın uyğur yaşayır, onların əksəriyyəti müsəlmandır.
Yerli uyğurlar nəzarət altındadır. Burada insan hüquqları fəallarının maksimum təhlükəsizlik düşərgəsi adlandırdıqları "təkrar təhsil" mərkəzləri mövcuddur. Belə düşərgələrdə bir milyondan çox insanın saxlanıldığı təxmin edilir.
Pekin "öz dövlətlərini yaratmaq istəyən separatçıların terror hücumlarında yüzlərlə insanın öldüyünə" görə belə tədbirlərin zəruri olduğunu bildirir.
BBC-nin Panorama verilişinə müsahibə verən proqram mühəndisi təhlükəsizliyinə görə narahat olduğu üçün anonimlik şərtilə danışıb. O, emosional durumu müəyyən edən cihazların "sınandığı" beş uyğur məhbusun fotoşəklini təqdim edib.
"Laboratoriyalarda siçanlar necə təcrübə obyekti kimi istifadə edilirsə, Çin hökuməti də o cür uyğurlar üzərində müxtəlif sınaqlar aparır" o deyib.
"Kamera adamdan üç metr məsafədə quraşdırılır, o, yalan detektoruna oxşayır, amma daha mükəmməldir".

Onun sözlərinə görə, süni intellekt sistemi qarşısındakı insanın üz ifadələri və dərinin səthindəki məsamələrdə yaranan ani dəyişiklikləri aşkarlayıb təhlil etməyə qadirdir. Bu, monitordakı mənfi əhval-ruhiyyəni və ya narahatlığı müxtəlif rənglə ifadə edən diaqramda göstərilir.
BBC-nin müsahibinin iddiasına görə, "mühakimə üçün etibarlı dəlil" olmayanda, bu proqramdan istifadə nəzərdə tutulub.
Human Rights Watch təşkilatının Çin üzrə direktoru Sophie Richardson materialların "şok edici" olduğunu deyib.
Onun sözlərinə görə, insanlar "diaqram dairəsi şəklinə salınır", xüsusilə də "güclü stress, böyük təzyiq və ya əsəbi" olduğu anda. Bu isə günahkarlığın göstəricisi kimi qəbul edilir və düşünürəm ki, bu, çox problemlidir, Sophie Richardson bildirib.
Hesab olunur ki, dünya boyunca mövcud olan 800 milyona yaxın müşahidə kameralarının təxminən yarısı Çində quraşdırılıb.










