“Məqsədləri hər kəsi məhv etməkdir”: Uyğur düşərgəsi məhbusları sistematik zorlamaların olduğunu iddia edirlər

- Müəllif, Matthew Hill, David Campanale və Joel Gunter
- Vəzifə, BBC News
BBC-nin əldə etdiyi ətraflı məlumatlara görə, Çinin uyğurlar üçün "təkrar təhsil" düşərgələrində qadınlar sistematik olaraq zorlanıblar, cinsi zəmində təhqir olunublar və işgəncəyə məruz qalıblar.
Bu materialdakı bəzi təfərrüatlar sarsıdıcı ola bilər.



Tursunay Ziawudun deyir ki, o vaxt pandemiyanın olmamasına baxmayaraq kişilər həmişə maskalı gəziblər.
Onlar polis formasında olmayıblar, kostyumda olublar.
Bəzən gecə yarısından sonra istədikləri qadınları seçmək üçün kameralara gəlirdilər və onları izləmə kamerası olmayan "qaranlıq otağa" aparırdılar.
Ziawudun deyib ki, bir neçə gecə ərzində onu aparırdılar.
"Bəlkə də bu mənim ən unudulmaz bir yaramdır," - o deyib.
"Mən bu sözlərin dilimdən çıxmasını belə istəmirəm."

Tursunay Ziawudun doqquz ayı Sincan bölgəsində Çinin böyük və məxfi qapalı düşərgələr sistemində keçirib.
Müstəqil hesablamalara görə, deyildiyi kimi uyğurlar və digər azlıqlar üçün Çinin mövcud "təkrar təhsil" geniş düşərgələr şəbəkəsində bir milyondan çox kişi və qadın saxlanılır.
İnsan haqları qrupları Çin hökumətinin uyğurların dini və digər azadlıqlarını tədricən əllərindən aldığını, onların üzərində kütləvi nəzarət, həbs, ideoloji təzyiq və hətta məcburi axtalama sistemi qurulduğunu bildirirlər.
Bu cür siyasətə yol açan Çin Prezidenti Xi Jinping-dir. O, 2014-cü ildə uyğur separatçılarının terror hücumundan sonra 2014-cü ildə Sincana baş çəkib və qısa müddətdən sonra New York Times qəzetinə sızan sənədlərə görə, yerli məmurlara "mərhəmət göstərmədən" cavab tədbirlərin görülməsinə əmr edib. ABŞ hökuməti keçən ay bildirib ki, Çinin həyata keçirdiyi tədbirlər soyqırım anlamına gəlir. Çin kütləvi həbs və məcburi axtalanma xəbərlərinin "yalan və absurd iddia" olduğunu söyləyir.



Həmin qapalı düşərgələrin içərisindən xaricə məlumat nadir hallarda sızır, lakin bir neçə keçmiş məhbus və mühafizəçi kütləvi zorlama, cinsi zəmində təhqir və işgəncə mütəşəkkil sisteminin şahidi olduqlarını və ya yaşadıqlarını BBC-yə bildiribilər.
Sərbəst buraxıldıqdan sonra Sincandan qaçan və hazırda ABŞ-da olan Tursunay Ziawudun qadınların "hər gecə" kameralardan çıxarıldığını və maskalı Çin kişiləri tərəfindən zorlandıqlarını deyib.
O özünün işgəncələrə məruz qaldığını və daha sonra üç dəfə iki-üç kişi tərəfindən zorlandığını deyib.
Ziawudun bundan əvvəl, dediyi kimi "Çinə geri göndərilmək qorxusu içində yaşadığı" Qazaxıstandan mediaya danışıb.
O deyib ki, yaşadığı və şahidi olduğu cinsi istismarın miqyasını açıqladığından sonra Sincana qaytarılacağı təqdirdə əvvəlkindən daha sərt cəzaya məruz qalacağına inanıb. Və o, utandığını deyib.
Çinin müxbirlərin ölkəyə daxil olmasına qoyduğu sərt məhdudiyyətlər səbəbindən Ziawudun-un əhvalatını tamamilə yoxlamaq mümkün deyil, lakin onun BBC-yə təqdim etdiyi səyahət sənədləri və immiqrasiya qeydləri hekayəsindəki zaman ardıcıllığına uyğun gəlir. Uyğurca Kunes rayonu kimi tanınan Sinyuan rayonunda yerləşən düşərgənin təsvirləri BBC-nin təhlil etdiyi peyk təsvirlərinə, düşərgə içərisindəki gündəlik həyatın təsviri isə digər keçmiş məhbusların danışdığı əhvalatlarla uyğundur.
Çinin Sincan siyasəti üzrə aparıcı mütəxəssis Adrian Zenz-in BBC-yə təqdim etdiyi 2017 və 2018-ci illərdəki Kunes rayon ədliyyə sisteminin daxili sənədləri "əsas qrupların təhsil yolu ilə transformasiyası" üçün planlama və xərcləmə detallarını göstərib - həmin terminologiyadan Çində uyğurların ideoloji "beyin yuyulmasını" işarələmək üçün istifadə olunur. Kunes sənədlərindən birində "təhsil" prosesi "beyinlərin yuyulması, ürəklərin təmizlənməsi, doğruluğun gücləndirilməsi və şərin aradan qaldırılması" kimi təsvir olunub.
BBC eləcə də Sincandan olan başqa bir qadından söhbət edib. O, düşərgə sistemində 18 ay ərzində həbsdə saxlanılan bir qazax qadınıdır. Düşərgədə onu uyğur qadınlarını soyundurub əllərini qandallamaq və çinli kişilərlə tək qoymağa məcbur ediblər. Sonradan isə o, həmin otaqları yığışdırıb, həmin qadın deyib.
"Mənim işim onların paltarlarını beldən yuxarı çıxarmaq və hərəkət edə bilməmələri üçün onları qandallamaq idi," - deyən Gülzira Auelxan ona verilən əmrləri təsvir etmək üçün biləklərini başının arxasında çarpazlayıb. "Sonra qadınları otaqda qoyurdum və bir kişi içəri girirdi - çöldən bir çinli və ya polis. Mən səssizcə qapının yanında otururdum və kişi otaqdan çıxan kimi qadını duş qəbul etməyə aparırdım."
Çinli kişilər "kamerada saxlanılanlardan ən gənc və gözəlini seçmək üçün pul ödəyirdilər," - o deyib.
Düşərgələrdə saxlanılan bəzi keçmiş məhbuslar mühafizəçilərə kömək etmək məcburiyyətində qaldıqlarını, əks halda cəzalandırılacaqlarını qeyd ediblər. Auelkhan deyiib ki, onun etiraz etmək və ya müdaxilə etmək imkanı olmayıb.
Zorlama hallarının mütəşəkkil sistem halını alması barədə suala o, "Bəli, zorlama" cavabını verib.
"Onlar məni həmin otağa girməyə məcbur ediblər, - o deyib. - Məni o qadınların paltarını çıxarmağa və əllərini bağlayıb otaqdan çıxmağa məcbur ediblər."
Gecə çağı kameralardan götürülüb aparılan qadınlardan bəziləri heç zaman geri qayıtmayıblar, Ziawudun deyib. Geri gətirilənlər kamerada başqa adamlara başlarına gələnləri danışmamaq üçün təhdid olunublar.
"Baş verənləri heç kimə söyləyə bilmirdin, sadəcə sakitcə uzana bilərdin," - o deyib.
"Bu, hər kəsin ruhunu məhv etmək üçün edilirdi."


Şəklin mənbəyi, Getty Images

Uyğurlar Çinin şimal-qərbindəki Sincanda sayı 11 milyona yaxın və əksəriyyəti müsəlman olan türk milli azlığıdır. Bölgə Qazaxıstanla həmsərhəddir və eyni zamanda etnik qazaxların da vətənidir. 42 yaşında olan Ziawudun uyğurdur. Onun əri qazaxdır.
Ziawudunun dediyinə görə, cüt Qazaxıstanda beş il ərzində qaldıqdan sonra 2016-cı ilin sonunda Sincana qayıdıb. Qayıdandan sonra onlar dindiriliblər və pasportları əllərindən alınıb. Bir neçə ay sonra polisdən ona digər uyğur və qazaxlarla birlikdə bir iclasda iştirak etməsinin lazım olduğunu söyləyiblər və həmin qrup iclasda mühasirəyə alınaraq tutulub.
O, həbsdəki ilk işinin nisbətən asan olduğunu, yaxşı yemək verildiyini və telefonundan istifadə imkanın olduğunu deyir. Bir aydan sonra onda mədə xorası əmələ gəlib və o, sərbəst buraxılıb. Ərinə pasportu qaytarılıb və o, Qazaxıstana işləmək üçün geri dönüb, lakin rəsmilər Ziawudunun pasportunu saxlayıblar, nəticədə, o, Sincandan çıxa bilməyib. Xəbərlərə görə, Çin ölkənin xaricində olanları danışmaqdan çəkindirmək üçün məqsədyönlü şəkildə onların qohumlarına ölkədən çıxmaq imkanı vermir və düşərgələrə salır. 2018-ci il martın 9-da əri hələ Qazaxıstanda olduğu dövrdə Ziawuduna yerli polis bölməsinə gəlməsi tapşırıldı. Ona "təhsilini artırmaq" ehtiyacının olduğu deyildi.
Onun sözlərinə görə, Ziawudun əvvəllər saxlandığı düşərgəyə gətirilib, həmin düşərgə Kunes rayonunda yerləşir, lakin bu dəfə düşərgə əhəmiyyətli dərəcədə genişləndirilmişdi. Avtobuslar fasiləsiz olaraq yeni tutulanları gətirib boşaldırdı.
Qadınların zinət əşyaları müsadirə edilirdi. Ziawudun sırğaları, onun sözlərinə görə, qulaqlarını qanadaraq qopardılıb götürülüb və o bir qrup qadınla birlikdə bir otağa gətirilib. Onların arasında Ziawudunun daha sonra dostluq edəcəyi yaşlı bir qadın da var idi.
Ziawudun sözlərinə görə, düşərgə gözətçiləri qadının baş örtüyünü başından çəkdilər və uzun paltar geyindiyinə görə üstünə qışqırdılar - həmin ildə bu cür paltar uyğurların dini ifadəsi sayılaraq həbs üçün əsas sayıla bilən səbəblər siyahısında idi.
"Onlar yaşlı qadını soyunduraraq yalnız alt paltarda qoydular. Həmin qadın utandığından qolları ilə özünü örtməyə çalışırdı," - Ziawudun deyib.
"Onların rəftarını izlədikcə çox ağlayırdım. Onun göz yaşları yağış kimi axırdı."


Şəklin mənbəyi, Maxar

Qadınlara ayaqqabılarını və rezinli və ya düyməli hər hansı bir paltarlarını təhvil vermək əmr olunduğunu söyləyən Ziawudun, daha sonra kameraların yerləşdiyi bloklara aparıldığını deyib - [onlar- red.] "binaların sıralandığı kiçik bir Çin məhəlləsinə bənzəyirdi".
İlk bir-iki ayda elə bir şey baş vermirdi. Onları kameralarında təbliğat ruhlu proqramlara baxmağa və saçlarını qısa kəsməyə məcbur edirdilər.
Sonra polis Ziawudunu yoxa çıxan əri ilə bağlı dindirməyə başladı, onun sözlərinə görə, müqavimət göstərəndə onu yerə yıxıb qarın nahiyəsindən təpikləyiblər.
"Polis çəkmələri çox ağır və sərtdir, əvvəlcə məni hansısa əşya ilə döydüyünü düşündüm, - o deyib. - Sonra anladım ki, qarnım təpiklənir. Az qala huşumu itirmişdim."
Düşərgə həkimi onda qan laxtalanmasının əmələ gələ bildiyini deyib. Kamera qonşuları mühafizəçilərə onda qanaxamanın baş verdiyini bildirəndə, mühafizəçilər "qadınlarda qanaxmanın normal olduğunu" deyiblər.
Ziawudunun verdiyi məlumata görə, hər kamerada 14 qadın, ikiqatlı çarpayılar, pəncərələrdə barmaqlıqlar, çanaq və döşəmədə dəlikdən ibarət olan tualet var idi. Gecə qadınların kameradan çıxarıldığını ilk dəfə görəndə bunun səbəbini başa düşmədiyini deyib. Onların başqa yerə köçürüldüklərini düşünüb.


Şəklin mənbəyi, Bitter Winter

Sonra 2018-ci ilin may ayında - "dəqiq tarixini xatırlamıram" - o və iyirmi yaşlarında olan digər bir qadın gecə kameradan çıxarılaraq maska taxmış çinli bir kişiyə təqdim ediliblər, Ziawudun deyib. Kamera yoldaşı ayrı bir otağa aparılıb.
"O içəri girən kimi qışqırmağa başladı, - Ziawudun deyib. - Bilmirəm necə izah edim, ona işgəncə verdiklərini düşünürdüm. Onların onu zorladıqlarını heç düşünmədim."
Onları kameradan gətirən qadın kişilərə Ziawudunda bu yaxınlarda qanaxma olduğunu bildirib.
"Qadın mənim vəziyyətim barədə danışandan sonra çinli kişi onu söydü. Maskalı kişi "onu qaranlıq otağa apar" dedi."
"Qadın məni digər qızın salındığı otağın yanındakı otağa apardı. Onların bir elektrik çubuğu var idi, bilmirdim nə idi, cinsiyyət yolumun içərisinə yeridərək mənə elektrik cərəyanı ilə işgəncə verdilər."
Qaranlıq otaqda Ziawudunun ilk gecə işgəncəsi nəhayət sona çatdı. O deyib ki, bu onu gətirən qadının yenidən onun səhhətinin vəziyyətini dilə gətirəndən sonra baş verdi və Ziawudun kamerasına qaytarıldı.
Təxminən bir saat sonra onun kamera yoldaşı da geri gətirildi.
"Qız tamamilə dəyişmiş kimi idi, heç kimlə danışmırdı, sanki özündə deyildi, sakitcə harasa baxardı, - Ziawudun deyib. - Bu kameralarda ağlı qaçan bir çox insan var idi."


Şəklin mənbəyi, Getty

Kameralarla yanaşı düşərgələrin digər bir xüsusiyyəti sinif otaqlarıdır. Həbs olunanları "yenidən tərbiyə etmək" üçün müəllimlər səfərbər edilib - fəalların dediyinə görə, bu yolla uyğurları və digər azlıqları öz mədəniyyətlərindən, dillərindən və dinlərindən ayırmaq və onlara hakim Çin mədəniyyətini təlqin etmək istəyirlər.
Sincandan olan bir özbək qadın, Qəlbinur Sedik düşərgələrə gətirilən və orada saxlanılanlara dərs verməyə məcbur edilən Çin dili müəllimləri arasında idi. Sedik o vaxtdan Çini tərk edib və yaşadıqları barədə açıq danışıb.
Sedik BBC-yə bildirib ki, qadın düşərgəsi "ciddi şəkildə nəzarət altında idi". O, zorlama hadisələri barədə əlamətlərin və şayiələrin olduğunu deyir. Bir gün Sedik ehtiyatlı tərzdə düşərgədə tanıdığı bir çinli polis qadına yaxınlaşaraq ondan bu barədə maraqlanıb.
Həmin polis qadın ona bu barədə nahar zamanı həyətdə söhbət etməyi təklif edib.
"Beləliklə, kameraların çox olmadığı həyətə getdim. O dedi ki, "Bəli, zorlama artıq bir ənənə şəklini alıb. Bu, dəstə halında zorlamadır və Çin polisi onları təkcə zorlamır, həm də onları elektrik cərəyanına məruz qoyur. Onlara dəhşətli işgəncə verilir."
Həmin gecə Sedik heç yatmadığını deyib. "Xaricdə təhsil alan qızım haqqında düşünürdüm və bütün gecəni ağlayırdım."


Şəklin mənbəyi, Getty Images

Uyğur İnsan Hüquqları Layihəsinə ayrıca ifadə verən Sedik qadınlara işgəncə vermək üçün onlara elektrikli çubuğun yeridildiyi barədə eşitdiyini söyləyib - bu, Ziawudunun danışdığı təcrübə ilə üst-üstə düşür.
Sedik "elektrik şokun dörd növünün" olduğunu bildirib - "stul, əlcək, dəbilqə və çubuqla anal zorlama."
"Qışqırıqlar binanın hər yerinə yayılırdı, - o deyir. - Nahar vaxtı və bəzən sinifdə olduğum zaman onları eşidirdim."
Düşərgələrdə işləmək məcburiyyətində qalan başqa bir müəllimə, Sayragül Sauytbay BBC-yə "təcavüzün tez-tez baş verdiyini" və mühafizəçilərin "istədikləri qız və gənc qadınları götürüb apardıqlarını" deyib.
O, 20-21 yaşlarında olan bir qadının təxminən 100 məhbusu etirafa məcbur etmək üçün onların qarşısına gətirilərək dəstə tərəfindən zorlandığı dəhşətli zorlama hadisəsinin şahidi olduğunu deyib.
"Polis hamının qarşısında onu növbə ilə zorladı," - Sauytbay deyib.
"Bunu edərkən onlar insanların reaksiyasını diqqətlə izləyirdilər və narazılıq bildirəni, yumruqlarını sıxanı, gözlərini yumanı və ya başqa tərəfə baxanları cəzalandırmaq üçün götürüb aparırdılar."
Gənc qadın kömək üçün bağırırdı, Sauytbay deyib.
"Tamamilə dəhşətli idi, - o deyib. - Özümü ölmüş kimi hiss edirdim. Ölü idim."



Kunesdəki düşərgədə Ziawudunun günləri həftələrə, sonra da aylara çevrilirdi. Həbs olunanların saçları kəsilirdi, onlar dərsə gedirdilər, səbəbləri açıqlanmayan tibbi müayinələrdən keçirdilər, həblər qəbul edirdilər, hər 15 gündən bir onlara zorla ürəkbulanma və keylik gətirən bir "peyvənd" vurulurdu.
Ziawudun deyir ki, təxminən 20 yaşında bir qadın da daxil olmaqla, qadınlara zorla hamiləlik əleyhinə spiral yeridilir və ya onları axtalayırdılar. ("Biz həmin qızın adından onlara yalvarırdıq," - o deyib.) Uyğurların zorla sterilizasiyası Sincanda geniş yayılıb, Associated Press-in yeni araşdırmasında deyilir. Çin hökuməti BBC-yə iddiaların "tamamilə əsassız" olduğunu deyib.
Tibbi müdaxilələrlə yanaşı, Ziawudunun düşərgəsində məhbuslar saatlarla vətənpərvər Çin mahnıları oxuyurdular və Çin Prezidenti Xi Jinping haqqında vətənpərvər televiziya proqramlarına baxmalı idilər.
"Düşərgə xaricindəki həyat haqqında düşünməyi unudursan. Bilmirəm beyinyuma, yoxsa iynələrin və həblərin təsiri idi, amma qarnının tox olmasını arzulamaqdan başqa bir şey barədə düşünə bilmirdin. Yemək məhrumiyyəti ağır idi."
Çin xaricindəki bir ölkədən BBC ilə danışan keçmiş düşərgə gözətçisinin dediyinə görə, düşərgədə saxlanılanlar Xi Jinping haqqında kitablardan parçaları dəqiq əzbərləməli idilər, bunu edə bilməyənlər yemək verilməməklə cəzalanırdılar.
"Bir dəfə həbs olunanları konsentrasiya düşərgəsinə apardıq və hamının bu kitabları əzbərləməyə məcbur edildiyini gördüm. Saatlarla mətni əzbərləməyə çalışırdılar, hər kəsin əlində bir kitab var idi," - o deyib.
Bu imtahandan keçməyənlər neçə dəfə imtahanı verə bilmədiklərindən asılı olaraq bir, iki və ya üç fərqli rəngdə paltar geymək məcburiyyətində qalırdılar və buna görə qida məhrumiyyəti və döyülmələr də daxil olmaqla müxtəlif cəzalara məruz qalırdılar, o qeyd edib.
"Mən o düşərgələrdə olmuşam. Məhbusları o düşərgələrə aparmışam, - o deyib. - Mən o xəstə, yazıq insanları görmüşəm. Onlar müxtəlif işgəncələrə məruz qalıblar. Buna əminəm."


Şəklin mənbəyi, Getty Images

Mühafizəçinin ifadələrini müstəqil olaraq yoxlamaq mümkün deyil, lakin o, məlum bir düşərgədə işlədiyi müddətini təsdiqləyən sənədlər təqdim edib. Adının açıqlanmaması şərti ilə danışmağa razı olub.
Nəzarətçi kameralardakı zorlama ilə əlaqədar bir şey bilmədiyini söyləyib. Düşərgə mühafizəçilərinin məhbusları elektrik cərəyanına məruz qoyduqlarını soruşduqda, "Bəli. Onlar edib. Onlar elektrik qapanma alətlərindən istifadə ediblər," - o deyib. Mühafizəçinin bildirdiyinə görə, işgəncə verildikdən sonra tutulan şəxslər müxtəlif cinayətləri etiraf etməyə məcbur olublar. "Bu etiraflar qəlbimdədir," - o deyib.
Prezident Xi düşərgələrin hər yerində görünür. Onun təsviri və şüarları divarları bəzəyir; o "yenidən təhsil" proqramının bir mərkəzində durur. Xi uyğurlara qarşı siyasətin ümumi memarıdır, Britaniyanın Çindəki keçmiş diplomatı, hazırda Kral Birləşmiş Xidmətlər İnstitutunun böyük elmi işçisi Charles Parton deyib.
"Bu olduqca mərkəzləşmiş və ən yuxarı qata gedib çıxır, - Parton deyib. - Bunun Xi Jinpingin siyasəti olduğuna şübhə yoxdur."
Partonun sözlərinə görə, Xi və ya digər yüksək səviyyəli məmurların zorlama və ya işgəncəyə göstəriş vermələri az olsa da, onların bundan "mütləq xəbərdar olması yəqindir."
"Düşünürəm ki, yuxarılarda sadəcə belə hallara göz yummağa üstünlük verirlər. Bu siyasəti böyük sərtliklə həyata keçirmək xətti seçilib və nəticəsi də budur."
"Heç bir məhdudiyyət yoxdur, - o deyib. - Mən sadəcə bu hərəkətləri həyata keçirənləri əməllərindən çəkindirə biləcək nəsə görmürəm."

Ziawudun-un sözlərinə görə, həmin hərəkətləri törədənlərə qarşı heç bir tədbir görülməyib.
"Təkcə təcavüz etmirdilər, bədənimizin hər yerini dişlək-dişlək edirdilər, insan və ya heyvan olduqları bilinmirdi," - o deyərək göz yaşlarını saxlaya bilməyib və özünə gəlmək üçün uzun müddət fasilə edib.
"Bədəndə sağ yer qoymurdular, hər tərəfdə dəhşətli izlər qoyaraq dişləyirdilər. İyrənc mənzərə idi."
"Bunu üç dəfə yaşamışam. Əzab verən yırtıcı yalnız bir nəfər deyildi. Hər dəfə iki və ya üç kişi olurdu."
Kamerada Ziawudunun yaxınlığında yatan bir qadın çox uşaq doğduğu üçün tutulduğunu demişdi.
O, üç gün müddətinə yoxa çıxmışdı, geri qayıdanda isə bədənində həmin izlər var idi, Ziawudun deyib.
"O bunu deyə bilmirdi. Qollarını boynuma doladı və hönkürərək ağladı, amma heç nə demədi."
Çin hökuməti BBC-nin zorlama və işgəncə iddiaları ilə bağlı suallarına birbaşa cavab verməyib. Sözçü qadın bir açıqlamada Sincandakı düşərgələrin həbs düşərgələri olmadığını, "peşə təhsili və tədris mərkəzləri" olduğunu bildirib.
"Çin hökuməti bütün etnik azlıqların hüquqlarını və mənafelərini bərabər şəkildə qoruyur, - deyən sözçü hökumətin "qadın hüquqlarının qorunmasına böyük əhəmiyyət verdiyini" qeyd edib.



Ziawudun 2018-ci ilin dekabrında Qazaxıstanda həyat yoldaşı və ya qohumları olan digərləri ilə birlikdə sərbəst buraxılıb - o, bu cür aydın görünən siyasi dəyişikliyin səbəbini hələ də tam anlamayıb.
Dövlət pasportunu geri qaytardıqdan sonra o, Qazaxıstana qaçıb, oradan isə Uyğur İnsan Hüquqları Layihəsinin dəstəyi ilə ABŞ-a gəlib. O, burada qalmaq üçün müraciət edib. Yerli Uyğur icmasının ev sahibəsi ilə Washington-dan çox uzaq olmayan sakit şəhərətrafı bir ərazidə yaşayır. İki qadın birlikdə yemək bişirir və evin ətrafında küçələrdə gəzirlər. Sakit və hadisəsiz keçən bir həyat tərzi. Evdə olarkən Ziawudun işığı zəiflədir, çünki düşərgədə lampalar daim parlaq işıq saçıb. ABŞ-a gəldikdən bir həftə sonra onun uşaqlığında əməliyyat keçirilib, uşağlığı çıxarılıb - tapdalanmasının nəticəsi olaraq.
"Mən ana olmaq şansımı itirdim," o deyib.
O, ərinin ABŞ-da ona qoşulmasını istəyir. Əri hələlik Qazaxıstandadır.
Ziawudun sərbəst buraxıldıqdan sonra bir müddət Sincanda gözləməli olub. O bu şəbəkələrdən keçib və azadlığa çıxmış başqa insanları da müşahidə edə bilib. Bu cür siyasətin onun xalqına necə təsir göstərdiyini görüb. Müstəqil araşdırmalara görə, Sincanda doğum nisbəti son bir neçə ildə aşağı düşüb - təhlilçilər bu cür halı "demoqrafik soyqırım" kimi xarakterizə edirlər.
Ziawudun bir çoxlarının içkiyə qurşandıqlarını bildirib. Azadlığa çıxmış kamera qoşusunun bir neçə dəfə küçədə huşunu itirərək yerə yıxıldığının şahidi olub. Söhbət onunla birlikdə ilk dəfə gecəyarısı qaranlıq kameraya salınan və oradan onun qışqırığı eşidilən gənc qadından gedir.
Ziawudun deyir ki, alkoqol asılılığına düşmüş həmin qadın indi "sadəcə bir müqəvva kimi yaşayır, əks halda zorlamalar onu çoxdan öldürmüşdü."
"Onlar insanların sərbəst buraxıldığını söyləyirlər, amma mənim fikrimcə düşərgələri tərk edən hər kəs artıq ölüb."
O, bunun planlı şəkildə edildiyini deyib. Nəzarət, təcrid, beyinyuma, insanı insanlıqdan çıxarma, sterilizasiya, işgəncə, təcavüz.
"Məqsədləri hər kəsi məhv etməkdir, o deyib - Və hər kəs bunu bilir."

Fotoların müəllifi Hannah Long-Higgins

