Sincandan göndərilən qadın saçları: onlar kimindir, onları uyğurlarmı düzəldib?

Şəklin mənbəyi, US Customs and Border Protection
ABŞ gömrüyü, Çinin Sincan bölgəsindəki əmək düşərgələrində uyğur uşaqları və ya məhbuslar tərəfindən hazırlandığı güman edilən insan saçından düzəldilmiş malları müsadirə edib.
Gömrük və Sərhəd Agentliyindən Brenda Smith bildirib ki, 800 min dollar dəyərində olan bu məmulatların istehsalı vaxtı insan hüquqlarının ciddi pozuntusuna yol verilib.
Bu saçların qadın və ya uşaqlardan əldə olunub-olunmadığı haqda məlumat verilmir.
“Onlardan istifadə edənlər kölə olan insanlar haqqında düşünməlidir”
İki ildir ki, bacısı yoxa çıxan uyğur əsilli ABŞ fəalı, Rövşən Abbas deyir ki, bu mallara baxanda insanın ürəyi parçalanır.
“Bu saçları hörgü ilə istifadə edən qadınlar düşünməlidirlər ki, bunu kim hazırlayıb, onlar kölə olan insanlar haqqında düşünməlidirlər. Bacım bu gün belə yerlərdə oturub belə saçları düzəltməyə məcbur edilir”.
Rövşən Abbasın bacısının düşərgələrdən birində saxlanıldığı güman edilir.
Saçı göndərən şirkət Sincandandır
Çərşənbə günü müsadirə edilən idxal malları, Lop County Meixin Hair Product Co. Ltd adlı şirkət tərəfindən göndərilib. Ötən ay ABŞ hakimiyyəti insan haqları pozuntuları ilə bağlı Sincanda yerləşən bu şirkətə qarşı sanksiyalar elan edib.
Təxminən dörd ildir ki, bir milyon müsəlman uyğur "təhsil məqsədli" düşərgələrdə saxlanılır. Uzun müddətdir ki, qüvvədə olan ABŞ qanunu "məhkum əməyi" ilə istehsal olunmuş malların idxalını qadağan edir.
Associated Press və digər beynəlxalq informasiya agentlikləri uyğurların ideoloji təhsil aldığı deyilən düşərgələrdə ABŞ-da popluyar brendlər üçün malların istehsal edildiyini xəbər veriblər.
Bu həftənin əvvəlində yayılan məlumata əsasən, Çində müsəlman azlığının artmasına yol verməmək üçün qadınlar qısırlaşdırılma və kontrasepsiyanın istifadəsinə məcbur olunur. Çinli alim Adrian Zenz tərəfindən aparılan araşdırmada iddia olunur ki, qadınlara zorla spiral yerləşdirmək kimi, doğuma nəzarət tədbirləri tətbiq olunur.
Tədqiqat Sincanda əhalinin artım tempinin son illərdə kəskin şəkildə azaldığını göstərir. Uyğurların yaşadığı iki böyük bölgədə 2015 ilə 2018-ci illər arasında belə eniş 84 faiz təşkil edib. Bu təmayül 2019-cu ildə də davam edib.
Sincan bölgəsindəki Çin rəsmiləri keçən ilin dekabr ayında düşərgələrin bağlandığını və məhbusların "məzun olduqlarını" deyirlər.






