20 yaşlı Sevil Atakişiyevanın intiharı: Dövlət Komitəsi vətəndaşları qaynar xəttə zəng etməyə çağırır

Sevil Atakişiyeva

Şəklin mənbəyi, Sevil Atakişiyeva/Facebook

Ötən həftə Azərbaycanda bir gənc qadının intihar etməsi xəbəri yayılıb. Rəsmi məlumata görə, o özünü bir binanın 20-ci mərtəbəsindən atıb. İntihar hadisəsilə bağlı cinayət işi açılıb və Baş Prokurorluğun dediyinə görə, təqsirkar üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Gənc qadını intihara aparan səbəblər barədə spekulyasiyalar onun tərəfindən yazıldığı deyilən mesajların sosial mediada yayılmasından sonra intensivləşib. Həmin mesajlarda qeyd edilir ki, onları yazan şəxsin ailəsi ona təzyiqlər etdiyi və atası ona psixoloji işgəncə verdiyi üçün, o intihar etmək vəziyyətinə gəlib çatıb.

Sevil Atakişiyeva tərəfindən yazıldığı deyilən mesajlardan görünür ki, o ailədə təzyiqlə üzləşdiyini, hətta anası və atası tərəfindən vaxtaşırı fiziki işgəncəyə məruz qaldığını təsvir edib.

Onun ailəsilə əlaqə saxlamaq mümkün olmayıb, ancaq yerli mediaya müsahibəsində Sevilin atası özünə qarşı olan iddiaları təkzib edib. Sevil Atakişiyeva ilə intihar etdiyi gün son dəfə görüşənlərdən biri olduğu deyilən nişanlısının mövqeyi də məlum deyil.

Sosial mediada yayılan məlumatlara görə, Sevil Atakişiyeva bir müddət əvvəl aktivist Gülnarə Mehdiyeva ilə əlaqə saxlayıb və problemləri barədə ona danışıb.

Gənc qızın intiharından sonra Gülnarə Mehdiyeva onunla yazışmalarını öz sosial şəbəkə hesabında paylaşıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi vətəndaşları belə hallarla bağlı 860 nömrəli qaynar xəttə zəng etməyə çağırıb.

Daha bir qadın tələbənin dünən özünü Sumqayıtda dənizə ataraq intihar etməsi barədə məlumat yayılıb.

"Dövlət və cəmiyyətin susqunluğa görə məsuliyyəti"

Ölkədə cəmiyyət və ailə təzyiqləri nəticəsində intihar hallarının səbəbkarı onlara biganə olan siyasi sistemdir, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli belə hesab edir.

"Kişilərin qadınlar üzərində ağalığını müdafiə edən mühafizəkar dünyagörüşün əsas dayağı mövcud siyasi sistemdir. Tək bu hal qadınların qətllərini siyasi hesab etməyə yetərlidir. Bu sistemdə təmsil olunan hər kəs qadın qətlinə nümayiş etdirdiyi hərəkətsizlik və susqunluğa görə məsuliyyət daşıyır",- Anar Məmmədli deyib.

O bildirib ki, Azərbaycandakı qadınların cəmiyyətdəki rolu ilə bağlı mühafizəkar yanaşma var və bu yanaşmanın yayğın olmasında dövlət və qeyri-dövlət qurumlarının daşıdığı məsuliyyət var.

"Dövlətin üzərinə düşən hüquqi-normativ aktların təkmilləşdirilməsidir. Məsələn, İstanbul bəyannaməsinə qoşulması, bundan irəli gələn məsələlərin icrasıdır. Eyni zamanda dövlət təhsil müəssisələrindən tutmuş hüquq-mühafizə orqanlarına kimi bu prosess onların prioriteti olmalıdır", - Anar Məmmədli deyib.

"Bir qadın əgər həyat yoldaşı, atası tərəfindən öldürülürsə, buna qısqanclıq əv ya ailə-məişət zəminində baş verən hadisə kimi yox daha çox cəmiyyətdə dominant olan mühafizəkar baxış kimi baxmaq lazımdır. Bu təfəkkürə qarşı mübarizə aparılmalıdır. Bu Azərbaycanda aparılmır və dövlət öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmir", - Anar Məmmədli bildirib.

Susan siyasi partiyalar

Sevil Atakişiyevanın intiharı ilə bağlı hələ ki, heç bir siyasi partiya bəyanat verməyib. Qadınlara qarşı məişət zorakılığı ilə bağlı cinayətlə nəticələlən çoxlu sayda hallar baş versə də, siyasi partiyaların bu halları çox zaman səssiz qarşıladığı müşahidə olunur.

Anar Məmmədli hesab edir ki, qeyri-dövlət orqanları, siyasi partiyalar, QHT-lər, vətəndaş cəmiyyəti üzvləri, ictimai qruplar, media bu kimi halları qınamalıdır.

"Azərbaycanda biz bunun əksinin şahidi oluruq. Daha çox belə hadisələrə susqun qalırlar və ya yanlış mövqe göstərirlər. Məsələn, bu günlərdə yerli telekanallardan birində 18 yaşına çatmış bir gənc ailəsi ilə yaşamaq istəmədiyinə görə, efirdə qınağa tuş gəldi. Burada artıq fərdin müstəqilliyinə basqı var. Sual olunur, biz Azərbaycanda 18 yaşına çatmış şəxsə seçki hüququ veririksə, niyə bu adama müstəqil yaşamaq hüququnu tanımırıq?! Bu azadlıqları dövlət tanıyır, amma valideyn bunu tanımır", - Anar Məmmədli bildirib.

"Biz şahidi olmuruq ki, neçəsə siyasi partiya çıxıb desin ki, qadınların məişət zəminində zorakılığa məruz qalmasının, ailədaxili münaqişələrdə öldürülməsinin əlehinəyik və dövləti mübarizəyə səsləyirik. Varmı elə partiya?! Çünki onlar da o mühafizəkar, patriaxal dünya görüşündən asılı vəziyyətdədirlər. Partiyalar da bir proqressiv ideya ortaya qoya bilmirlər".

Anar Məmmədli bildirib ki, belə olan halda ölkədə azad seçki istəmək təzadlı görünür.

"Öz bədəni, öz taleyi üzərində, dünyagörüşü, seçimləri üzərində heç bir hüquq sahibi olmayan gənclərdən azad seçki uğrunda mübarizəni necə gözləmək olar?", deyə o sual edib.

"Dünya ölkələri ilə müqayisədə Azərbaycanda intihar sayı azdır"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi deyir ki, Sevil Atakişiyevanın intiharı məsələsini diqqətdə saxlayır.

Komitənin təsəllisi odur ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünyada ən çox intihar hadisəsi Avropa ölkələrində baş verir.

Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda intihar sayının az olmasına baxmayaraq, intihar hallarının azalması üçün maarifləndirmə tədbirləri, inam telefonlarının, psixoloji məsləhət xidmətinin inkişaf etdirilməsi, həssas təbəqədən olan insanlarla işləyən mütəxəssislərin məlumatlandırılması, intihar düşüncələrinə malik insanların dərhal psixoloji və psixiatrik xidmətə yönləndirilməsi üçün qurum BMT-nin Əhali Fondu ilə birgə iş aparır.

Dövlət Komitəsi bildirib ki, ölkədə son vaxtlar baş verən intihar hadisələrindən narahatdır və vətəndaşlardan belə hallarla rastlaşdıqda 7 gün 24 saat xidmət göstərən 860 nömrəli qaynar xəttə müraciət etmələrini xahiş edir.

Rəsmi statistikaya görə, ötən il Azərbaycanda 597 intihar hadisəsi baş verib, 2019-cu ildə bu rəqəm 565 olub.