Açıq havada maska taxmaq lazımdırmı? DİN-dən açıqlama

Şəklin mənbəyi, Getty Images
Bu günün xəbərləri: Açıq havada maska taxmaq lazımdırmı? DİN-dən açıqlama, Ermənistanda zəlzələ olub, Xocavənddəki ərazidə minalardan təmizlənmə işləri başa çatıb - Rusiya sülhməramlıları, Azərbaycan l Qarabağ müharibəsi vaxtı itkin düşmüş vətəndaşlara aid olduğu güman edilən 7 cəsədin qalıqlarını alıb, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Açıq havada maska taxmaq barədə DİN-dən açıqlama
DİN-in nümayəndəsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) təmsilçisinin "açıq havada" maska taxmaq barədə fikrini şərh edib.
Cümə günü TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva REAL TV-yə müsahibəsində deyib ki, "açıq havada əgər tək gedirsinizsə, maska taxmaya bilərsiniz. Elə bir qayda yoxdur".
"Açıq havada tibbi maskadan "istifadə etməmək olar" fikri TƏBİB-in rəsmi mövqeyi deyil, oranın nümayəndəsinin şəxsi fikridir," - polis mayoru Elşad Hacıyev ARB TV-nin efirində deyib.
Bundan əvvəl TƏBİB əməkdaşının açıq havada maska taxmamaqla bağlı açıqlamasını təkzib edib.
Elşad Hacıyevın sözlərinə görə, tibbi maskalardan istifadə "Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunub".
"Açıq və qapalı məkanlarda, ictimai yerlərdə, harada ki, bir və ya iki şəxsin hərəkət etdiyi yer var, həmin yerlər ictimai yer hesab olunduğuna görə, həmin yerlərdə tibbi maskalardan istifadə edilməsi məcburi xarakter daşıyır," - Elşad Hacıyev deyib," - Elşad Hacıyev deyib.
Ermənistanda zəlzələ olub

Şənbə günü Yerevanda güclü zəlzələ baş verib. Bu barədə hadisə yerindən BBC News Azərbaycancanın müxbiri xəbər verir. 4,9 bal gücündə yeraltı təkanların episentri Yerevanda 11 kilometr aralıda yerləşib.
Ermənistan Fövqəladə Hallar Nazirliyi sakinləri bayırda qalmağa səsləyib.
Yerevanın Erebuni icmasında bir evə ziyan dəydi, bir vətəndaş yüngül xəsarət aldı, Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Yeraltı təkanlar Azərbaycanda da hiss olunub.
"Zəlzələ Azərbaycanın sərhəd rayonlarında və Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunmuşdur", - Azərbaycan Seysmoloji Xidmət Mərkəzi bildirir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, təkanlar Heydərabad stansiyasında qeydə alınmışdır.
Xocavənddəki ərazidə minalardan təmizlənmə "işləri başa çatıb"

Şəklin mənbəyi, mil.ru
Rusiya Müdafiə Nazirliyi Xocavənddəki (Martuni) ərazidə minalardan təmizlənmə üzrə işlərin başa çatdığını bildirir. Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Rusiya sülhməramılarına əsasən, 23 noyabr 2020-ci il tarixindən bəri həyata keçirilən əməliyyat nəticəsində Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 1358,3 hektar ərazini, 425 km-dən çox yol, 1292 yaşayış binası, o cümlədən 29 sosial əhəmiyyətli obyekti partlayıcı maddələrdən təmizləyib.
Azərbaycan l Qarabağ müharibəsində "itkin düşənlərin" cəsədlərini alıb

Şəklin mənbəyi, Tass/Getty images
Azərbaycan l Qarabağ müharibəsi vaxtı itkin düşmüş vətəndaşlara aid olduğu güman edilən 7 cəsədin qalıqlarını alıb.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı açıqlamada deyilir.
Məlumata əsasən, erməni tərəfi qalıqları fevralın 12-də, Şuşa şəhərinin yaxınlığında təhvil verib.
"Cari il fevralın 12-də Azərbaycan Respublikasının Hərbi prokurorluğunun, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin nümayədələrinin iştirakı və BQXK-nın vasitəçiliyi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına aid olduğu güman edilən 7 meyitin qalıqlarını erməni tərəfi Şuşa şəhərinin yaxınlığında təhvil vermişdir".
Cəsədlərin ailə üzvlərinə veriləcəyi bildirilir.
"Hazırda həmin meyitlərin qalıqlarının eyniləşdirilməsi məqsədilə aparılan təxirəsalınmaz zəruri prosedurlar bitdikdən sonra meyitlər ailə üzvlərinə veriləcəkdir."
Dövlət Komissiyası bildirir ki, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində" itkin düşmüş digər vətəndaşlarının talelərinə aydınlıq gətirilməsi "istiqamətində tədbirlər görülür".
Azərbaycan Müdafiə Nazirliyi İkinci Qarabağ Müharibəsində həlak olmuş və itkin düşmüş hesab edilən hərbi qulluqçuların siyahısında yanvarın 18-dək dəfn edilmiş 2855 nəfər haqqında məlumat verib.
Bundan əvvəl Nazirlik 2823, daha əvvəl isə 2802 şəxsin adlarını açıqlamışdı və İkinci Qarabağ Müharibəsində Azərbaycanın ümumilikdə, 2783 hərbi qulluqçusu həlak olduğunu qeyd etmişdi.







