Erməni hərbçilər Qafan ətrafındakı mövqelərini tərk edir – sabah saat 17.00-dək vaxt verilib

Şəklin mənbəyi, Sergei Malgavko/Getty Images
Ermənistan ordusu Qafan ətrafındakı yüksəkliləri tərk edir. Bu ərazilər sabah saat 17.00-dəək Azərbaycan ordusuna təslim edilməlidir. Bu, Ermənistan-Azərbaycan-Rusiya arasında imzalanmış üçtərəfli razılaşmaya əsasən edilir.
Bu hadisə Ermənistanda qəzəb yaradıb və günlərdir davam edən, Baş nazir Nikol Paşinyanın istefasına səsləyən etirazları daha da qızışdırıb.
"Qafan və ətraf kəndlər təhlükə altındadır, cümə axşamı səhər Ermənistan Müdafiə Nazirliyindən hərbçilərə sərəncam gəlib ki, sabah saat 17:00-a kimi "əlverişli yüksəkliklərdən çəkilsinlər, onlar düşmənə verilir", Qafanın meri Gevorq Parsyan mediaya deyib.
Onun sözlərinə görə, erməni hərbçilər öz postlarından "Sovet sərhədlərinə" çəkilməlidirlər.
Qafan Ermənistan Respublikası Sünik vilayətinin mərkəzidir. Şəhər ətrafındakı ermənilərin nəzarəti altında olan strateji və əlverişli sayılan yüksəklilər Azərbaycan ordusunun nəzarətinə keçir.
"Belə çıxır ki, düşmən sərhədlərimizə yaxınlaşacaq və bizdən cəmi 1 kilometrlikdə, Qafan aeroportundan 200-300 metrdə yerləşəcək. Daha əvvəlki təhlükəsizlik zonası olmayacaq. Kəndlərimizin yolları blokadaya düşür", - Qafanın meri deyib.
Nəticədə, onun sözlərinə görə, Qafandan Ermənistanın Xndrants, Yeövard və Ujanis kəndlərinə gedən yolların bir hissəsi Azərbaycana aid əraziyə düşəcək.
"Eyni səbəbdən Çakaten, Nerkin Hand, Şikahoğ, Sraşen kəndlərin də yolla bağlı problemləri olacaq", - Parsyan deyib.
Gevorq Parsyanın sözlərinə görə, hələ mövqelərdə sökmə işləri aparılmır, lakin sabah saat 17:00-a kimi erməni tərəfi mövqeləri tərk etməlidir.
Sünikdə yol bağlanıb
Cümə axşamı Ermənistanın Sünik vilayətinin sakinləri Azərbaycanla sərhədin müdafiəsi ilə bağlı Ermənistan hakimiyyətindən izahat tələbilə Qafan aeroportuna gedən yolu bağlayıblar.
Günün ikinci yarısında Ermənistan müdafiə naziri Vağarşak Harutyunyanın bölgəyə səfərindən sonra Ermənistanın Azərbaycanın sərhədinin müəyyən sahələrində Rusiya sülhməramlılarının yerləşdiriləcəyi bildirilir. Bu barədə Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətindən alınan məlumatda deyilir.
Məlumata görə, səfər zamanı Ermənistan müdafiə naziri ərazidə yerləşən Ermənistan silahlı qüvvələri birləşməsinin komandanlığı, vilayət rəhbərliyi və regional sərhəd qoşunları komandirləri ilə müşavirə keçirib.
Müşavirədə Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və sərhəd qoşunlarının yerləşdirilməsi məsələləri müzakirə olunub.
Nazir Harutyunyanın həmçinin Rusiya sülhməramlı kontingentin zabitləri ilə görüşdüyü və Qoris-Stepanakert yolunun nəzarəti, Rusiya sülhməramlılarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi məsələlərinin nəzərdən keçirildiyi bildirilir.
Bundan başqa, itkin düşənlərin axtarışı və sairə məsələlər müzakirə olunub, məlumatda deyilir.
Ermənistanın Sünik vilayətində vəziyyət Qarabağ müharibəsi nəticəsində vilayətlə həmsərhəd bir neçə Dağlıq Qarabağ ermənilərinin nəzarətində olan rayonun Azərbaycana verildikdən sonra gərginləşib.









