Bu günün xəbərləri: Rusiyadan Azərbaycana pomidor satışına icazə, Azərbaycana qaytarılan hərbi əsirlərin adları açıqlanıb

Pomidor seçən qadın

Şəklin mənbəyi, AFP/Getty Images

Rusiyadan Azərbaycana pomidor satışına icazə, Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib, Azərbaycana qaytarılan hərbi əsirlərin tam siyahısı açıqlanıb, Minsk Qrupu tərəfləri "vəziyyəti sabitləşdirməyə" çağırır, - bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Rusiyadan Azərbaycana pomidor satışına icazə

Rusiya Azərbaycandakı müəssisələrdən birinə pomidor idxal etməyə yenidən icazə verib. Rosselxoznadzor qurumunun qərarı dekabrın 16-dan etibarən qüvvəyə minir.

"Verilən məlumatların təhlilinə əsasən Rosselxoznadzor, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, Xızı bölgəsində yerləşən Agroterm MMC müəssisəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyası ərazisinə pomidor idxalına icazə verilməsini mümkün hesab edir", - Rusiya nəzarət orqanının yaydığı açıqlamada deyilir.

Məlumata əsasən, Azərbaycandakı daha iki istixanadan məhsulun idxalına dair məsələ nəzərdən keçirilir.

Rosselxoznadzor dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalını qadağan edib. Qurum bu qərarın qida təhlükəsizliyi ilə bağlı olduğunu deyir.

Lakin Rusiyanın siyasi münaqişələr zamanı idxal qadağasından istifadə etməsini göstərən bəzi şərhçilər son qərarın siyasi zəminli olduğunu deyirlər.

Azərbaycan Rusiyanın ən böyük pomidor təchizatçısıdır - Rusiyaya idxal olunan pomidorların 30 faizi Azərbaycandan gəlir.

DİN vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi koronavirus infeksiyasının yayılması ilə bağlı vətəndaşlara müraciət edib.

Qurum bildirib ki, COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində gücləndirilmiş nəzarət profilaktik tədbirləri davam etdirilir.

"Müvafiq icazələri olmadan yaşayış yerini tərk edən şəxslər təyin edilən postlarla yanaşı polis və hərbi qulluqçulardan ibarət mobil qruplar vasitəsi ilə də müəyyən edilir. Həmin şəxslər polisin xəbərdarlıqlarına əməl etmədikləri təqdirdə barələrində yerindəcə inzibati protokollar tərtib olunur", - DİN-in məlumatında deyilir.

Azərbaycana ölkəyə qaytarılan hərbi əsirlərin adlarını açıqlayıb

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası erməni əsirliyindən və girovluğundan azad olunaraq dekabrın 14-də Bakıya gətirilmiş hərbi qulluqçuların və mülki vətəndaşların siyahısını açıqlayıb. Qurum bildirib ki, adları çəkilən şəxslər hazırda müayinə və müalicə olunurlar.

1. Abdinov Yəhya Vüqar oğlu, 30.12.1999, hərbi qulluqçu

2. Baxşəliyev Emin Zahir oğlu, 22.01.1988, hərbi qulluqçu

3. Əhmədzadə Mobil İlqar oğlu, 22.04.1999, hərbi qulluqçu

4. Ələkbərov Ömər Teymur oğlu, 11.01.1985, hərbi qulluqçu

5. Əliyev Şərif Elsevər oğlu, 20.12.1995, hərbi qulluqçu

6. Əliyev Anar Hidayət oğlu, 28.06.1992, hərbi qulluqçu

7. Əlizadə Nurlan Mehman oğlu, 02.01.1992, hərbi qulluqçu

8. Həmidov Nahid Yaşar oğlu, 05.01.1991, hərbi qulluqçu

9. Kərimov Bayram Yaşar oğlu, 03.02.1992, hərbi qulluqçu

10. Musayev Amin Alim oğlu, 04.07.1994, hərbi qulluqçu

11. Vəliyev Vəliəhəd Şakir oğlu, 05.03.1998, hərbi qulluqçu

12. Yolçuyev Nurəddin Bəxtiyar oğlu, 14.10.1998, hərbi qulluqçu

13. Quliyev Şahbaz Cəlal oğlu, 09.05.1968, mülki şəxs

14. Əsgərov Dilqəm Qardaşxan oğlu, 30.09.1960, mülki şəxs

Rusiya sülhməramlıları

Şəklin mənbəyi, KAREN MINASYAN/ Getty Images

Azərbaycana 12, Ermənistana 44 hərbi əsir qaytarılıb

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bazar ertəsi bildirib ki, Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının komandiri general-leytenant Rüstəm Muradov şəxsən əsirlərin mübadiləsi barədə danışıqlar aparıb, əldə olunmuş razılaşmalar nəticəsində 12 hərbi əsir Azərbaycana, 44-ü Ermənistana qaytarılıb.

Bu barədə məlumat yayan Tass agentliyi bildirir ki, cənab Konaşenkov Rusiya sülhməramlı kontingent komandirinin əsirləri Rusiya Aerokosmik Qüvvələrinin təyyarəsi ilə Bakı və Yerevana evlərinə apardığını qeyd edib.

Onlar arasında 2014-cü ilin iyulundan erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov da var.

"Rusiyalı sülhməramlılar Dağlıq Qarabağdakı münaqişə zamanı itkin düşənlər barədə məlumatların toplanmasında kömək göstərməyə davam edirlər. Məlumatı dəqiqləşdirmək üçün Rusiya sülhməramlı qüvvələrinin zabitləri qaynar xətt vasitəsilə daxil olan 480 telefon danışığı araşdırlıb, vətəndaşlarla 2100-dən çox görüş keçirib," - İqor Konaşenkov deyib.

Bundan əlavə, bildirilir ki, qaçqınların geri qaytarılması davam edir. Ermənistan ərazisindən Qarabağa bir sutka ərzində daha 825 qaçqın, ümumilikdə sülhməramlı əməliyyat zamanı 39 mindən çox insan qayıdıb.

Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlayan müharibə 44 gün davam edib.

Müharibəyə noyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan və 10 noyabrdan başlayaraq Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanatla son qoyulub.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Azərbaycan Müdafiə Nazirliyi Cəbrayılın Sarıcallı kəndindən görüntülər paylaşıb.

Sarıcallı kəndi oktyabrın 5-də işğaldan azad edilib.

OSCE

Şəklin mənbəyi, Getty Images

Minsk Qrupu Azərbaycan və Ermənistanı vəziyyəti sabitləşdirməyə çağırıb

ATƏT-in Minsk Qrupunun həmsədrləri bazar ertəsi günü bəyanat yayıblar.

İtkilərlə nəticələnən son adisələrə toxunan həmsədrlər, tərəfləri öhdəliklərinə uyğun olaraq vəziyyəti sabitləşdirmək üçün əlavə tədbirlər görməyə çağırıblar.

Onlar Ermənistan və Azərbaycanı BQXK ilə koordinasiyada bütün məhbusların mübadiləsini ən qısa müddətdə başa çatdırmağa və cəsədlərin müəyyənləşdirilməsini və geri qaytarılmasını sürətləndirməyə çağırıblar.

Həmsədrlər və tərəflər daha müsbət bir mühit yaratmaq üçün təxribat ritorikasının azaldılmasının vacibliyini vurğuladılar.

Bəyanatda münaqişədən təsirlənən əhaliyə humanitar yardımın təşviqi, habelə mədəni və dini irsin qorunması üçün beynəlxalq təşkilatlarla işin vacibliyini vurğulanıb.

Həmsədrlər tərəflər arasında gələcək müzakirələr üçün görüşlər zamanı qaldırılan məsələlərə dair konkret təkliflər vermək barədə öhdəlik götürüblər.

Fransa və ABŞ-dan olan həmsədrlər 12-13 dekabrda Bakıya, 13 və 14-də isə Yerevana səyahət ediblər. Bakıda onlar Azərbaycan Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla, Yerevanda isə Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ara Ayvazyanla görüş keçiriblər. Rusiyanı isə həmin ölkələrdəki səfirlər təmsil edib.