Azərbaycanda hərbi vəziyyət ləğv edilir, İlham Əliyev azad edilmiş ərazilərdə bərpa işləri ilə bağlı: "Artıq bəzi ölkələrin şirkətlərinə dəvət göndərilib"

Milli Məclis

Şəklin mənbəyi, Milli Məclis

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri üçün artıq bəzi ölkələrin şirkətlərinə dəvət göndərildiyini bildirib, Azərbaycanda hərbi vəziyyət ləğv edilir, bazar ertəsi günü (DTX) müharibədə yaralanmış hərbi qulluqçulara edilən yardım vəsaitlərini "ələ keçirən şəxsin saxlanıldığını", ANAMA isə son üç gün ərzində 102 mina zərərsizləşdirildiyini açıqlayıb - Bu və ya digər xəbərlər BBC News Azərbaycancanın icmalında.

Azərbaycanda hərbi vəziyyət ləğv edilir

Azərbaycanda sentyabrın 28-də elan olunmuş hərbi vəziyyət ləğv edilir. Ölkə parlamenti dekabrın 11-də keçiriləcək növbəti iclasında Prezident İlham Əliyevin bu il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsinə baxacaq.

Bu barədə Milli Məclisin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ceyhun Əli Facebook hesabında yazıb.

Ölkədə hərbi vəziyyət sentyabrın 27-də Azərbaycan işğal altındakı torpaqların azad olunması üçün əks-hücum əməliyyatına başladıqdan sonra elan edilmişdi. 44 gün çəkən müharibə noyabrın 10-da bitib.

"Artıq bəzi ölkələrin şirkətlərinə dəvət göndərilib"

Ilham Əliyev Azərbaycan İtaliya

Şəklin mənbəyi, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri üçün artıq bəzi ölkələrin şirkətlərinə dəvət göndərildiyini bildirib. O bu ölkələrin adlarını açıqlamasa da, vurğulayıb ki, onlar Azərbaycana dost ölkələrdir. Prezident qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan şirkətləri ilə yanaşı dost ölkələrin də şirkətləri yenidənqurma və bərpa işlərində iştirak edəcək.

Bazar ertəsi İtaliya Deputatlar Palatasından nümayəndə heyəti ilə görüşən İlham Əliyev deyib ki, o bu şirkətlər arasında İtaliyanı da görmək istəyir: "Çox istərdim ki, İtaliya şirkətləri də bərpa və yenidənqurma işlərində fəal iştirak etsinlər. İtaliya tərəfinə artıq bu təkliflər verilib. Yaxın günlərdə video konfrans vasitəsilə ilkin təmaslar olacaq".

İlham Əliyev əlavə edib ki, müharibə zamanı Azərbaycan öz dostlarını tanıyıb: "Əsl dostluq çətin anlarda özünü biruzə verir. Bizim üçün bu müharibə də göstərdi ki, Azərbaycanın əsl dostları kimlər, hansı ölkələrdir".

Azərbaycan Prezidenti deyib ki, İtaliya ölkənin ticarət tərəfdaşları arasında ilk yerdə gəlir: "Keçən il bizim İtaliya ilə ticarət dövriyyəmiz 6 milyard dollara çatıb".

İlham Əliyev deyib ki, bu dövriyyənin böyük hissəsi enerji resurslarına aid olsa da, o, gələcəkdə qeyri-neft sektorunun çəkisinin artacağına ümid edir.

Azərbaycan sentyabrın 27-dən başlayan və noyabrın 10-na qədər davam edən əks-hücum əməliyyatlarında və Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılaşdırılmış Bəyanat nəticəsində 7 rayonunu işğaldan azad edib, Dağlıq Qarabağın bəzi hissələrini öz nəzarətinə alıb.

DTX yaralı hərbi qulluqçulara edilən yardım vəsaitlərini "ələ keçirən şəxsin saxlanıldığını" açıqlayıb

Azərbaycan DTX yaralı hərbi qulluçuları şəhid ailələrini aldadan şəxs

Şəklin mənbəyi, Thinkstock

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İkinci Qarabağ Müharibəsində yaralanmış hərbi qulluqçulara edilən "yardım vəsaitlərini ələ keçirən şəxsi" saxladığını bildirib.

DTX açıqlayıb ki, müharibədə yaralanmış hərbi qulluqçulara və ailələrinə yardım edilməsi məqsədilə onların təqdim etdikləri bank kartı hesablarından pul vəsaitlərinin ələ keçirilməsi barədə sosial şəbəkələrdə yayılmış və geniş ictimai qınağa səbəb olmuş məlumatları araşdırıb.

Qurumun məlumatında deyilir ki, bundan sonra 28 yaşlı bir nəfər şübhəli şəxs qismində saxlanıb.

Qurum hazırda araşdırmaların davam etdiyini bildirib.

ANAMA: "Son üç gün ərzində 102 mina zərərsizləşdirilib"

ANAMA Azərbaycan

Şəklin mənbəyi, ANAMA

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) dekabrın 3-ü və 6-sı aralığında Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Tərtər rayonları ərazisində 30 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib, bu barədə qurum bazar ertəsi günü məlumat yayıb.

Məlumatda bildirilir ki, "agentliyin çevik əməliyyat qrupları ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə aparıdıqları əməliyyat-axtarış tədbirləri zamanı 178 ədəd partlamamış hərbi sursat, 13 ədəd tank əleyhinə mina, 25 ədəd piyada əleyhinə mina, 6700 ədəd müxtəlif çaplı patronlar, 12 ədəd partlamış mərmi qalıqları aşkar olunub".

"Agentliyin partlayış qrupu tərəfindən 102 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib", - ANAMA bildirir.

Qurum həmçinin "Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəssislər tərəfindən 80 mindən çox mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatının aparıldığını" açıqlayıb.

Azərbaycanla Ermənistan arasında sentyabrın 27-də başlamış 44 günlük müharibə noyabrın 10-da Rusiya və Azərbaycan Prezidentləri və Ermənistanın Baş nazirinin imzaladığı birgə bəyanatla başa çatıb.

Nəticədə Azərbaycanın Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və Laçın Rayonları, Şuşa şəhəri və Hadrut qəsəbəsi Azərbaycana qayıdıb.

Azərbaycan bu döyüşdə 2783 hərbi, 5-i minaya düşməklə 98 mülki itkinin olduğunu açıqlayıb.