Amin Musayev və Bayram Kərimovdan ailələrinə xəbər çatdırılıb

Aleksandr Xarçenko Amin Musayev

Şəklin mənbəyi, ANNA News

Hazırda əsirlikdə olan iki azərbaycanlı əsgər ailələrinə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) vasitəsilə xəbər göndəriblər.

Amin Musayevin BQXK vasitəsilə ailəsinə məktub göndərdiyini yaxınlarından biri BBC-yə təsdiqləyib.

Məktubun mediada yayılmış sürətinə əsasən, əlyazma formatında olan həmin məktubda Amin "yaxşı olduğunu bildirir və anasından özünə yaxşı baxmasını xahiş edir".

Digər əsgər Bayram Kərimov da ailəsinə xəbər göndərib, APA agentliyi əsgərin atasına istinadən bildirib.

Məlumata əsasən, Bayram Kərimov "ailəsinə məktub yazmayıb, lakin ailəsinin məktubu ona çatdırılıb".

BQXK münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkməkdə davam edir, BQXK Bakı nümayəndəliyindən BBC News Azərbaycancaya bildirilib.

"Baş çəkmə mütəmadi olaraq davam edir. Amma konkret olaraq kimə ayın neçəsi baş çəkilib, onu açıqlamırıq", - BQXK-nın sözçüsü İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, "baş çəkilən şəxslər arasında münaqişə tərəflərinin sentyabrın 27-dən bəri saxladıqları şəxslər də var."

BQXK əməkdaşları həmin şəxslərə oktyabr, noyabr və dekabrda baş çəkib. Qurum rəsmisi deyir ki, BQXK nümayəndələri "onların saxlanma şəraiti, onlarla necə rəftar olunduğu ilə maraqlanır, eləcə də həmin şəxslərə ailələrilə əlaqə yaratmaq üçün şərait yaradır."

"BQXK baş çəkdiyi şəxslərin adını və sayını açıqlamır, - Hüseynova vurğulayıb, - BQXK nümayəndələri saxlanılan şəxslərə baş çəkdikdə, həmin şəxslərin ailə üzvlərinə birbaşa məlumat verir."

İlahə Hüseynova qeyd edib ki, prosedura görə "saxlanılan şəxs hansısa bir məlumat, məktub və ya ismarıc təqdim edirsə, həmin məlumat sırf ailə üçündür - ona görə də ancaq ailəyə təqdim olunur.

Bundan əvvəl, noyabrın 25-də Amin Musayevin və Bayram Kərimovun ailələri BBC-yə "heç bir qurumdan xəbər ala bilmədiklərini" demişdilər.

"Heç bir qurumdan xəbər ala bilmirik"

"Dünən elə Bərdədən Qızıl Xaçın nümayəndəsi ilə görüşdük. Bizə dedilər ki, oturun məktub yazın. Biz də ata-anası, bir də mən məktub yazdıq ki, "narahat olma dövlətimiz arxandadır. Səni qaytaracaqlar", hazırda əsirlikdə olan əsgər Bayram Kərimovun həyat yoldaşı Sevgili Kərimova BBC News Azərbaycancaya deyir.

O bildirir ki, Bayram Kərimovdan heç bir xəbər yoxdur, "Qızıl Xaç-dan da ailəyə "məktubları onları nə vaxt tapsaq vermək üçün aldıqlarını" bildiriblər.

Sonuncu dəfə ayın 6-da (noyabrın) danışmışıq. Oğlumuzun 3 yaşı var. Başqa vaxt düz əməlli danışmayan uşaq elə qəşəng danışırdı ki! "Allaha əmanət ol, ay ata" dedi və sağollaşdıq".

Digər əsir əsgər Amin Musayevin xalası Rəna Əmiraslanova da demək olar ki, Sevgili Kərimovanın dediklərini təkrarlayır: "Hər yerə müraciət etmişik. O yer yoxdur ki, müraciət etməyək. Ancaq heç birində bir məlumat yoxdur ki, sağdır, yaşayır, yoxsa yaşamır".

"Qızıl Xaç da heç bir rəsmi xəbər vermir", o deyir.

İndi bu iki ailə "sakit oturub" əzizləri Amin Musayev və Bayram Kərimovun yolunu gözləyir.

Rəna Əmiraslanova deyir ki, iki övladı var, "ancaq Amin kimi övladı heç yerdə görməyib".

"O qədər sevgi dolu uşaq idi. Hamının sevimlisi idi. O çox əziyyətlə böyüyüb. Tək, yetimliklə böyüdüb anası onu. Anası indi çox pisdir. Saxlaya bilmirik. İynələ-dərmanla yaşayır. Onkoloji xəstədir. Yemək yemir, su içmir. Bilmirik necə olacaq halı. Deyir ki, balamın səsini eşidim yaşayaram. Bircə Amin tapılsa, anası da səsini eşitsə bizim üçün daha dərd olmaz".

Ailələr Amin Musayevin, həm də Bayram Kərimovun döyüşlərə könüllü kimi qatıldığını bildirirlər.

Bir müddət əvvəl iki yaralı əsgərin döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılıb. Bunun ardınca isə onlardan birinə maşının içərisində zorakı davranıldığını göstərən video da yayılıb.

Videoda qohumu tərəfindən Amin Musayev kimi müəyyənləşdirilmiş azərbaycanlı əsgərin maşında yerə uzanmış halda olduğu və "hara gedirik" sualı verdiyi göstərilir. Erməni əsgəri olduğu güman edilən şəxs cavabında - "özünü yaxşı aparsan evə…" deyir, söyüş söyür, bundan sonra azərbaycanlı əsgərə təpik vurulduğu anlaşılır.

Sosial mediada Ermənistan tərəfindən saxlanıldığı video görüntüləri yayılmış şəxslərlə bağlı məlumat "araşdırılır", Beynəlxalq Qızıl Xaç Komitəsinin Yerevandakı nümayəndəsi noyabrın 18-də BBC-yə deyib.

Əsir götürüldüyü güman edilən iki azərbaycanlı əsgər Amin Musayev və Bayram Kərimovla bağlı məlumatı olub-olmadığını isə BQXK-nın Yerevandakı nümayəndəsi Zara Amatuni açıqlamaqdan imtina edib.

"Dağlıq Qarabağ Ombudsmanı" isə BBC-ə bildirib ki, Amin Musayev və Bayram Kərimov barədə onda məlumat yoxdur, ancaq onlar yaralıdırlarsa, "çox güman ki, Ermənistanda xəstəxanadadırlar".

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva BBC News Azərbaycancaya deyib ki, bu məsələ araşdırılır və aidiyyatlı beynəlxalq qurumlara çatdırılacaq.

"Əsirlərə işgəncə verilməsi ilə bağlı məlumatların əvvəlcə dürüstlüyü yoxlanılır və aidiyyatı üzrə beynəlxalq qurumların diqqətinə çatdırılır,"- Leyla Abdullayeva deyib.

"Bizə müraciət daxil olanda, bu işlərlə məşğul oluruq", Beynəlxalq Qızıl Xaç Komitəsinin Yerevandakı nümayəndəsi Zara Amatuni deyib

Xarçenkonun videosu

Jurnalist Xarçenko iki azərbaycanlı əsirin Xankəndindəki hospitala göndərildiyini yazıb. Əsir alınan Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu məhz Aleksandr Xarçenko çəkərək, Youtube-dakı ANNA News kanalında paylaşıb. Videolar sarsıdıcı olduğundan burada paylaşmırıq.

Daha sonra görüntülərdə hərbi geyimdə olan şəxs - Xarçenkonun özü rus dilində əsgərlə söhbət edir və bildirir ki, "hər şey qaydasında olacaq". Daha sonra əsgəri Ermənistan silahlı qüvvələri naməlum istiqamətə aparır.

Azərbaycanın rəsmi qurumları sözügedən videolar və videodakı şəxslərlə bağlı açıqlama verməyib.

Ukraynalı jurnalist Aleksandr Xarçenkonun Facebook statusunun altında azərbaycanlı Facebook istifadəçiləri ondan Amin Musayev və Bayram Kərimovun tapılmasına kömək etməsini xahiş ediblər.

Jurnalist Facebookda yazdığı postda bu əsgərlərin axtarışını "öz bildiyi yollarla" davam etdirdiyini, lakin hazırda onlar barədə yalnız BQXK-nın və Ermənistanın aidiyyatı qurumunun cavab verə biləcəyini bildirir.

Beynəxalq Qızıl Xaç Komitəsinin sözçüsü İlahə Hüseynova BBC News Azərbaycancaya adı gedən şəxslərlə bağlı məlumat verə bilməyəcəyini deyir.

"Bu, konfidensial məsələdir,"- o deyir.

"Sonuncu gərginlik zamanı saxlanılmış şəxslərə başçəkmələr olub. Beynəlxalq Qızıl Xaç Komitəsi əlaqədar qurumlardan bütün saxlanılmış şəxslərlə bağlı məlumat almaq üçün onlara müraciət edir. Ancaq bu o demək deyil ki, bizim yayılan məlumatlardan xəbərimiz yoxdur. Biz sosial medianı da izləyirik. Yayılan məlumatları da toplayırıq. Sadəcə şəxslərlə bağlı bizdə olan məlumatlar konfidensialdır və biz məlumatları yalnız onların ailələrinə təqdim edirik,"-İlahə Hüseynova bildirib.

Sözügedən şəxslərlə bağlı Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əlaqə saxlamaq mümkün olmayıb.