Rusiya sülhməramlıları Qarabağda mina zərərsizləşdirən robotun istifadəsinə başlayıb, Hulusi Akar: "Azərbaycan Qarabağı silah sistemlərimizin töhfəsi ilə işğaldan azad edib"

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi
Rusiya sülhməramlıları Qarabağda mina zərərsizləşdirən robotun istifadəsinə başlayıb, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib ki, "Azərbaycan ordusu Qarabağı 30 ildir davam edən Ermənistan işğalından yerli və milli silah sistemlərimizin də töhfəsi ilə 44 gündə azad edib" - Bu və digər xəbərlər BBC News Azərbaycancanın xəbər icmalında.
Rusiya sülhməramlıları Qarabağda mina zərərsizləşdirən robotun istifadəsinə başlayıb
Dağlıq Qarabağda ilk dəfə olaraq ərazinin partlamamış hərbi sursatlardan və partlayıcı maddələrdən təmizlənməsi üçün çoxfunksiyalı "Uran-6" robot kompleksi cəlb edilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, nazirliyin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları robot vasitəsiylə Xocalı qəsəbəsində 8 hektara yaxın ərazini təmizləyib.
Nazirliyik bildirib ki, uzaqdan idarə olunan robot sistemləri minaların təmizlənməsi zamanı işçilərin təhlükəsizliyini təmin edərək daha geniş ərazidə mina təmizləmə işləri aparmağa imkan verir.

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi
Məlumata görə, "Uran-6" robot kompleksi 800 metrə qədər məsafədən idarə edilə bilər.
"Cihaz hər tərəfli görünüş təmin edən 4 yüksək keyfiyyətli video kameraya malikdir. "Uran-6" kompleksinin istismarı zamanı yerdə basdırılmış mina və ya hərbi sursat tətikləmə vasitəsiylə və ya fiziki məhv etmə ilə zərərsizləşdirilir",- Rusiya Müdafiə Nazirliyi bəyan edib.
Bundan başqa Rusiya sülhməramlıları Şuşa ətrafındakı yol boyunca 4,8 hektar ərazini və 2,5 km uzunluğunda yolu minalardan təmizləyib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gün əraziləri minalardan və partlamamış hərbi sursatlardan təmizləyən zaman 35 partlayıcı obyekt aşkar edilərək məhv edilib.
Nazirlik bəyan edib ki, bu günə kimi ümumilikdə, Dağlıq Qarabağdakı sülhməramlılar təxminən 50 hektar ərazini, 17 km yolu hərbi vasitələrdən təmizləyib və təxminən 1150 partlayıcı maddə aşkar edərək zərərsizləşdirib.

Şəklin mənbəyi, Rusiya Müdafiə Nazirliyi
Məlumatda bildirilib ki, minalar və ya partlamamış döyüş sursatları xüsusi poliqonlarda məhv edilir, amma daşınması təhlükəli olan sursatlar təhlükəsizlik tədbirləri görüldükdən sonra yerindəcə məhv edilir.
Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında noyabrın 10-da imzalanan üçtərəfli razılaşmaya görə həmin gün Qarabağda gedən hərbi əməliyyatlar dayandırılıb.
Atəşkəs sazişindən sonra tərəflə olduqları coğrafi mövqedə dayanıb və əraziyə Rusiya sülhməramlıları gəlib.
Rusiya sülhməramlıları indiyə kimi təmas xəttdində atəşkəsə nəzarət edir, erməni qaçqınların yaşayış yerlərinə təhlükəsiz qayıtmasını təmin edir, humanitar yardım göstərir, mülki və mühəndis infrastrukturunu bərpa edilməsində iştirak edirlər.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə sülhməramlılarının köməyi ötən gün 1600 metr elektrik xətti, 1 kilometr qaz kəməri, 2200 metr rabitə xətti və iki elektrik yarımstansiyası bərpa edilib.

Şəklin mənbəyi, DHA
Hulusi Akar: "Azərbaycan Qarabağı silah sistemlərimizin töhfəsi ilə işğaldan azad edib"
Türkiyənin ilk milli helikopter mühərrikinin təqdim olunması mərasimində iştirak edən Milli Müdafiə naziri Hulusi Akar "Azərbaycan ordusu Qarabağı 30 ildir davam edən Ermənistan işğalından yerli və milli silah sistemlərimizin də töhfəsi ilə 44 gündə azad edib" ifadəsini istifadə edib.
Türkiyəli nazir Türkiyənin Eskişehir şəhərində ilk milli helikopter mühərrikinin təqdimatında deyib ki, "Türk istehsalı silah sistemlərinin təsirli olması yaxın vaxtda azərbaycanlı qardaşlarımızın öz torpaqlarını işğaldan azad etmək mübarizəsində ən açıq şəkildə özünü göstərib. Qəhrəman Azərbaycan Ordusu Vətən müharibəsi həmləsini böyük bir uğurla icra edərək Qarabağı 30 ildir davam edən Ermənistanın işğalından yerli və milli silah sistemlərimizin də töhfəsi ilə 44 gündə azad edib".
"Bu gün bütün dünyada yerli və milli silah sistemlərimizin əməliyyatın gedişatında həlledici təsirləri müzakirə olunur və diqqətlə izlənilməkdədir. Baş verən hadisələr və coğrafi şərait yerli və milli müdafiə sənayesinin bir seçim yox, məcburiyyət olduğunu göstərdi",- Hulusi Akar deyib.
Beynəlxalq bazarda rəqabətə davamlı məhsulları istehsal etmək üçün lazim olan texnologiya və innovasiya fəaliyyətlərinin, ancaq əməkdaşlıqla inkişaf etdirmək imkanının olduğunu ifadə edən Hulusi Akar buna görə özəl sektorla birgə bir neçə müxtəlif modellərin işləndiyini bildirib.
Hulusi Akar bildirib ki, "Bu şəkildə Türkiyə Sialhlı Qüvvələrinin ehtiyaclarını mümkün qədər sürətlə ödəməyə çalışırıq".

Şəklin mənbəyi, DHA
Silahlı uçan aparatların rolu
Azərbaycanın Türkiyədən idxal etdiyi PUA və SPUA-lar (Pilotsuz Uçan Aparatlar və Silahlı Pilotsuz Uçan Aparatlar) vasitəsiylə hərbi sahədə üstünlük əldə etdiyi iddia edilib.
Nə Azərbaycan, nə də Türkiyə tərəfindən hansı SPUA-ların ya da silahların Azərbaycana satıldığı barəsində rəsmi məlumat verilməyib.
Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlayan müharibə oktyabrın 10-da imzalanan atəşkəs razılaşmasıyla başa çatıb.
Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanan razılaşmayla oktyabrın 10-dan etibarən müharibə başa çatıb və tərəflər olduqları yerdə dayanıblar.
Azərbaycan razılaşmanın şərtlərinə görə, həm Dağlıq Qarabağın daxilində irəlilədiyi ərazidə nəzarət imkanı qazanıb, həm də Ermənistana üç bölgədən müharibəsiz çəkilməsi tələbini qəbul elətdirib.








