Ağdamda zərər dəymiş 1260 obyektə baxış keçirilib, 94 mülkiyə şəhid statusu verilib, Alban-udi dini icması Kəlbəcərdəki Xudavəng monastırını ziyarət edib

Şəklin mənbəyi, AZƏRTAC
Bu gün Ağdamda zərər dəymiş 1260 obyektə baxış keçirilib, İkinci Qarabağ Müharibəsində həlak olan 94 nəfərə şəhid statusu verilib, müharibə zamanı həlak olanların xatirəsi Azərbaycanın Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksində anılıb. - Bu və digər xəbərlər BBC News Azərbaycancanın xəbər icmalında
"Ağdamda ziyan dəymiş 1260 obyektə baxış keçirilib"
"Bu günədək Ağdamın 32 yaşayış məntəqəsində ziyan dəymiş 1260 obyektə, o cümlədən 1167 fərdi evə, 25 qeyri-yaşayış sahəsinə, 50 sahibkarlıq subyektinə, 17 sosial, 1 inzibati obyektə baxış keçirilib," - Ağdam rayonu üzrə işçi qrupun rəhbəri Dövlət Vergi Xidməti rəisinin müşaviri Taryel Quliyev deyib, Azərtac yazır.
Agentlik Taryel Quliyevə istinadən yazır ki, "baxış keçirilmiş fərdi yaşayış evlərinin 22-si tam dağılıb".
"1145 evə zərər dəyib. Qeyri-yaşayış sahələrindən də 3-ü, sahibkarlıq subyektinin 2-si tamamilə dağılıb. Bundan başqa, erməni hərbçilərinin artilleriya atəşi nəticəsində 22 nəqliyyat vasitəsinə ziyan dəyib, 256 iribuynuzlu, 266 xırdabuynuzlu heyvan, 5654 ev quşları, 5 at, 8 ulaq, 60 arı ailəsi tələf olub, 7230 ot bağlaması yanıb. Dəymiş ziyan işçi qrup tərəfindən qeydiyyata alınıb, aktlar tərtib edilib," - Agentlik Ağdam rayonu üzrə işçi qrupunun rəhbərindən sitat gətirir.
Prezident İlham Əliyev noyabrın 6-da "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qrupları vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə zərər dəymiş şəhər və rayonlara ezam olunublar.
Müharibədə həlak olmuş 94 mülki şəxsə şəhid statusu verilib

Şəklin mənbəyi, AZƏRTAC
"Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib," Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Qurum bildirib ki, Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən İkinci Qarabağ Müharibəsi zamanı həlak olaraq sonradan şəhid statusu almış mülki "şəxslərin ailə üzvlərinin şəhid ailələrinin üzvləri üçün nəzərdə tutulan hüquqları təmin olunub".
"Erməni terroru nəticəsində şəhid olan mülki şəxslərin ailələrinin 206 üzvünə müvafiq sosial təminat növləri üzrə aylıq ödənişlər təyin olunub," ƏƏSMN bildirir.
Nazirlik açıqlayıb ki, onların "böyük əksəriyyətinə hüquqlarına uyğun olaraq" bir neçə təqaüd təyin olunub, yəni, "həm Prezidentin təqaüdü, həm də pensiya (və ya müavinət) təyinatı aparılıb".
ƏƏSMN ümumilikdə, "206 nəfərdən 196 nəfərinə Prezidentin təqaüdü, 151 nəfərinə müavinət, 40 nəfərinə pensiya təyin edildiyini" bildirib.
Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə 2020-ci ilin sentyabrın 27-də başlayıb, noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla başa çatıb.
Azərbaycan bu müharibədə 5-i minaya düşməklə 98 mülki şəxsin həlak olduğunu açıqlayıb.
ƏƏSMN bildirir ki, "həlak olan mülki şəxslərə şəhidlik statusunu yerli icra hakimiyyəti orqanları verir və çox güman ki, proses davam edir".
Bu gün ƏƏSMN tərəfindən həm də 6 şəhər və rayonda - Salyan, Goranboy, Sabirabad, Hacıqabul, Şirvan və Göyçayda 20 fərdi yaşayış evi həmin kateqoriyadan olan vətəndaşlara verilib.
Qurum bildirib ki, 2020-ci ildə bu kateqoriyadan olan şəxslərə "azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və artıq 1000-i verilib":
"Ümumilikdə ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 9000-ə yaxın mənzil və fərdi ev təqdim olunub. Bu proqram hazırda uğurla davam etdirilir".
Alban-udi dini icması Kəlbəcərdəki Xudavəng monastır kompleksini ziyarət edib

Şəklin mənbəyi, AZƏRTAC
Azərbaycan Alban-udi dini icmasının nümayəndələri dekabrın 4-də Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət ediblər, Azərtac agentliyi yazır.
Agentliyin xəbərinə görə, İkinci Qarabağ Müharibəsində həlak olanların xatirəsi "dağlar qoynunda yerləşən monastırda ehtiramla yad olunub".
"İllərdir bütün dinlərin nümayəndələri üçün bərabər şəraitin yaradıldığı Azərbaycanda firavan yaşayan udilər Alban Apostol Kilsəsinin mənəvi varisləri olaraq Qəbələ və Oğuzdakı alban məbədlərində olduğu kimi, işğal altındakı Alban kilsələrində, o cümlədən Kəlbəcərdəki Xudavəng monastır kompleksində də ibadət edəcəkləri günləri səbirsizliklə gözləyirdilər", agentlik yazır.
1993-cü il aprelin 2-də işğal edilmiş Azərbaycanın yüksək dağlıq rayonlarından biri olan Kəlbəcər 2020-ci ilin noyabrın 25-də üçtərəfli bəyanata əsasən Azərbaycana təhvil verilib.
Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə 2020-ci ilin sentyabrın 27-də başlayıb, noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla başa çatıb.
Azərbaycan Silahlı Qüvvələrinin 2783 nəfər hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb.








