Koronavirus: Şengen zonası bağlanır, ölkədən-ölkəyə vəziyyət

Şəklin mənbəyi, Getty Images
Çərşənbə axşamı günü Avropa Komissiyası koronavirusun yayılmasına qarşı mübarizə məqsədi ilə Şengen zonası daxilində səyahətə qadağa qoyur. Bir çox Avropa ölkəsi öz sərhədlərini bağlayıb. Avropa İttifaqının xarici sərhədləri də bağlanır.
Sərhədi keçmə icazəsi tibb işçilərinə, evlərinə qayıdan avropalılara, onların ailə üzvlərinə və diplomatlara veriləcək. İçazə həmçinin yük daşımalarına da veriləcəkdir.
Avropa Komissiyasının təklifi ilə, məhdudiyyətlər 30 gün ərzində tətbiq olunacaq, lakin bu müddət uzadıla da bilər. BBC koronavirusa qarşı mübarizə aparan bəzi Avropa ölkələrində yaranmış vəziyyətə nəzər salıb.
Britaniyada hansı tədbirlər elan olunub?
Böyük Britaniyanın virusla mübarizə planları Aİ ilə müqayisədə daha yumşaqdır. Baş nazir Boris Johnson, vətəndaşları pab və restoranlara getməkdən çəkinməyə, səyahətlərdən imtinaya və imkan daxilində evdən işləməyə səsləyib.
Rəsmi olaraq məktəb, ofis və digər ictimai yerləri bağlamaq barədə göstəriş olmayıb, lakin bəzi qurumlar bu qərarı özləri qəbul edib.
Hakimiyyət pandemiya vaxtı və ondan sonrakı müddətdə iqtisadiyyatın dəstəklənməsinə yönələn xüsusi planını açıqlamağa hazırlaşır.
Bir çox şirkət, epidemiya ilə əlaqəli itkilərə tab gətirə bilməyəcəyindən narahatdır.
Britaniyada virusa yoluxanların rəsmi sayı 1500-i keçib. 55 nəfər koronavirusdan ölüb.
Fransa hansı addımları atır?

Şəklin mənbəyi, AFP
Fransa prezidenti Emmanuel Macron səbəbsiz olaraq evdən çıxmağı qadağan edən fərman imzalayib. Lakin məktəblərin, bir sıra dükanların, kafelərin və muzeylərin bağlanması barədə qərarın kifayət qədər təsiri olmayıb.
"Vəziyyətin ciddiliyinə dair tibbi xəbərdarlıqlara baxmayaraq, insanlar parklarda, bazarlarda və restoranlarda toplaşaraq hakimiyyətin əmrlərini tamamilə qulaqardına vururlar", - Emmanuel Macron deyib.
Fransa tədbirləri sərtləşdirib: hazırda 15 günlük karantin rejimi elan olunub və ona riayət etməyənlərə qarşı cəzalar nəzərdə tutulur.
Virusa yoluxanların xəstəxanaya çatdrılmasına hərbçilər cəlb olunub. Gələn həftəyə təyin olunan yerli seçkilərin ikinci turu qeyri-müəyyən vaxta təxirə salınıb.
Bu günə qədər Fransada altı mindən çox insan koronavirusa yoluxub, ölənlərin sayı 150-ə yaxındır.
Emmanuel Macron, ölçüsündən asılı olmayaraq heç bir Fransa şirkətinin çökməsinə yol verməyəcəyini deyib.
Almaniyada nə baş verir?

Şəklin mənbəyi, Reuters
Almaniya kansleri Angela Merkel bütün dini mərasimlərə qadağa qoyub və vətəndaşları ölkə daxilində planlaşdırılan bütün səfərlərdən imtina etməyə çağırıb.
Klublar, barlar, əyləncə və idman kompleksləri, zooparklar və oyun meydançaları bağlanıb. Restoranlara masalar arasında maksimum məsafəni təmin etmək və iş vaxtını məhdudlaşdırmaqla bağlı göstəriş verilib.
Məktəblər artıq bir neçə gündür ki, bağlanıb, tədrislə bağlı başqa planlar da təxirə salınıb.
Almaniyada 7 minə yaxın insan virusa yoluxub. Ölkə boyunca 14 ölüm hadisəsi qeydə alınıb.
Başqa Avropa ölkələrində vəziyyət necədir?
Bazar ertəsi İspaniya öz sərhədlərində gediş-gəlişə nəzarəti sərtləşdirib.
Ötən şənbə günü hökumət 15 gün müddətinə fövqəladə vəziyyət elan edib. İnsanlara evlərini tərk etməyə icazə verilmir. Onlar yalnız mağazaya və müstəsna hal olaraq ofisə gedə bilər.
İtaliya koronavirusun yayılmasına görə Çindən sonra ikinci ölkədir. Burada ölənlərin sayı artmaqda davam edir və artıq 2150-yə çatıb. Ölkə daxilində yoluxanların sayı 20 mini keçib.
Ümumdünya Səhiyyə Təşkilatı Avropanı virusun yeni episentri elan edib.










