İranın Yaxın Şərqdə təsir şəbəkəsi “genişlənir”

İslam İnqilabı Keşikçiləri Korpusu

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) 150 mindən artıq aktiv üzvü olduğu güman edilir.
    • Müəllif, Frank Gardner
    • Vəzifə, BBC-nin təhlükəsizlik müxbiri

London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) hazırladığı araşdırmaya əsasən, Yaxın Şərq bölgəsində nüfuz uğrunda mübarizə aparan İran öz rəqibi Səudiyyə Ərəbistanına qarşı strateji çəkişməni qazanmaqdadır.

İranın bölgə rəqibləri, əsasən Britaniyadan alınan Qərb silahlarına milyardlarla dollar vəsait sərf ediblər.

Lakin sanksiyalara məruz qalan İran bu xərclərin yalnız bir hissəsilə, regionda öz strateji üstünlük mövqeyini uğurla təsbit edə bilib.

İran geniş nüfuz sahibidir və Suriya, Livan, İraq və Yəmən məsələsinə gəlincə, hətta həlledici təsirə malikdir.

Tarazlığı pozmaq

İranın Yaxın Şərq boyunca gizlincə - "məsafədən idarə olunan silahlılar" kimi də tanınan qeyri-dövlət ittifaqları şəbəkəsini qurması yeni bir şey deyil.

İslam Respublikası öz inqilab ideologiyasını ixrac etmək və hüdudlarından kənarda təsirini genişləndirmək niyyətini güdür. Bu, 1979-cu ildə Ayətullah Ruhullah Xomeyninin Tehrana qayıtmasından bəri davam etməkdədir.

"İranın Yaxın Şərqə təsir şəbəkələri" adlı 217 səhifəlik İISS hesabatında İranın bölgədəki əməliyyatlarının miqyası və əhatəsinə dair misli görünməmiş təfərrüatlar açıqlanır.

"İran İslam Respublikası Yaxın Şərqdə effektiv olan təsir qüvvələrinin tarazlığını öz xeyrinə dəyişdi", - hesabatda deyilir.

Müəlliflər iddia edirlər ki, İran buna "daha üstün ənənəvi qüvvələrə qarşı üçüncü tərəfin gücündən istifadə və təsir əməliyyatları sayəsində" nail ola bilib.

Burada aparıcı qüvvə olaraq İslam İnqilabı Keşikçilər Korpusunun (İİKK) xarici əməliyyatlar qanadı - Qüds qüvvələri göstərilir.

Həm Qüds Qüvvələri, həm də onun rəhbəri general Qasım Süleymani, İranın rəsmi hərbi qurumlarından yan keçərək birbaşa İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyiyə tabe olurlar.

Bu, onları fakitiki olaraq müstəqil birləşməyə çevirir.

General Qasım Süleymani, 2016-cı il, Tehran

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, General Qasım Süleymani Qüds qüvvələrinin başçısıdır.

2003-cü ildə ABŞ-ın İraqda Səddam Hüseyn rejimini devirməsindən bəri, Qüds qüvvələri Tehrana müttəfiq olan qeyri-dövlət qüvvələrini maliyyə və silahla təmin etməklə Yaxın Şərqdəki əməliyyatlarını daha da fəallaşdırıb.

Bundan əlavə o, ənənəvi silahlar sahəsində "İranın düşmənlərinin" malik olduğu üstünlüyünü aradan qaldırmağa imkan verən dronlar və kiberhücumlar kimi qeyri-ənənəvi, asimmetrik müharibə formalarını inkişaf etdirib.

Aprel ayında ABŞ prezidenti Donald Trump, Qüds qüvvələri də daxil olmaqla, İİKK qrupunu "xarici terror təşkilatlarına" (XTT) aid edib.

Bu, ABŞ tərəfindən başqa bir hökumətin tərkib hissəsinin XTT kimi tanınmasının ilk halı oldu.

İran cənab Trump-ın qərarına cavab olaraq rəmzi səciyyəli reaksiyasında Körfəz bölgəsindəki ABŞ hərbçilərini "terrorçu birlik" adlandırdı.

2001-2006-cı illərdə İngiltərənin xarici işlər naziri olmuş və bir neçə dəfə İrana səfər edən Jack Straw hesab edir ki, general Süleymaninin rolu hərbi komandirin rolundan daha genişdir.

"Qasım Süleymani bölgədəki xarici siyasəti əsasən güclə dəstəklənən ittifaqlar vasitəsilə həyata keçirirdi", - Jack Straw deyir.

"Hesabatda İranın bölgədəki roluna hörmət edilməli fikri səslənirsə bu, xoş bir işarədir", - İranın Londondakı səfirliyinin IISS hesabatına dair BBC-yə danışan nümayəndəsi deyib.

"İrana məhəl qoymamaq siyasəti işə yaramadı. İran müqavimət göstərdi. İran həmçinin, ABŞ iqtisadi terrorizminin ziyanlarına nəzarət etməyə müvəffəq oldu. Bəli, qüdrətli xalqdır, bölgə tərəfdaşlığına dair bir çox təşəbbüs sahibidir və digər millətlərlə geniş əlaqələri var."

Hizbullah - "kiçik tərəfdaş"

Həm siyasi partiya, həm də silahlı qrup olan Livanın şiə islamçı Hizbullah hərəkatı "İran tərəfdaşları arasında unikal bir statusa nail olub", - İranın Suriya və İraqa təchizat marşrutlarını ətraflı sənədləşdirən hesabatda qeyd olunur.

Hizbullah hərəkətı hər iki ölkədəki qarşıdurmalarda mühüm rol oynayıb.

O, prezident Bəşər Əsədə sadiq olan Suriya qüvvələri ilə birlikdə döyüşüb, İraq şiə silahlarına kömək edib.

Hizbullah tərəfdarları

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Beyrutdakı Hizbullah tərəfdarları Əli Xameneyinin portretini sərgiləyirlər

Hesabatda Hizbullah "idarə olunan qüvvədən daha çox mötəbər kiçik tərəfdaş və İranın yaxın silahdaşı" kimi təsnif olunur.

Bununla yanaşı deyilir ki, hərəkat bir sıra ərəb silahlıları və İranla bağlı siyasi partiyaların əsas əlaqələndiricisidir.

İraq və Suriyada mövqelər qazanmaq

ABŞ-ın İraqa müdaxiləsi və nəticə olaraq Səddam Hüseyn rejiminin devrilməsi, Yaxın Şərqin şəklini kökündən dəyişdirdi və üstünlük əldə etmək üçün İrana geniş imkan yaratdı.

Bu hadisədən əvvəl Körfəz ərəb dövlətləri sünni ərəblərin idarəsi altında olan İraqı İranın nüfuzunu genişləndirməsinə qarşı bir növ sədd kimi görürdülər.

Lakin bu sədd aradan qalxandan sonra, İran İraq daxilindəki dini və mədəni əlaqələrindən yararlanmağa müvəffəq oldu, əhalisinin çoxu şiə ərəblərdən ibarət olan İraqda aparıcı gücə çevrildi.

Xalq Səfərbərlik Birlikləri (XSB) İraq qüvvələri ilə birlikdə özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı vuruşub

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Xalq Səfərbərlik Birlikləri (XSB) İraq qüvvələri ilə birlikdə özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya qarşı vuruşub

İran, özünü İslam Dövləti adlandıran (İD) qruplaşmaya qarşı vuruşan Xalq Səfərbərlik Birliklərini (PMU) təlimləndirib, silahla təchiz etdi.

Amma bir çox iraqlı üçün XSB İran müstəmləkəçiliyinin bir növü kimi qəbul olunur.

İran üçün də hər şey istənilən şəkildə olmamışdır.

İraqda keçirilən son kütləvi nümayişlər və zorakılıq halları göstərir ki, gənclər İranın dəstəklədiyi hökumətdən razı deyillər.

"Vətənpərvər könüllülər olan XSB-nın idarə edən struktura keçməsi bu qruplaşmanı xalq dəstəyindən məhrum edib".

İran İraqda öhdəsindən gələ biləcəkdən daha ağır yükün altına girib, sabiq xarici işlər naziri Jack Straw deyir.

"İraqda baş verənlərin iranlılar üçün əhəmiyyəti böyükdür, çünki orada nəzarəti əldən vermək riski mövcuddur", - Jack Straw deyir.

Körfəz rəqiblər

Suriya hökuməti uzun müddətdir ki, İranın müttəfiqidir.

Suriya vətəndaş müharibəsinin gedişatında İran qüvvələri, Hizbullah və şiə döyüşçülərinin birgə hərəkətləri, habelə Rusiyanın havadan dəstəyi prezident Əsədin ayaqda qalmasına kömək edib.

Hazırda, İran "Suriya hökuməti və qeyri-rəsmi təhlükəsizlik qurumları daxilində özünə yer qazanır ... İsrail üçün təhlükəni artırır."

İran çox istərdi ki, ABŞ bölgəni tərk etsin və onu hakim hərbi güc qismində özü əvəz etsin.

Amma, xüsusilə də Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) buna yol vermək niyyətində deyillər.

2011-ci ildə Ərəb baharı etirazları başlayanda İran Bəhreyndəki iğtişaşlardan istifadə etdi.

O, çoxluq təşkil edən şiə əhalisinin qanuni narazılıqlarından yararlandı və zorakılıqla tanınan qruplaşmaların silahlanmasına kömək etdi.

Bəhreyn, Səudiyyə Ərəbistanı və Küveytdəki silahlı qruplara İranın dəstəyi, ilk növbədə müvafiq hökumətləri qıcıqlandırmaq, onlara təzyiq etmək və ABŞ-la tərəfdaşlığın siyasi qiymətini göstərmək məqsədini daşıyır", - hesabatda deyilir.

Bu qruplardan irəli gələn təhlükə, idarə olunandır, IISS bildirir.

Ancaq sentyabr ayında Səudiyyə Ərəbistanının həyati əhəmiyyətli neft qurğularına yetirilən dron və raket zərbələri Körfəz dövlətlərinin bu qəbildən olan asimmetrik həmlələrə nə qədər həssas olduğunu sərgilədi.

Səudiyyə Ərəbistanı ABŞ-dan raket əleyhinə bahalı sistemlər almışdı, lakin onlar neft hasilatı infrastrukturunun yarısını müvəqqəti olaraq sıradan çıxarmış nisbətən aşağı texnologiyalı həmlənin qarşısını ala bilmədilər.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi, "hücumların krallığın şimalından atılan İran istehsalı raketlər vasitəsiylə həyata keçirildiyinə" dair inandırıcı dəlillərin olduğunu açıqladı.

Lakin İran həmlədə əli olduğu barədə bütün iddiaları rədd edir.

Husi üsyançıları

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, İran 2015-ci ildən sonra husi üsyançılarına öz dəstəyini artırdı.

Digər bir araşdırma mərkəzi - Xarici Əlaqələr üzrə Avropa Şurası (ECFR) - hesab edir ki, İran öz işinə yarayan qruplara dəstək verməklə bölgədə üstünlük əldə edib.

"İran ənənəvi hərbi imkanlara gəldikdə, Səudiyyə Ərəbistanı ilə rəqabət aparmaq iqtidarında deyil. Buna görə, o, maraqlarını qorumaq və özünü xarici təhlükələrdən müdafiə etmək məqsədilə asimmetrik vasitələrə əl atır", - təşkilatın hesabatında deyilir.

"Səudiyyə Ərəbistanına gəldikdə İran hərbi döyüşlərdə qalib gəlmək üçün düzgün oyunçulara dəstək verdi."

Yəmən

2014-cü ilin sonlarında Yəmən müharibəyə qərq olarkən İranın iştirakı çox cüzi idi.

Ancaq 2015-ci ilin martında Səudiyyə Ərəbistanı, husi üsyançılarını tutduğu mövqelərdən çıxarmaq məqsədilə başladığı hava kampaniyasından sonra İran da Yəmənə dəstəyini artırdı.

İranın köməyi müasir silah təchizatını da əhatə edib, İISS hesabatında deyilir.

İranın məqsədi ucuz başa gələn yolla rəqib Səudiyyə Ərəbistanını müharibəyə cəlb etmək və strateji əhəmiyyətli Bab əl-Məndab (Qırmızı dəniz) ərazisində öz mövcudiyyətini təsbit etmək idi.

Səudiyyə üçün Yəmən müharibəsi, milyardlarla dollara başa gəldi. O, həmçinin Yəmən sərhədi boyunca Səudiyyəyə doğru istiqamət alan 200-dən çox raket və dron zərbəsinə səbəb oldu.

"İranlılar, BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq Hizbullah və husilər kimi terrorçu təşkilatları ballistik raketlərlə təchiz etdilər", - Səudiyyənin Xarici İşlər Nazirliyi bildirir.

Səudiyyə Ərəbistanına dəyən ziyan, əhəmiyyətli olsa da, xüsusən də, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi hava kampaniyası nəticəsində Yəmənə yetirilən dağıntılarla müqayisədə cüzi olub.

Bu fəlakətli müharibədə qalib gələn yoxdur.

Həm Səudiyyə Ərəbistanı, həm də onun müttəfiqi olan BƏƏ-yə əsasən, Yəməndəki əsas nailiyyət odur ki, İranın qonşuluqda daimi dayaq mövqeyi əldə etmək cəhdinin qarşısı alındı.

Minimal qiymətə maksimal təsir

Hesabata əsasən, cənab Trump-ın Ağ Evdə olduğu müddətdə İranın öz kursundan dönməsi ehtimalı aşağıdır və o, özünün "üçüncü tərəf imkanlarını genişləndirmək üçün fürsət tapmağa davam edəcək".

Yeni nüvə sazişi üzrə danışıqlara məcbur etmək məqsədilə ötən il tətbiq edilən yeni sanksiyaların təsirinin artdığı bir vəziyyətdə sərt xətt tərəfdarları arasında daha fəal addımlara çağırışların cazibədarlığı arta bilər.

Çox güman ki, İran ABŞ sanksiyalarının genişlənməsinə qarşı barışmaz cavab addımlarını davam etdirə bilər, - Texasda mənzillənən geosiyasi araşdırma mərkəzi Stratfor bildirir.

"Növbəti altı həftə İran üçün Səudiyyə və Yaxın Şərqdəki digər ABŞ müttəfiqlərinə qarşı mümkün hücumlar fürsətini yaradır."

Hazırda İranın bu qədər əhatəli və coğrafi baxımından geniş yayılan ittifaq şəbəkəsinə sahib olması, istənilən təqdirdə əməliyyatlar aparmaq üçün geniş imkanlar açır.

Buraya raket və dron həmlələri, İraqdakı ABŞ hərbi qüvvələrinə qarşı pusqular, Hörmüz boğazında dəniz nəqliyyatı hərəkətinin pozulması, İsraili və ya Körfəz ərəb dövlətlərini hədəf alan mürəkkəb kiberhücumları aid etmək olar.

Yekun belədir: 40 il ərzində davamlı şəkildə müttəfiqlər şəbəkəsini yaradan İran indi göründüyündən daha güclü bir vəziyyətdədir.

Bəli, sanksiyalar təsir edir və əhali bundan əziyyət çəkir. İqtisadi baxımdan İran acınacaqlı vəziyyətdədir. Lakin İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri minimal qiymətə maksimal təsirə malik müttəfiqlər sistemini yaradıb.

Strateji baxımdan, İİSS hesabatında təsvir olunan həmin şəbəkə vasitəsilə İran hesaba alınacaq bir güvvəyə çevrilib.

Həmçinin oxuyun: