Səudiyyə neftinə hücumlar: Silah qalıqları "onların arxasında İranın olduğunu göstərir"

Şəklin mənbəyi, Reuters
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ötən həftə sonu iki neft obyektinə hücumlarda, iddia edildiyi kimi, "İranın iştirakını sübut edən" dronların və qanadlı raketlərin qalıqlarını nümayiş etdirib.
Nazirlik bildirib ki, 18 dron və 7 qanadlı raketin atıldığı istiqamət onların Yəməndən qaynaqlandığını istisna edir.
İran bu hadisədə hər hansı bir iştirakı barədə ittihamları rədd edərək xəbərdarlıq edib ki, onu hədəfləyən istənilən hücumun qisası alınacaq.
Dronların və qanadlı raketlərin qalıqları Müdafiə Nazirliyinin mətbuat konfransında nümayiş etdirilib.
Müdafiə Nazirliyinin sözçüsü Türki əl-Məliki deyib ki, dəlillər hücumun şimaldan başladığını və "şübhəsiz İranın sponsorluğu ilə" həyata keçirildiyini göstərib.
Bununla belə, o qeyd edib ki, "hücumun start nöqtəsinin dəqiq müəyyənləşdirilməsi məqsədiylə araşdırma davam etdirilir".

Şəklin mənbəyi, Reuters
Bundan əvvəl Amerika Birləşmiş Ştatları (ABŞ) Səudiyyənin neft obyektlərinə hücumlarda istifadə olunmuş dronlar və kruiz raketlərinin "qalxma nöqtələrinin müəyyən olunduğunu və həmin yerlərin İranda olduğunu" açıqlayıb, məlumatlarda deyilir.
ABŞ-ın bir yüksək vəzifəli rəsmisi CBS News kanalına deyib ki, təyyarələr İranın cənubundan, Körfəzin şimal tərəfindən qalxıb.
Səudiyyənin havadan müdafiə sistemləri hücumları dayandıra bilməyib, çünki onlar Yəməndən ola biləcək hücumların qarşısını almaq üçün cənuba yönəldilib, rəsmi deyib.
İran şənbə günü Yəməndəki Husi qruplaşmasının törətdiyi hava hücumunda iştirakını təkzib edir.
Husi qruplaşması dünyanın ən böyük neft istehsalı müəssəsi olan Abqaiq və Xurais neft mədənlərini vurduqlarını bəyan edib.

Şəklin mənbəyi, Reuters
ABŞ bundan əvvəl hava hücumunun istiqaməti üzrə peyk görüntülərini yayımlayıb.
Birləşmiş Ştatlar Səudiyyənin neft obyektlərinə hücumların arxasında İranın dayanması iddiasını dəstəkləmək üçün kəşfiyyat məlumatlarına istinad etdiklərini qeyd edib.
Daha əvvəl isə adı açıqlanmayan ABŞ rəsmisi ABŞ və beynəlxalq mediaya "hücumların istiqaməti və miqyasına görə Husilərin iştirakından şübhələndiklərini" deyib.
Bu hadisə qlobal neft tədarükünü 5 faiz azaldıb.
Bu hadisə həm də neft qiymətlərinin 1991-ci ilin Körfəz müharibəsindən sonra bir gün ərzində kəskin artmasına səbəb olub, 20 faiz artım daha sonra azalma ilə müşahidə olunub.
Brent markalı neftin bir barelinin qiyməti isə qəfildən 71,95 dollara yüksəlib, iki gün sonra isə bu rəqəm 7 faiz azalıb. Buna Səudiyyənin tezliklə neft hasilatını bərpa edəcəyinə dair məlumatlar səbəb olub.

ABŞ hökuməti nə deyir?
Həftəsonu ABŞ dövlət katibi Mike Pompeo İranı ittiham edib ki, o, hücumlarda iştirak etmədiyini sübuta yetirmədən Vaşinqtonu yalan danışmaqda günahlandırır.
Bazar günü ABŞ prezidenti Donald Trump atdığı tweet-lə "İranı günahlandırmaqdansa, günahkar bəlli olduqdan sonra mümkün hərbi əməliyyatlara başlamağı" təklif edib.
Nə baş verib?
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun idarə etdiyi iki əsas neft təsisatında dron hücumlarından sonra yanğın baş verib, dövlət mediası xəbər verib.
Hadisə yerindən çəkilmiş videolarda Aramco-nun ən böyük neft istehsalı müəssəsi olan Abqaiq və Xuraisdə böyük yanğın görünür.

Şəklin mənbəyi, Reuters
Yəməndə İranın dəstəklədiyi Husi qruplaşmasının sözçüsü bildirib ki, onlar hücum üçün 10 dron göndəriblər.
Qruplaşmanın hərbi sözçüsü Yəhya Sareya Husi hərəkatına məxsus al-Misarah TV-ə bildirib ki, gələcəkdə yeni hücumlar planlaşdırılır.
O bildirib ki, şənbə günü həyata keçirilmiş hücumlar Husi qüvvələrinin Səudiyyə Ərəbistanında həyata keçirdiyi ən böyük əməliyyatlardan biridir və ona "krallığın içindəki dəyərli insanlar da dəstək verib".
Səudiyyə rəsmiləri hələ ki, hücumla bağlı şərh verməyiblər.
İranın dəstəklədiyi Husi üsyançıları hərəkatı Yəmən hökuməti və Səudiyyənin rəhbərlik etdiyi koalisiyaya qarşı vuruşur.
2015-ci ildə Yəmən prezidenti Abdrabbuh Mansour Hadi Husi qruplaşması tərəfindən ölkə paytaxtə Sananı tərk etməyə məcbur edildikdən sonra Yəməndə müharibədir. Səudiyyə Ərəbistanı Prezident Hadini dəstəkləyir və üsyançılara qarşı region dövlətlərinin koalisiyasına rəhbərlik edir.
Koalisiya qüvvələri demək olar ki, hər gün üsyançılara qarşı havadan zərbələr endirir. Husi üsyançıları isə tez-tez Səudiyyə Ərəbistanını raket atəşinə məruz qoyurlar.





