Yəmən haqqında 5 mühüm fakt

Şəklin mənbəyi, EPA
Yəməndə bir il çəkən münaqişəyə son qoymaq ümidi ilə bazar ertəsi atəşkəsin qüvvəyə mindiyi elan olunub.
Gələn həftə Küveytdə Yəmən münaqişəsinin həllinə dair sülh danışıqları keçirilməlidir.
BBC News Yəmənə aid bilməyi vacib olan 5 fakta nəzər salır.
1) Yəmən Ərəb dünyasının ən yoxsul ölkəsi sayılır. Ölkənin su və neft ehtiyatları tükənməkdədir.
Bir il bundan əvvəl münaqişə başlanandan bəri ölkənin infrastrukturu acınacaqlı duruma düşüb, iqtisadiyyatı dağılmış vəziyyətdədir.
Yəmən əhalisinin azı 80 faizinin ərzaq yardımına ehtiyacı var.
2) Hökümət qüvvələrilə husi üsyançıları arasında hərbi münaqişə nəticəsində azı 6,000 adam həlak olub, 2.5 milyondan artıq adam daimi yaşayış yerlərindən didərgin düşüb.

Şəklin mənbəyi, EPA
3) Yəmən ərazicə bir neçə qüvvə arasında bölünüb: keçmiş prezidentə loyal olan husi üsyançıları, hazırkı prezidentə loyal olan qüvvələr, Körfəz ölkələrinin orduları və əl-Qaidə ilə özünü "İslam Dövləti" adlandıran qrupun cihadçıları arasında.
Üsyançılar höküməti korrupsiyada və ölkəni parçalaya bilən federallıq sistemini yürütmək cəhdində ittiham edirlər.
4) Husilər kimi tanınan və ölkənin şimalında mənzillənən şiə müsəlman üsyançılarını Yəmənin eks-prezidenti tərəfdarları dəstəkləyir.
Onlar paytaxt Sanaa da daxil olmaqla ölkənin bir hissəsinə nəzarət edərək, 2015-ci ilin martında höküməti ölkədən xaric etməyə nail olublar.
Səudiyyə Ərəbistanı başda olmaqla 9 ölkənin qatıldığı koalisiya 2015-ci ilin mart ayından hava zərbələri həyata keçirməyə başlayıb. Bu əməliyyatın məqsədi ölkə ərazisinin yarısına nəzarət edən husiləri məğlub etmək niyyəti olub.
Həmin koalisiyanın hərbi dəstəyi ilə cənubdakı silahlılar və hökümətə loyal qüvvələr ötən il ərzində 5 cənub vilayət üzərində nəzarəti ələ keçirə biliblər.
5) Bəziləri Yəmən müharibəsini Yaxın Şərqdə iki əsas regional qüvvə sayılan sünni Səudiyyə Ərəbistanı və şiə İran arasında məsafədən idarə olunan müharibənin bir növü sayırlar.
Belə düşünənlərin qənaətinə görə. Yəmən müaqişəsinin kökündə sünni-şiə ədavəti durur. Hər iki ölkə Yaxın Şərq regionunda təsir və nüfuz üğrunda bir-birilə mübarizə aparır.





