Yerevanda Koçaryanın mətbuat konfransına imkan verilməyib

Robert Koçaryan mətbuat konfransı keçirə bilməyib.

Yerevanda "Privet, Rob" adlı etiraz aksiyası iştirakçıları "Robert - qatil" çağırışları ilə "Erebuni Plaza" hotelinin konfranslar zalına girərək, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın planlaşdırdığı mətbuat konfransının keçirilməsinə imkan verməyiblər.

Bazar ertəsi azadlığa buraxılmış Ermənistanın sabiq prezidenti bu gün jurnalistlərə öz mövqeyini izah etmək üçün mətbuat konfransı çağırmışdı.

Koçaryan ona qarşı "zorakılıqla konstitusiya quruluşunu dəyişmək" ittihamı qəbul etmədiyini deyir və mövcud Ermənistan hakimiyyəti tərəfindən siyasi təqibə məruz qaldığını bildirib.

Aksiya iştirakçıları mətbuat konfransı vaxtından bir saat tez otelin yanına toplaşıblar.

Robert Koçarryan konfrans zalına daxil olmağa cəhd etmədən ərazini tərk etməyə məcbur olub.

Onun yerinə onlarla nümayişçi "ömürlük həbs" tələblərilə konfrans zalına soxulublar.

Aksiyanın "Privet, Rob" adlanmdırılması, fəalların fikrincə, Koçaryanın prezident dövründəki hadisələrdən birini xatırlatmalıdır.

2001-ci ildə prezident Robert Koçaryan bir qrup qonaqları ilə Yerevanın caz musiqisi ifa olunan restoranlarından birində olarkən, onun keçmiş tələbə yoldaşı uzaqdan ona "Privet, Rob" deyə salamlayıb. Prezidentin mühafizəçiləri həmin Poğos Poğosyan adlı şəxsi restoranın tualetində döyüblər, Armenia.im saytı iddia edir.

Poğosyan hadisədən sonra vəfat edib, Koçaryanın baş mühafizəçisi işdən azad edilib və cəmi iki il müddətinə şərti həbsə məhkum edilib.

Aksiya Ermənistan Baş Prokurorluğu önündə davam edib, BBC News Azərbaycancanın Yerevan müxbiri bildirir. Nümayişçilər və onlara qoşulan, 1 mart 2008-ci il hadisələri zamanı həlak olanların qohumları prokurorluqdan tələb edirlər ki, Koçaryanın həbs edilməsi üçün Kassasiya Məhkəməsinə şikayət təqdim edilsin.

Fəallar həmçinin Koçaryanın həbs qətimkan tədbirini dəyişmək qərarı verən hakim Aleksandr Azaryanın "cəzalandırılması üçün" Ali Məhkəmə Şurasına müraciət üçün imza toplayırlar. Bəziləri hakimin səlahiyyətlərinin ləğv edilməsini tələb edirlər.

Onlar Aleksandr Azaryanın uzun müddət müxtəlif vəzifələrdə prezident Koçaryanın administrasiyasında işlədiyini qeyd edir və onun Koçaryana dair qeyri-obyektivliyindən şübhələnirlər.

Yerevan Apellyasiya Məhkəməsi bazar ertəsi cənab Koçaryan barəsində onun vəkillərinin həbs qətimkan tədbirini dəyişmək haqqında vəsatətini təmin edib, Robert Koçaryan azadlığa buraxılıb.

Robert Koçaryan "1 mart 2008-ci il" cinayət işi üzrə "konstitusiya quruluşunu devirmək, güclə hakimiyyəti ələ keçirməkdə" ittiham olunur.

Bu ittihama görə 15 ilədək həbs cəzası nəzərdə tutulur.

2008-ci il martın 1-i və 2-də prezident seçkilərinin "nəticələrinin saxtalaşdırılması sayəsində" Serj Sarkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən, 2 polis əməkdaşı həlak olmuş, 200-dən çox insan xəsarət alıb.

"Düşünmə müxtəlifliyinə kobud təzyiq"

Sabiq Ermənistan prezidenti Robert Koçaryanın ofisi mətbuat konfransına imkan verilməməsini "düşünmə müxtəlifliyinin kobudcasına boğulması" kimi qiymətləndirir.

Ermənistan ikinci prezidentinin ofisi "çərşənbə axşamı saat 12-də "Erebuni Plaza" biznes-mərkəzində bütün Ermənistan KİV-lərinin iştirakı ilə keçiləcək mətbuat konfransında mühüm siyasi bəyanatlar çoxsaylı sualların cavabları" veriləcəyini bildirir.

"Lakin ictimaiyyətdə hakimiyyətə yaxın fəallar, Nikol Paşinyanın arxadaşları kimi tanınan bir qrup şəxslər onun keçirilməsinə maneə olub və qəzəblənmiş xalq obrazına girib, kameralar önündə bayağı tamaşa oynadılar", - bəyanatda deyilir.

Bəyanat müəllifləri bu "xırda xuliqanlıq kimi səciyyələndirilə bilən yaxşı planlaşdırılıb təşkil edilmiş insidenti" əslində hakimiyyətin öz opponentlərini "sərbəst fikir söyləmək və KİV vasitəsilə ictimaiyyətlə ünsiyyətdə olmaq imkanından kobud şəkildə məhrum etmək cəhdi" kimi nəzərdən keçirirlər.

"Bu, başqa cür düşünmə üzərinə kobud təzyiqdən başqa bir şey deyil və ya, tanınmış bir siyasi xadimin bu yaxınlarda dediyi kimi, təfəkkür terrorudur. Bugünkü insident sanki günü-gündən siyası mühitdə və cəmiyyətdə yeni hakimiyyətin fikir müxtəlifliyinə dözülməzliyi və opponentlərinə qarşı siyasi təqibə qabil olmasına dair artmaqda olan narahatlığın əsassız olmadığını təsdiqləyir" - sabiq prezident ofisinin bəyanatında deyilir.