Yazıçı və satiraçı Mixail Zadornov vəfat edib

Şəklin mənbəyi, Zurab Dzhakhavadze/tass
Uzun müddətdir onkoloji xəstəliklə mübarizə aparan yazıçı və satiraçı Mixail Zadornov 69 yaşında vəfat edib. Satiraçının ölümünü "Moskva" agentliyi ilə söhbətdə teleaparıcı Regina Dubovskaya təsdiqləyib.
"Bəli, həqiqətən Mixail Nikolayeviç dünyasını dəyişib. Məlumat gözlənilməz olduğu üçün bir şey deyə bilmərəm".
2016-cı ilin oktyabrında Rusiya KİV-ləri Zadornova beyin xərçəngi diaqnozunun qoyulması barədə məlumat yaymışdı. Lakin yazıçının özü bu məlumatı təsdiqləməmişdi.
Tezliklə Zadornov konsertlərinin bir hissəsini ləğv etməyə məcbur oldu. "Vkontakte" sosial şəbəkəsində kimyəvi müalicə aldığını yazan satiraçı onu "ağır və uzun" müalicə gözlədiyini demişdi.
Zadornov bu ilin 23 oktyabrında xəstəxanaya yerləşdirilib. "360" kanalının məlumatına görə, Moskvanın "Meridian" mədəniyyət evində çıxışı zamanı satiraçının səhhətində epileptik hal yaranıb.
25 oktyabrda "dni.ru" portalına müsahibə verən satiraçının həmkarı Semyon Altov Zadornovun səhhətini "çox pis" səciyyələndirib.
Zadornov 1948-ci ildə Yurmalada anadan olub. O, 1974-cü ildə Moskva Aviasiya İnstitutunun "mühəndis-mexanika" fakultəsini bitirib. Satiraçı ilk hekayələrini 1970-ci illərdə dərc etdirib. Televiziyada ilk debüti isə 1982-ci ildə baş tutub.
1990-cı illərin əvvəlində yumorist kimi məhşurlaşan Zadornov "Anşlaq" və "Smexponorama"("Gülüş panoraması") kimi proqramların müəllifi və aparıcısı olub.
10-dan çox kitabın müəllifi olan satiraçı bir neçə filmdə çəkilib.
Yumorist kimi Zadornov Qərbə, ilk əvvəl Amerika mədəniyyətinə qarşı tənqidi mövqeyi ilə məhşurdur. Zadornov özünü Rusiya tarixinə alternativ baxışın tərəfdarı kimi təqdim edirdi.
2012-ci ildə Zadornovun ssenarisi əsasında çəkilən "Rürik. İtirilmiş həqiqət" filmi ekranlara çıxmışdı. Filmdə xüsusilə Rürikoviçlər sülaləsinin banisi Rürikin varyaq deyil, slavyan olduğu iddia edilir.
2014-cü ilin martın 11-də Zadornov Rusiya Federasiyası incəsənət xadimlərinin Rusiya prezidenti Valdimir Putinin Ukrayna və Krımdakı siyasətini dəstəklədiyinə dair müraciətini imzalayıb. Sənədə Ukraynaya gedişi qadağan edilən şəxslərin adı da əlavə edilmişdi.





