Türkiyənin ikinci peyki GÖKTÜRK-1 orbitə buraxılıb

Şəklin mənbəyi, Genelkurmay Başkanlığı
Coğrafi məhdudiyyət olmadan dünyanın hər yerindən yüksək keyfiyyətli peyk görüntüsünü təmin edəcək GÖKTÜRK-1 peyki Fransanın Guiana ölkəsindən Veqa raketi ilə orbitə buraxılıb.
Hərbi Baş Qərargah rəhbərliyinin internet saytında yazılan məlumatda GÖKTÜRK-1 "Türk Hava Qüvvələrinin gələcək üçün önəmli layihələrindən biri" kimi səciyyələndirilib.
Prezident Recep Tayyip Erdoğan Ankarada keçirilən tədbirdə "Öz peykimizi özümüzün inkişaf etdirməsi və istehsal etməsi şərtdir" deyib.
O əlavə edib ki, GÖKTÜRK-1-in hazırlanmasında yerli iştirak 20 faiz təşkil edib.
"Bundan sonra göndərəcəyimiz peyklərin hazırlanmasında bu faiz əksinə [80 faiz yerli iştirak] olmalıdır".
Yüksək keyfiyyətli görüntülər çəkəcək
GÖKTÜRK-1-in optik kamerası ilə həm mülki, həm də hərbi tətbiqlər üçün çox yüksək keyfiyyətli görüntülər çəkəcəyi bildirilib.
GÖKTÜRK-1 peyki Türkiyə vaxtı ilə 16:51:44-də orbitə göndərilib.

Şəklin mənbəyi, Genelkurmay Başkanlığı
GÖKTÜRK-1-in yanacaqsız halda çəkisi 1070 kiloqramdır.
Peykin layihələndirilməsi, hazırlanması və sınaqdan keçirilməsinə 2010-cu ilin iyulun 19-dan başlanıb.
GÖKTÜRK-1 peyki, 2012-ci ildə istifadəyə verilən GÖKTÜRK-2-dən sonra ikinci hərbi peykdir.




