Bəzi qidalar toxluq hissini artırırmı?

Yemək

Şəklin mənbəyi, Getty Images

Bəzi qidaların bizi uzun müddət tox tutduğu iddia edilir. Bəs həqiqətən də, qidalar aclıq hissimizi azalda bilərmi?

Londondakı İmperial Kollecindən Qidalanma və Qida Şəbəkəsinin rəhbəri Gary Frost deyir ki, acı bibər və zəncəfil kimi müəyyən qidaları qəbul etdikdən sonra daha az ac hiss etdiyimizi bildirən tədqiqatlar olsa da, bu araşdırmalar adətən çox miqdarda qidadan istifadə edir və onun təsirini heyvanlar üzərində sınaqdan keçirir.

"Bu təsirlərin heyvanlar üçün nə mənaya gəldiyi isə məlum deyil", - Frost deyir.

Acı bibər yeməyin iştaha təsirini təhlil edən bir araşdırma insanın bir qram acı bibər əlavə edərək pomidor şorbası yedikdən sonra, 4,5 saat ərzində əlavə 10 kalori yandırdığını aşkar edib.

Lakin acı bibərin iştaha uzunmüddətli təsiri aşkarlanmadı. Bundan əlavə, acı bibər kimi yaşıl çayın da iştahı davamlı olaraq azaltmadığını göstərən 32 müxtəlif araşdırma yayımlanıb.

Qəhvə iştahı yatırmaq üçün ən çox istifadə edilən içkilərdən biridir.

Kaliforniya Dövlət Universitetinin kineziologiya kafedrasının dosenti Matthew Schubert, qəhvənin iştahı azaltmaqda təsirli olub-olmadığını öyrənmək üçün indiyə qədər aparılan araşdırmaları nəzərdən keçirib.

Bəzi tədqiqatlara əsasən, qəhvə qidanın mədədən incə bağırsağa daha sürətli keçməsini təmin edir və əslində, aclıq hissini artırmış olur.

Çay

Şəklin mənbəyi, Getty Images

Qəhvədə fizioloji olaraq, iştahı azaldan tərkib elementlər aşkar edilməyib.

Gələcək tədqiqatlar qəhvənin iştahı yatırdığını aşkar etsə belə, bu, çox güman ki, gündə 100 və ya 200-dən az kalorini nəzərdə tutacaq ki, bu da əhəmiyyətli fərq deyil, Schubert deyir.

"Yalnız çox yüksək miqdarda lifli qidalar aclığı yatıra bilər"

Liflə zəngin qidalar daha uzun müddətdə toxluq hissini verir və bəzi araşdırmalar göstərir ki, insanlar nə qədər çox lif yeyirsə, çəkiləri bir o qədər yavaş artır.

Lakin Frost deyir ki, bu, yalnız çox miqdarda lifli qida yedikdə gerçəkləşir.

"Gündə 30 qram lif istehlak etməyimiz tövsiyə olunur, lakin İngiltərədəki insanların çoxu gündə təxminən 15 qram istehlak edir. Əgər onu 30 qrama qədər artırsanız, iştaha təsir göstərə bilər, lakin bu da qalıcı olmaya bilər."

Daha çox protein qəbul etmək iştahı azaldır, lakin bu nəticə çox kiçik əhatəli bir eksperimentə əsaslanır.

Hansı makroqidaların bizi daha tox hiss etdirdiyini öyrənmək üçün çoxlu araşdırmalar aparılıb, lakin dəqiq cavab tapılmayıb.

"Nəticələr göstərir ki, proteinin bizi tox saxlama ehtimalı daha yüksəkdir, lakin nəticə o qədər də aydın deyil və çox vaxt məhdud təsirlərə malikdir, - Kanadada British Columbia Universitetinin marketinq və davranış elmləri üzrə dosenti Yann Cornill deyir. - Müxtəlif növ makroqidalar arasında müqayisə aparmaq çətindir."

"Yeməkdən əvvəl iki stəkan su içənlər daha az yeyirlər"

"İştahımızı azalda biləcək müəyyən qidaları axtarmaq yerinə, kifayət qədər su içdiyimizdən əmin olmalıyıq, çünki bu, iştahımızı qısa müddətlik azaldır", - ABŞ-də Gillings Qlobal İctimai Sağlamlıq Məktəbinin qidalanma professoru Martin Kohlmeier deyr.

Tədqiqatlar yeməkdən əvvəl iki stəkan su içənlərin daha kiçik porsiyalarla kifayətləndiklərini müəyyən edib.

Lakin Frost fizioloji cəhətdən iştahımızdakı hər hansı dəyişikliyin kiçik və qısa müddətli olacağını deyir.

Bunun səbəbi fiziologiyamızın bizi yeməyə məcbur etməsidir.

"Bədənin çəki itirməsinə qarşı çıxan sərt müdafiə mexanizmləri var, - Kohlmeier deyir, - təkamül nöqteyi-nəzərindən ən böyük risk aclıqdır, çünki o, sizi dərhal öldürməsə də, bədəni zəiflədir və yoluxucu xəstəliklərə qarşı daha həssas edir".

Kohlmeier həmçinin deyir ki, heç bir yemək və ya içki uzun müddətdə iştahımızı əhəmiyyətli dərəcədə azalda bilməz, çünki bədənimiz demək olar ki, sabit çəki saxlamaq üçün uyğunlaşıb.

Su

Şəklin mənbəyi, Getty Images

"Aclıq inanclar, gözləntilər və yaddaşdan qaynaqlanır"

Kohlmeimer buna görə də iştahı idarə etməyin ən yaxşı yolunun balanslaşdırılmış pəhriz olduğunu deyir. Beləliklə, orqanizmin mümkün çatışmazlığı kompensasiya etmək üçün axtarışda olmayacağını bildirir.

Bundan başqa, iştahımızın psixoloji tərəfinə qarşı da səhlənkar olmamalıyıq.

Tədqiqatlar on illər boyu bu mövzunu araşdırıb. 1987-ci ildəki bir araşdırmada deyilir ki, yeməyi görmək və onun qoxusunu almaq bədənə həzm üçün hazırlıq siqnalları göndərir. Bizi doyuracağını gözlədiyimiz zaman yemək iştaha ən böyük təsir göstərir, tədqiqatda deyilir.

Cornill deyir ki, aclıq inanclar, gözləntilər və yaddaşla formalaşır və çox vaxt yediklərimizi nə qədər yaxşı xatırladığımızla əlaqələndirilir.

Bir araşdırmaya görə, qida "doyumlu" kimi etiketlənəndə biz daha az yeyirik. Eyni qidanı "yüngül" adlandırmaqla istehlak arta bilər.

Bizi daha uzun müddət tox saxlayan qidalar haqqında iddialar irəli sürülə bilər, lakin görünən odur ki, yeganə yol balanslaşdırılmış pəhrizə riayət etməkdir.

Aclığın qarşısını uzun müddət almaq mümkün olmaya bilər. Lakin bəslənmə çatışmazlığını aradan qaldırmaq üçün əlavə kaloriləri qəbul etməkdən yayına bilərik.