Demi Moore: “15 yaşımda anamın pul aldığı bir şəxs tərəfindən təcavüzə uğradım”

Şəklin mənbəyi, Getty Images
Məşhur aktrisa Demi Moore 15 yaşında olanda bir nəfərin anasına 500 dollar ödəyərək onu zorladığını bildirib.
ABC kanalının "Good Morning, America" ("Sabahın xeyir, Amerika") proqramına qonaq olan 56 yaşlı "Hollywood" ulduzu Moore bildirib ki, 15 yaşındaykən evə gələndə yetkin yaşlı bir nəfərlə qarşılaşıb:
"Məni zorlayandan sonra dedi ki, səni anan mənə satdı. Həm təcavüzə, həm də inanılmaz bir xəyanətə məruz qalmışdım".
Aktrisanın dediyinə görə, həmin şəxs evdən çıxanda "Anan tərəfindən 500 dollara satılmaq necə bir hissdir?" deyə soruşub.
Moore anasının alkoqolik olduğunu və özünün hələ 18 yaşı olmamış onu barlara apardığını bildirib.
Demi Moore-un anası 1998-ci ildə vəfat edib.

Şəklin mənbəyi, Getty Images
"O gün o kişinin evdən çıxarkən dediklərinin doğru olduğuna inanırsanmı" sualına Moore belə cavab verib:
"Ürəyimin dərinliklərində inanmıram. Bunun adi bir alver olduğunu düşünmürəm. Amma yenə də anam ona qapını açmış və məni təhlükəyə atmışdı".
1990-cı illərdə "Hollywood"-un ən məşhur ulduzlarından biri olan Demi Moree "Ruh" ("Ghost") və "Bir neçə yaxşı kişi" ("A Few Good Men") kimi filmlərdəki rollarıyla böyük uğur qazanmışdı.
"Çevrilmiş" adlı avtobioqrafik kitab yazan Demi Moore onu keçmiş həyat yoldaşı Bruce Willis-ə, üç qızına və anasına həsr etdiyini bildirib.
Demi Moore 12 yaşındaykən anası intihar etmək istəyib. "Onu həyatda qalmağa inandıran mən oldum. Ağzındakı dərmanları kiçik barmaqlarımla çıxarmışdım", aktrisa belə deyir.
Moore anasının sonralar da dəfələrlə intihara cəhd etdiyini bildirib.
Kitabında aktrisa 1980-ci illərdə özünün narkotik asılılığına qarşı mübarizəsindən də yazıb.








