Siqaret çəkən və spirtli içki içənlərdə ürək damarları 17 yaşından əvvəl sərtləşməyə başlayır

gənclər

Şəklin mənbəyi, Getty Images

Aparılan yeni bir araşdırma, siqaret çəkənlərin və spirtli içki içənlərin ürək arteriyalarında 17 yaşından əvvəl sərtləşmə və sıxışma əlamətlərinin baş qaldırdığını müəyyən edib.

Avropa Ürək Jurnalında dərc edilən araşdırmaya görə, siqaret çəkənlər və spirtli içki içənlər nisbətən daha gənc yaşda ürək sağlığına zərər verməyə başlayırlar.

Bu da ürək və damar xəstəliklərinə, daha sonra isə ürək çatışmazlığına və iflic riskinə gətirib çıxarır. Eyni araşdırma ürəkdəki arteriyaların siqaret və spirtli içkini tərgidən gənclərdə normal vəziyyətə qayıtdığına işarə edir.

Britaniyadakı elm adamları, Bristol Universitetinin valideyn və uşaq sağlamlığı üzrə fəaliyyət göstərən ALSPAC araşdırma mərkəzinin 14 500 ailənin iştirak etdiyi araşdırmasından sonra bu nəticəyə gəliblər.

pivə

Şəklin mənbəyi, Getty Images

"Nəticələr cəsarət verir"

1266 gəncin 2004-2008-ci illərdə qeyd edilən məlumatlarını nəzərdən keçirən tədqiqatçılar 13,14 və 17 yaşlarındakı iştirakçıların siqaretdən və spirtli içkidən istifadə etməklərini və ürək damarlarının sağlamlığını araşdırıblar.

Burada iki əsas dəyişiklik irəli çıxıb:

  • Həyatları boyu çəkdikləri siqaret sayı
  • Spirtli içkidən istifadə etməyə başladıqları yaş

Araşdırma nəticələrinə əsasən, həyatı boyunca 100-dən artıq siqaret çəkənlər, ya da daha çox spirtli içki qəbul edənlərin ürəklərində, 20-dən az siqaret çəkənlərin və gündə 2 spirtli içki qəbul edənlərə nisbətdə daha çox damar sərtləşməsi əlamətlərinə rast gəlinib.

BBC-ə açıqlama verən Böyük Britaniya Ürək Fondunun (BHF) direktoru, professor Metin Avkiran dərnəyin maliyyə dəstəyi verdiyi bu araşdırmanın "cəsarət verən nəticələr" təqdim etdiyini söyləyib.

"Bu araşdırma ürək arteriyalarındakı problemlərin gənc yaşlarda belə özünü göstərə biləcəyini və bunun sonrakı illərdə çox ciddi problemlərə səbəb olacağını göstərir. Həqiqətən həyatınızı xilas edə biləcək bəzi dəyişiklikləri etmək üçün heç bir zaman gec deyildir" deyən Avkiran bunları əlavə edib:

"Siqareti tərgitmək ürəyinizi qorumaq üçün edə biləcəyiniz tək və ən yaxşı yoldur. Spirtli içki qəbul edirsinizsə, bunun təklif edilən miqdarı keçməməsinə diqqət etməlisiniz".