Hacıbala Abutalıbov: "Narazıların suallarına özüm cavab verəcəm"

"Abid Şərifovun sədrliyi ilə keçmiş Sovetski, indiki Nərimanov, Abdulla Şaiq və Nərimanov prospektinə qədər olan evlərin əhalisi ilə görüş keçirdik. Əhalinin seçdiyi şuranın müəyyən üzvlərinin xahişləri oldu və onların xahişlərinin hamısına yazılı surətdə cavab veriləcək", Bakı icra başçısı Hacıbala Abutalıbov görüşdən sonra açıqlamasında deyib.

Çərşənbə axşamı Bakının "Sovetski" ərazisində söküləcək evlərin dövlət qiymətləndirilməsindən narazı sakinlərlə icra orqanları arasında keçirilən görüşdə cənab Abutalıbov deyib ki, söküləcək ərazidə heç bir tikinti işi aparılmayacaq.

"Biz çalışırıq ki, yaşayan sakinlər yaşadıqları sahəyə nisbətən daha yaxşı sahədə yaşasın. İkincisi, həmin sahələr abadlaşdırılsın, yeni geniş yollar salınsın, gözəl istirahət zonaları yaradılsın".

İcra başçısının sözlərinə görə, təklif olunan qiymətlə razı olmayanların evləri sökülməyəcək.

Cənab Abutalıbov həmçinin narazı sakinlərlə bağlı son qərarın martın 3-də veriləcəyini təsdiqləyib.