Bəzi insanların malik olduğu beş fiziki üstünlük

DNT

Şəklin mənbəyi, iStock

Şəklin alt yazısı, Bəzilərimiz genetik xüsusiyyətlər sayəsində başqalarının malik olmadığı bacarıqlara sahibik

Sualtında təmiz görmək, ekstremal soyuğa dözmək və hündürlüyə tab gətirmək - bəzi insanlar bu bacarıqların sahibidir. Sizə bunlardan beşini təqdim edirik.

Super güclər həmişə komikslər və elmi fantastika mövzusu olub.

Lakin çoxlarımızın xəyal etdiyi xüsusi bacarıqlara malik bəzi qeyri-adi insanlar da az deyil.

Bəzi hallarda bunlar, genetik mutasiyalarla və bəzi hallarda o insanların bədənlərinin spesifik həyat şərtlərinə alışması ilə izah olunur.

Bəzilərimizin malik olduğu bu qəribə bacarıqlardan beşini təqdim edirik:

1.Sualtında təmiz görmək

Əksəriyyətimiz sualtında gözünü aça bilmir, aça biləndə isə bulanıq görürük. Lakin Myanma və Tailandın Andaman sahili boyunca yaşayan üç qəbilədən ibarət Moken-lilər istisnadır.

Bu adalılar, dəniz fauna və florası yığımı ilə məşğul olurlar və ilin böyük hissəsini su və ya qayıqlarda qurduqları komalarda yaşayırlar. Buna görə də dəniz köçəriləri kimi tanınırlar.

Heç şübhəsiz ki, suyun altında təmiz görmək bacarığı həyat tərzləri ilə bağlıdır.

Bir çox adam su altında gözüna açanda bulanıq görür

Şəklin mənbəyi, iStock

Şəklin alt yazısı, Bir çox adam su altında gözüna açanda bulanıq görür

Əslində hər şey insan gözünün hava və su ilə təması zamanı yaranan fiziki prosesdən asılıdır.

Hava ilə təmasda işıq korneaya (gözün şəffaf təbəqəsi) daxil olan zaman qırılmış olur. Bu isə havadan daha sıxdır. Lakin suyun sıxlığı göz mayesinin sıxlığı ilə eyni olduğuna görə, qırılma aydın görməni təmin edəcək qədər kifayət deyil.

Üzgüçü gözlükləri göz ilə su arasında hava yaradaraq problemi həll edir.

2003-cü ildə Current Biology jurnalında dərc olunan bir araşdırma göstərib ki, Moken-lərin gözlərinin işığı aydın görmək üçün yetərli şəkildə əyərək su altına uyğunlaşmaq bacarığı var - delfinlərdəki kimi.

Əlavə araşdırmalar isə, ayaq üzərində dayanıb, dəniz nizəsi ilə balıq ovlayan yetkin bir Moken-in bu bacarığı tədricən itirdiyini göstərib.

2. Ekstremal soyuq havaya dözmək

İnsan bədəninin normal hərarət dərəcəsi 36.5C və 37.5C-dir. Bu, bəzi insanların isti iqlimlərə soyuqdan daha rahat tab gətirməsini izah edir.

Əksəriyyətimi uzun müddət iqluda yaşaya bilmərik

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Əksəriyyətimiz uzun müddət iqluda yaşaya bilmərik

Amma Arktikada yaşayan inuitlər və ya Rusiya sakinləri nenlərin orqanizmləri dondurucu temperaturlarda yaşamağa öyrəşib.

Onların bədənləri soyuğa fərqli reaksiya göstərir, çünki bioloji olaraq hamımızdan fərqlidirlər.

Onların dərisi bizimkindən daha istidir və metabolik dərəcələri daha yüksəkdir.

Eləcə də tər vəzləri daha azdır və soyuqdan titrəmirlər.

Bu xarakterik göstəricilər tamamilə genetikdir: əgər inuit və ya nenet deyilsinizsə, Şimal Qütbünə köçüb, illərlə yaşasanız belə, soyuğa tab gətirmək bacarığını həmin insanlar qədər inkişaf etdirə bilməyəcəksiniz.

3.Az yuxu ilə enerjili qalmaq

Əksər insanların istirahət etmək üçün yeddi və doqquz saat arası gecə yuxusuna ehtiyacı var.

Lakin Amerika Yuxu Tibbi Akademiyası (American Academy of Sleep Medicine) tərəfindən 2014-cü ildə aparılan bir araşdırma əsasında müəyyənləşib ki, hər gecə altı saatdan az yuxu yatmaq imkanı yaradan və normal fəaliyyət göstərməyi təmin edən gen mutasiyası mövcuddur.

Yatan kişi

Şəklin mənbəyi, iStock

Şəklin alt yazısı, Alimlər 7-9 saat yatmağı tövsiyə edirlər. Yuxusuzluq bir gün sizə istənilən şəkildə təsir göstərə bilər.

DEC2 adlı bu genetik mutasiyalı insanların yuxusunda sürətli göz hərəkətləri (rapid eye movement - REM) fazası daha güclüdür.

Həmin genetik variant həm də yuxusuzluğa qarşı müqavimət bacarığı verir.

Yuxusuzluq konsentrasiyaya təsir göstərir və əqli və fiziki sağlamlıq üçün problemlər yarada bilər.

Tədqiqatçılar mutasiyanın çox az insana təsirini vurğulayıblar - gecə ərzində altı saatdan az yatdığını deyən insanların cəmi 1 faizi.

Əgər altı saatdan az yatırsınızsa və bu sizə bəs edirsə, diqqətli olun. Yuxusuzluq bir gün sizə istənilən şəkildə təsir göstərə bilər.

4. Sıx sümüklər

Sümük kütləsini itirmək yaşlanma prosesinin normal bir hissəsidir, amma bəzi insanlarda sıxlıq normalda olandan daha sürətlə azalır. Bu, osteoporoz və artan çatlaq riski törədə bilər.

Skeletons

Şəklin mənbəyi, iStock

Şəklin alt yazısı, Sümük kütləsini itirmək yaşlanma prosesinin tərkib hissəsidir

Bəzi insanlar isə nadir pozuqluğa yol açan genetik mutasiyadan "əziyyət çəkirlər"- sümük kütləsinin artmasına səbəb olan skleosteroz.

ABŞ-ın Washington ştatının Bothell ərazisində yerləşən Chiroscience Araşdırma və İnkişaf (Chiroscience Research and Development) mərkəzinin alimləri SOST geninin sümük formalaşmasını tənzimləyən sklerostin hormonunun istehsalına təsirini müəyyənləşdiriblər.

Onlar bu məlumatla qocalan sümüklərdə azalan sıxlığa qarşı mübarizə apara biləcəklərinə ümid edirlər.

Amma bunun da mənfi tərəfi var. Sümüyün proqressiv inkişafı giqantlıq, üz cizgilərinin pozulması və karlığa yol aça bilər. Bu genetik vəziyyətə Afrikaner əhalisi (holland əsilli Cənubi afrikalılar) arasında rast gəlinir.

5.Yüksək hündürlüklərdə yaşamaq

Dəniz səviyyəsindən 5000 metr hündürdə yaşayan And dağlarının sakinləri bunu "soroche" adlandırırlar və yüksəkliyə dırmanan hər kəs bu hiss ilə tanışdır.

Hündürlük xəstəliyi, dəniz səviyyəsindən yuxarı qalxdıqca artan oksigen çatışmazlığı nəticəsində yaranır.

Bəzi insanlarda hündürlük xəstəliyinə qarşı dayanıqlıq əmələ gəlib

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bəzi insanlarda hündürlük xəstəliyinə qarşı dayanıqlıq əmələ gəlib

Simptomlara başgicəllənmə, başağrıları, qan təzyiqinin azalması və çətinliklə nəfəsalma daxildir.

And dağlarında yaşayan keçua xalqı və Himalay dağlarında yaşayan tibetlilər üzərində aparılan araşdırmalar göstərib ki, onların orqanizmlərini hündürlükdə yaşamağa əlverişli edən təbii seçmədir.

Zamanla onlarda böyük ağciyər həcmi bəxş edən geniş gövdələr formalaşıb ki, hər dəfə nəfəs aldıqda daha çox oksigen qəbul edə bilirlər.

Və çoxumuz üçün az oksigen qəbulu nəticəsində daha çox qırmızı qan hüceyrələri ayrılsa da, onların orqanizmi qırmızı qan hüceyrələrini daha az istehsal edir.