Türkiyə: qiyam işi ilə bağlı "22 min adam saxlanılıb"

Şəklin mənbəyi, Reuters
Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı araşdırma çərçivəsində 22 min adam saxlanılıb, Türkiyənin ədliyyə naziri Anadolu agentliyinə bildirib.
Bekir Bozdağın sözlərinə görə saxlanılanlar arasında 16 min adam rəsmən həbsə alınıb. Daha 7668 nəfər istintaqa cəlb olunub. Onlar hələ həbsə alınmayıblar.
Bozdağ ABŞ-da olan ruhani Fethullah Gülenin rolunun “hamıya məlum” olduğunu deyib.
Ankara Güleni iyulun 15-də baş verən çevriliş cəhdinin aparıcı qüvvəsi hesab edir və ABŞ-dan onun ekstradisiyasını tələb edir.
"Onlar [ABŞ] Gülenin təhvil verilməsini müzakirə edir və bu tələbə diqqətlə yanaşırlar. Biz bunu yaxşı əlamət hesab edirik ", - Bozdağ deyib.
"Əgər ABŞ [Güleni] verməzsə, Türkiyəni bir terrorçuya qurban etmiş olacaq".
ABŞ-da könüllü mühacir həyatını yaşayan Fethullah Gülen 270 adamın ölümü ilə nəticələnən qiyama hər hansı aidiyyatı barədə ittihamları rədd edib.
Gülenin vəkilləri hesab edirlər ki, ruhaninin Türkiyədə ədalətli məhkəməsi şansları çox aşağıdır.
"Haqqında mənfi şeylər danışılan az qala 80 yaşlı zəif adamı Türkiyəyə göndərmək, şokedici və görünməmiş bir iş olardı”, - Fethullah Güleninin vəkillərindən biri deyib.
Bekir Bozdağ qiyamda iştirakla bağlı şübhəli şəxslərin işgəncələrə məruz qaldığı barədə iddiaları rədd etdi.
Çevriliş cəhdindən sonra Gülen hərəkatı ilə əlaqədə olmaqda şübhəli bilinən minlərlə adam işdən kərarlaşdırılıb. Onların arasında hərbçi, hakim, jurnalist, müəllim və dövlət məmurları var.
Hadisə ilə bağlı 2 mindən artıq təşkilat bağlanılıb.




