İtaliyada miqrantlara pul paylanır, amma...

İtaliyanın cənub ucqarında miqrantlara pul paylanır, amma bu pulalr saxtadır.
Dükan sahibləri nəinki saxta pulları qəbul edir, hətta buna təşviq edilirlər.
Yeddi min əhalisi olan kiçik Gioiosa İonica şəhərində hazırda bir qrup sığınacaq axtaran miqrant məskunlaşıb. Onlara kupon sisteminin bir hissəsi olaraq əskinazlar və ya “biletlər” verilir.
Qaçqınlar pulları istədikləri şeyə xərcləyə bilərlər, lakin yerli biznesin faydalanması üçün yalnız qaldıqları şəhərdə xərcləməlidirlər.
Avropa arxitekturasından nümunələr əvəzinə bu pulların üzərində kommunist və solçu liderlərin portretləri əks olunub.
10 avroluq əskinazın üzərində Che Guevara, 20 avro üzərində Hugo Chavez və 50 avro üzərində Karl Marksın şəkilləri var.
Pulların əks tərəfində isə şəhərdəki qaçqın xidmətlərinin koordinatoru Giovanni Maiolo-nun imzası var.
Gioisa İonica şəhərində bu yolla qaçqınlar ərzaq almaq üçün pul xərcləyirlər, dükan sahibləri isə onların hesabına yeni müştərilər qazanırlar.
Şəhər rəhbərliyi hər qaçqına görə mərkəzi hökumətdən gündə 35 avro pul alır.
Bu pulla mənzil, yemək, tibbi xidmət və dil kurslarından tutmuş işlə təmin etməyə qədər hər şey əhatə olunmalıdır.
Bundan başqa bura bir neçə avro cibxərci də daxildir.
Gioiosa İonica kimi iqtisadi cəhətdən kasıb yerlərdə miqrasiya əvəzinə adətən daha çox köç olduğu üçün bu pullar ciddi məbləğ sayılır.

Əvvəllər boş olan evlər indi kirayədən pul qazanır və daha çox insan yerli dükanlarda pul xərcləyirlər.
Saxta pullar zəmanət verir ki, hətta Romadan pul gecikdikdə belə qaçqınların yemək almağa pulu olacaq.
Qaçqın xidmətləri isə pul gələn kimi dükan sahiblərinin pulunu əsl avro ilə ödəyirlər.
Yeni iş yerləri
Qaçqınlara baxmaq əlavə 20 əhəmiyyətli iş yerinin yaranmasına səbəb olub.
Bütün bunlar merin planının tərkib hissəsidir.
Solçu Salvatore Fuda üç il bundan əvvəl seçilib və seçki manifestində bilərəkdən miqrantların şəhərə gətirilməsini daxil edib.
Mer, “qaçqın və sığınacaq axtaranların qorunmasını” nəzərdə tutan hökumətin “Sprar” sisteminə qoşulmaqla hər bir miqrant üçün gündəlik 35 avro alır.
“Bu cür layihə ilə mövcud 75 qaçqın üçün şəhər ildə təxminən bir milyon avro qazanır,” cənab Fuda deyir.
“Pul şəhərə verilir, miqrantlara deyil. Əgər bizim səkkiz milyon avroluq illik büdcəmizi nəzər salsanız görəcəksiniz ki, bu məbləğ bizim üçün əhəmiyyətli iqtisadi köməkdir.
“Bu yaxşı bir dairə yaradır – kirayə gəlirlərindən, yaratdığı iş yerlərindən və ərzağa xərclənmiş puldan. Beləliklə bu, iqtisadi fayda verir”.
O, bunu sadəcə pul üçün deyil, həmçinin yerli gənclər arasına çoxmillətlilik təcrübəsini gətirmək üçün edir.
“Giosa İonica uşaqları başqa rəngdən, mədəniyyətdən və dindən olan insanları görəndə heç bir çətinlikləri olmayacaq. Misal üçün onlar öyrənəcəklər ki, Əfqanıstan və ya Hindistanda insanlar kriket oynayırlar, futbol deyil və onlar bu oyunun necə oynandığını öyrənmiş olacaqlar”.
Onun üçün bu o mənaya gəlir ki, İtaliyanın ucqar cənubundan olan uşaq xaricilərlə, Paris və London kimi böyük şəhərlərdə yaşayan uşaqlar davrandığı kimi davranacaq.
Miqrantlar da xoşbəxt görünür. Böyük qaçqın düşərgələrində yaşamaqdansa, indi onlar iş təcrübəsi əldə edə bilər və digər qaçqınlarla mənzili bölüşə və öz yeməklərini özləri bişirə bilərlər.
Misal üçün, yerli tipoqrafiya gənc somaliliyə iş verib.
Nə qədər ki işi var, o, İtaliyanın cənubundakı bu kiçik şəhərdə yaşamağa razıdır.




