Brexit: 2-ci referendum petisiyası fırıldaqçılq iddiasıyla yoxlanılır

Britaniya parlamenti Nümayəndələr Palatasının petisiya komitəsi bildirib ki, ikinci Aİ referendumunun keçirilməsinə çağıran petisiya fırıldaqçılıq iddiasına görə yoxlanılır.
Petisiyada aşkar edilmiş 77 min saxta imza artıq oradan çıxarılıb.
Onu yalnız Britaniyada və xaricdə yaşayan Britaniya vətəndaşları imzalaya bilərlər.
İndiyə qədər petisiyanı 3.2 milyondan çox insan imzalayıb. Lakin baş nazir David Cameron-un bildirdiyinə görə, ikinci referendum keçirilməyəcək.
Cümə axşamı keçirilmiş referendumun nəticəsinə görə seçicilərin 52 faizi Britaniyanın Aİ-ni tərk etməsinə səs verib.
Petisiya komitəsi gələn həftə müraciəti nəzərə alıb-almayacağına qərar verəcək.
Britaniyanın Aİ-dən çıxmasına dair ikinci referendum tələb edən petisiya parlament saytında indiyə qədər ən çox imza toplamış müraciətdir.
Parlamentin rəsmi saytında həyata keçirilən və 100 mindən çox imza toplayan istənilən petisiya parlament tərəfindən müzakirə üçün nəzərə alınır.




