Aİ Britaniyanın qurumu tərk etmə yolunu açıqlayıb

Britaniyanın Aİ-ni tərk etməsi üçün danışıqlar ən azı iki il davam edəcək

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Britaniyanın Aİ-ni tərk etməsi üçün danışıqlar ən azı iki il davam edəcək

Avropa İttifaqı cümə axşamı keçirilmiş referendumun ardından Britaniyanın qurumu tərk etməsi üçün rəsmi danışıqların yolunu açıqlayıb.

Qurumun bildirdiyinə görə Britaniya yazılı və ya şifahi bəyanatla çıxış etməklə razılaşmanın həyata keçirilməsi üçün iki illik müddəti müəyyənləşdirən 50-ci Maddəni tətbiq edə bilər.

Britaniya baş naziri David Cameron-un bildirdiyinə görə, o, oktyabr ayınadək istefa verəcək və davamçısının danışıqları həyata keçirməsinə imkan yaradacaq.

Lakin Aİ xarici işlər nazirləri danışıqların tezliklə başlamasını tələb edirlər.

Referendumun nəticələri açıqlandıqdan sonra Britaniyanın necə və nə vaxt danışıqlara başlayacağı istiqamətində fərziyyələr yaranıb.

Şənbə günü Almaniya kansleri Angela Merkel bildirib ki, Aİ Britaniya ilə danışıqlar prosesində “pis münasibət nümayiş etdirməməlidir”.

Onun sözlərinə görə, digər ölkələrin Aİ-ni tərk etməsinin qarşısının alınması müzakirələr zamanı prioritet olmamalıdır.

O, prosesin sürətlə həyata keçirilməsinə tələsdirməyin tərəfdarı olmadığını deyib.

“Bu, sonsuza qədər davam etməməlidir, düzdür, lakin mən tələsməyin tərəfində deyiləm,” kansler əlavə edib.

Britaniyanın Aİ-ni tərk etmək qərarı Fransa, Hollandiya və İtaliyadakı bəzi avroskeptik partiyaların da öz ölkələrində bənzər referendumların keçirilməsi tələbilə çıxış etməsinə səbəb olub.

Bəzi Aİ siyasətçiləri dağılmanın qarşısını almaq üçün islahatların həyata keçirilməsinə çağırıblar.

Cümə axşamı Britaniyada Avropa İttifaqını tərk etməklə bağlı keçirilmiş referendumda seçicilərin 51.9 faizi qurumu tərk etməyə səs verib.