Avropa İttifaqı: "Britaniya çıxışı gecikdirməməlidir"

UKİP lideri Nigel Farage sevinir

Şəklin mənbəyi, Stefan Rousseau PA

Şəklin alt yazısı, UKİP lideri Nigel Farage sevinir

Avropa İttifaqı liderləri tələb edir ki, Böyük Britaniya təşkilatı tərk etmək üçün sürətlə danışıqlara başlamalıdır.

Siyasətçilər ehtimal edir ki, istənilən gecikmə qeyri-müəyyənliyi davam etdirə bilər.

Avropa Komissiyasının direktoru Jean-Claude Juncker bildirib ki, "qalan 27 ölkənin İttifaqı davam edəcək".

Britaniya 43 ildən sonra Aİ-ni tərk etməyin xeyrinə 52-48 faiz fərqlə səs verib.

David Cameron bundan sonra bildirib ki, o baş nazirlikdən istefa verəcək.

Qlobal birjalarda isə funtun dəyəri kəskin düşüb.

Avropa Parlamenti gələn çərşənbə gününə xüsusi iclas çağırıb.

Təhlilçilər deyir ki, Aİ siyasətçiləri Brexitin bütün təşkilatı zədələmə iqtidarında olan domino təsirindən narahatdır.

Avropa Parlamentinin prezidenti Martin Schulz:

"Biz nəticəyə hörmət edirik. Britaniyanın öz yolu ilə gedəcəyi aydındır."

"İndi ciddi və məsuliyyətli hərəkət etmək vaxtıdır. David Cameronun ölkəsi qarşısında öhdəlikləri var, bizim də Aİ-nin gələcəyi qarşısında. Görürsünüz ki, bazarlarda sterlinqin başına nə gəlir? Mən avro ilə eyni şeyin baş verməsini istəmirəm."

Avropa İttifaqının Şurasının prezidenti Donald Tusk:

"Əsəbi reaksiyaların vaxtı deyil. Bu gün 27 liderin adından demək istəyirəm ki, biz birliyimizi 27 olaraq saxlamaq istəyirik. Britaniya rəsmi olaraq Aİ-ni tərk edənədək Britaniyada Aİ qanunları tətbiq ediləcək və mən demək istəyirəm ki, bura vəzifələr də aiddir.”

Cənab Tusk əlavə edib ki, Aİ-dən çıxmaq prosedurları razılaşmalara əsasən planlanıb.

“Detalları danışmaq üçün gələn həftə Avropa Şurasına daxil olan 27 ölkə ilə qeyri-rəsmi görüş çağırmışam. Həmçinin təklif etmişəm ki, birliyimizin gələcəyi barədə ciddi düşünməyə başlayaq”.

"Son illər birliyimizin tarixində ən çətin illər olub, amma atam həmişə mənə deyirdi: Nəsə səni öldürmürsə, səni güclü edir.”

Niderland Azadlıq partiyası lideri Geert Wilders:

"Urra britaniyalılar üçün! İndi isə növbə bizimdir. Niderlandda referendumun vaxtı gəlib!"

Şəklin mənbəyi, Twitter

Fransanın sağçı Milli Cəbhə partiyası lideri Marine Le Pen:

"Azadlığın qələbəsi! İllər boyu mənim istədiyim kimi, indi Fransada və digər Aİ ölkələrində eyni referemdumu keçirməliyik."

Eyni partiyadan siyasətçi Marion Marechal Le Pen:

"#Brexit-dən #Frexit-ə: İndi ölkəmizə demokratiya idxal etməyin vaxtıdır. Fransızların seçmə hüququ olmalıdır."

İtaliyanın immiqrasiyaya qarşı Şimali Liqasının lideri Mateo Salvini:

"Azad vətəndaşların cəsarətinə urra! Qəlb, beyin və qürur yalan, təhdid və şantaja qalib gəlir."

O həmçinin əlavə edib: "ÇOX SAĞOL, BK, indi bizim növbəmizdir."

Avstriyanın xarici işlər naziri Sebastian Kurz:

"Digər ölkələrdə domino effekti istisna deyil", deyə Kruz əlavə edib ki, Aİ birlikdə sağ qala bilər".

Belçikanın baş naziri Charles Michel isə deyib ki, Aİ üzvləri "Avropanın yeni gələcəyini planlamaq və prioritetləri müəyyənləşdirmək üçün" görüşməlidir".

Şəklin mənbəyi, Twitter

İrlandiya höküməti açıqlamasında bildirib ki, nəticələrin İrlandiya, Britaniya və Aİ üçün əhəmiyyətli təsirləri olacaq.

İrlandiyanın baş naziri Taoiseach bu səhər açıqlama verəcək.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier:

"Britaniyadan xəbər həqiqətən ayıldıcıdır. Britaniya və Avropa üçün kədərli gündür."

Şəklin mənbəyi, Twitter

Almaniyanın Kansler müavini Sigmar Gabriel:

"Lənətə gəlsin! Avropa üçün pis gündür."

Şəklin mənbəyi, Twitter

Avropa Parlamentində ən böyük qrupun lideri Manfred Weber deyib:

"Çıxış proseduru maksimum iki ildə yekunlaşacaq. Heç bir xüsusi davranış olmayacaq. Çıxış çıxış deməkdir."

Almaniyanın xarici ticarət assosiasiyasının rəhbəri Anton Boerner:

"Bu, Britaniya, həmçinin Avropa və xüsusən Almaniya iqtisadiyyatı üçün fəlakət nəticədir. Dünyada ən qədim demokratiyanın bizə arxasını çevirməsi narahatedicidir".

Polşanın xarici işlər naziri Witold Waszczykowski:

"Brexit Britaniya və Avropa üçün pis xəbərdir. Bu, Aİ məhfumunun dəyişikliyə ehtiyacının nişanəsidir."

Finlandiyanın Finns partiyası lideri Timo Soini:

"Xalq sözünü dedi."

Hindistanın kiçik maliyyə naziri Jayant Sinha:

"Bazar dağınıqlığı gözlənilir və biz buna fokuslanmalıyıq."

Avstaliyanın baş naziri Malcolm Turnbull:

"Hüquqi baxımdan bunun Avstraliyaya birbaşa təsiri az olacaq, çünki BK-nin Aİ-ni tərk etməsi bir neçə ilə başa gələcək. Lakin artıq bazarlarda iri enmələrin şahidi oluruq və bu, qeyri-müəyyənlik bir müddət davam edəcək."