Şotlandiya Britaniyanın Aİ-ni tərk etməsinə "veto qoya bilər"

Şəklin mənbəyi, Getty
Şotlandiyanın birinci naziri Nicola Sturgeon BBC-ə bildirib ki, Şotlandiya Britaniyanın Aİ-ni tərk etməsinə veto qoya bilər.
O, Britaniyanın Aİ-ni tərk etməsinə dair cümə axşamı keçirilmiş referendumun ardından çıxış edib.
Referendumun nəticəsinə görə Britaniya əhalisinin 52 faizi Avropanı tərk etməyə səs verib.
Şotlandiya Milli Partiyasının lideri xanım Sturgeon deyib ki, o, Şotlandiya parlamentinin üzvlərini Brexit-ə “razılıq” verməməyə çağıracaq.
129 yerlik parlamentdə 63 deputatı olan partiyaya rəhbərlik edən Sturgeon-un sözlərinə görə məsələ “Şotlandiyanın mənafelərinə uyğun” həll edilməlidir.
Əvvəlki Britaniya artıq “mövcud deyil”
Nicola Sturgeon bildirib ki, Şotlandiyanın 2014-cü ildə tərkibində qalmağa səs verdiyi Britaniya artıq mövcud deyil.
BBC-ə müsahibəsi zamanı o deyib ki, Şotlandiya hökuməti ölkəni “qorumaq üçün” istənilən addımı atacaq.
Şotlandiya hökumətinin şənbə günü keçirilmiş görürüşündə növbəti müstəqillik referendumuna ilkin hazırlıqların görülməsi barədə razılığa gəlinib.
Keçirilmiş ən son sorğunun nəticələrinə görə, iştirakçılardan 52 faizi müstəqilliyə səs verəcəyini bildirib.
Şotlandiyada 2014-cü ildə keçirilmiş müstəqilliyə dair referendumda seçicilərin əksəriyyəti Britaniya tərkibində qalmağa səs vermişdi.




