Kabulda mikroavtobus partladılıb - 14 nəfər həlak olub

Partlayış intiharçı tərəfindən törədilib

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Partlayış intiharçı tərəfindən törədilib

Əfqanıstan paytaxtı Kabulda mikroavtobusda intiharçının törətdiyi partlayış nəticəsində ən azı 14 nəfər ölüb və 9 nəfər yaralanıb.

Ölən və yaralananların hamısı özəl şirkətdə mühafizəçi işləyən Nepal vətəndaşları olublar, Associated Press xəbər verib.

Törədilmiş hücuma görə məsuliyyəti üzərinə Taliban hərəkatı götürüb.

Taliban Əfqanıstanda "təcavüz qüvvələrinə qarşı" hücum həyata keçirdiyini bəyan edib.

Partlayış səhər tezdən paytaxt Kabulu ölkənin şərqində yerləşən Nanqarhar vilayətinin mərkəzi olan Cəlalabadla birləşdirən yolun yaxınlığında baş verib.

NATO qüvvələrinin əsas hissəsi 2014-ci ildə Əfqanıstandan çıxarıldıqdan sonra Taliban silahlılarının hücumları ölkədə daha tez-tez baş verməyə başlayıb.

Keçən ilin oktyabrında ABŞ prezidenti Barack Obama 2017-ci ilin sonunadək qoşunları Əfqanıstandan çıxarmaq planından imtina edib.

Bu, onun seçkiqabağı verdiyi vədlərindən biri idi.

Barack Obamanın təbirincə, Əfqanıstanda ABŞ qoşunlarının qalması həm Əfqanıstan, həm ABŞ-ın təhlükəsizliyinin təmin edilməsi üçün vacibdir.