Britaniya mətbuatı: Berlin Erdoğanın satirik videoya etirazını rədd edib

“The Financial” qəzeti yazır ki, Berlin ölkə prezidenti Recep Tayyip Erdoğanı hədəfləyən satirik mahnıya Türkiyənin etirazını rədd edib.

Məqalədə deyilir ki, bu ayın əvvəllərində Almaniya televiziyası ilə efirə verilmiş bu mahnı Türkiyə və Avropa İttifaqı arasında yeni uçurumun yaranmasına səbəb ola bilər.

Almaniya Xarici İşlər Nazirliyinin sözüçü jurnalistlərə deyib ki, dövlət katibi Markus Ederer özünün türkiyəli həmkarına zəng edib və ona “ifadə azadlığı məsələsində kompromisin mümkün olmadığını bildirib”.

Berlinin bu bəyanatından əvvəl Türkiyə, Almaniya səfiri Martin Erdmann-ı bir həftədə iki dəfə Xarici İşlrə Nazirliyinə dəvət edərək ondan Erdoğana aid videonun internetdən çıxarılmasını tələb etmişdi. Bundan başqa Almaniya səfirinə Türkiyədə həbs edilmiş iki jurnalistin məhkəmə dinləməsinə getdiyinə görə etiraz bildirilmişdi.

Almanca “Erdowi, Erdowo, Erdogan” adlanan mahnı Almaniyanın ARD televiziya kanalında martın 17-də səslənib.

Bu mahnının video klipində Erdoğan “jurnalistləri həbs etdirən, kürdləri bombalayan və özünə nəhəng saraylar tikdirən diktator” kimi təsvir edilir. Videoda Türkiyə polisinin etirazçılara gözyaşardıcı qazlar və su şırnağı ilə zor işlətdiyi səhnələr də yer alıb.

Berlin satirik video ilə bağlı Ankaranın etirazını rədd edib

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Berlin satirik video ilə bağlı Ankaranın etirazını rədd edib

“Pis vaxt”da oxunmuş mahnı

“The Financial Times” yazır ki, bu mahnı Avropa İttifaqı və Tükiyə arasında qaçqın böhranının çözülməsinə yönəlik sazişin əldə edildiyi bir vaxta təsadüf edib.

Bu sazişə əsasən Brüssel tərəfindən Türkiyənin Yunanıstandakı qaçqınları qəbul etməsi müqabilində ona 6 milyard avro verilməsini nəzərdə tutur.

Avropa Komissyasının rəhbəri Jean-Claud Junckerin sözçüsü Mina Andreeva deyib ki, “Brüssel Ankara ilə əməkdaşlığı qiymətləndirməkdə davam etsə də, Almaniya səfirinin bir

videoya görə Xarici İşlər Nazirliyinə çağırılması qərarının Avropanın azad mətbuat və ifadə azadlığı normalarına zidd olduğunu bəyan edir”.

“Prezident Juncker Almaniya səfirinin bir videoya görə dəvət edilməsi hərəkətini müsbət qiymətləndirmir. O inanır ki, bu hərəkətlər Türkiyəni Avropa İttifaqından daha da kənara itələyir” – deyib Andreeva.

Gərginlik Avropa İttifaqı və Tükiyə arasında qaçqın böhranının çözülməsi dövrünə təsadüf edib
Şəklin alt yazısı, Gərginlik Avropa İttifaqı və Tükiyə arasında qaçqın böhranının çözülməsi dövrünə təsadüf edib

ABŞ qadağa tanımır

Bundan əvvəl cənab Erdoğan diplomatları Türkiyə jurnalistləri Can Dündar və Erdem Gülün məhkəməsində iştirak etdiklərinə görə sərt tənqid etmişdi.

Bazar ertəsi ABŞ rəsmiləri diplomatların məhkəməyə getməsi qərarını müdafiə ediblər.

Dövlət Departamentinin sözçüsü John Kirby deyib ki, ABŞ səfirləri ilk dəfə deyildir ki, belə mühakimə proseslərini müşahidə edirlər və bundan sonra da müşahidə edəcəklər.

Bir Avropa diplomatı “Financial Times” qəzetinə bidlirib ki, Erdoğanın son reaksiyasından təəccüblənib.

“Görünür o düşünür ki, Avropa ilə bu saziş, xüsusən də vizasız gediş-gəlişə aid bənd işləməyəcək, ona görə də İttifaq üzərinə təzyiq tətbiq edir” – deyib həmin diplomat.

Diplomat həmçinin deyib ki, “ola bilsin bu, qarşıdan gələn referendum və növbədənkənar seçkilərlə bağlı strategiyadır”.

“Biz Erdoğanı sevirik”

“Financial Times” yazır ki, bu həftə cənab Erdoğan Washington-a səfər edir və onun tərəfdarları səfər ərəfəsində “Biz Erdoğanı sevirik” Tvitter həştəqi yaradıblar.

“Məzlumların ümidi, ölkəmizin təkrar doğulmasının Böyük Ustadı” – yazıb həmin heşteqdə baş nazirin müavini Mehmet Şimşek.

Lakin artıq çərşənbə günü Türkiyənin ədliyyə naziri Bekir Bozdağ həmin teqin trending siyahısından yoxa çıxmasına görə Tvitteri ittiham edib.

“Sizə kim tapşırıq verib ki, #WeLoveErdogan heşteqini yığışdırırsınız? Bunu hansı ölkə, hansı şəxs, hansı terrorçu qrup əmr edib? – yazıb ədliyyə naziri, - Mən inanıram ki, bu,

bizim prezidentimzə qarşı qlobal əməliyyatın bir hissəsidir”.

Maşını qızıldan olana cərimə nə edər?

“The Daily Telegraph” qəzeti artıq ikinci gündür ki, Londonun mərkəzi küçələrində parklanmış 4 qızıl avtomobildən yazır.

Qəzetin müxbiri Lexi Finnigan yazır ki, Səudiyyənin playboy şahzadələrindən Turki bin Abdullanın İnstagram səhifəsində bu avtomobillərdən birinin fotosu yerləşdirilib.

Bu fotoda Mercedes Jeep maşınının sürücü oturacağına diri qaplan kəmərlənib.

Məqalədə deyilir ki, şahzadə hansı ölkəyə səfər etsə, bu qızıl avtoparkı da özü ilə aparır.

Ərəbin dəvəsi

Sosial media videolarından birində isə şahzadə özünün yarım milyon dollarlıq Mercedes G63 avtomobili ilə səhrada dəvə qovur.

Səhra şəraitində dəvə hələ də əsas "nəqliyyat vasitəsidir".

Şəklin mənbəyi, GOOGLE

Şəklin alt yazısı, Səhra şəraitində dəvə hələ də əsas "nəqliyyat vasitəsidir".

İki həftə əvvəl qoyulmuş videoda isə o, artıq 600 min dollarlıq Lamborghini Aventador SV avtomobilində Londonun küçələri ilə şütüyür.

Kensington ərazisində qanunsuz yerdə parklanmış Lamborghini Aventador, Rolls Royce, Mercedes G63 6x6 və Bentley Flying Spur avtomobillərini ətrafına yığılanlar burda selfie çəkdirirlər.

Məqalədə deyilir ki, bu maşınların şüşələrinə artıq hər biri 80 funt sterlinqlik cərimə qəbzləri yapışdırılıb. Üst-üstə 320 funt sterlinq edir.

Halbuki, yazır müxbir lap yaxınlıqda 24 saatı 50 funt sterlinqə olan parkinq mövcuddur və şəhərin bütün “qeyri-qızıl” maşınları orda saxlanır.

Yeri gəlmişkən, London sakinlərindən biri qibtədənmi, zarafatdanmı özünün ucuz Ford-unu qızıl kağıza tutub və bu maşınların yanında saxlayıb.

Bax onun üçün cərimə daha ağır ola bilər, yazır qəzet.

Azərbaycan ən sıx əhalisi olan ölkələrdən biridir

“The Daily Telegraph”-ın eyni sayında dərc olunmuş başqa bir məqalədə söhbət dünyanın ən az əhali sıxlığına malik yerlərindən gedir.

Bunların arasında ən az insan sıxlığı olan yer Qrenlandiyadır. Burada hər kvadrat kilometrə şərti olaraq 0 adam düşür. Halbuki insanın 4500 il əvvəl məskunlaşdığı bu adada 56 min sakin yaşayır.

İkinci yerdə Britaniya və Argentina arasında mübahisəli olan Folklend adalarıdır. Burada hər kvadrat kilometrə 0, 3 adam düşür. Əhalinin ümumi sayı 3 mindir. Burada 2013-cü ildə keçirilmiş referendumda 1517 nəfərdən cəmi üçü ada üzərində suverenitetin Argentinaya verilməsini istəyib.

Sözün əsl mənasında ölkələrin sırasında əhali sıxlığının azlığına görə 3-cü yeri Monqolustan tutur. Burada hər kvadrat kilometrə az qala iki nəfər, əslində isə 1, 9 adam düşür.

Qərbi Saxaradakı əhali sıxlığı da elə təxminən bu qədərdir. Sonrakı yerlərdə Namibiya, Fransız Qvineyası, Avstraliya, İslandiya, Surinam və Botsvana gəlir.

Cənubi Qafqazda ən “darısqal” Lakin bu məqaləyə əlavə edilmiş interaktiv xəritədə Azərbaycan da var.

Azərbaycanda hər bir kvadrat kilometrə 111 nəfər düşür.
Şəklin alt yazısı, Azərbaycanda hər bir kvadrat kilometrə 111 nəfər düşür.

Bu xəritəyə görə Azərbaycan bütün keçmiş sovet məkanında əhalisi ən sıx olan ölkədir. Azərbaycanda hər bir kvadrat kilometrə 111 nəfər düşür. Ermənistan üçün bu rəqəm 100-dür.

Gürcüstan hər kvadrat kilometrə 63 nəfərlə Cənubi Qafqazda əhalisi ən az sıx olan ölkə sayılır.

İranda hər kvadrat kilometrə 42, Türkiyədə isə 97 nəfər düşür. Rusiyada bu rəqəm cəmi 8-dir. ABŞ-ın göstəricisi 33 nəfərdir.

Bu xəritədən gəlinən gözlənilməz nəticə budur ki, Azərbaycan Rusiyadan, ABŞ-dan, keçmiş SSRİ ölkələrindən daha “darısqal” ölkədir.

Əhalinin ən sıx yaşadığı ölkə bu xəritəyə əsasən Hindistandır. Burada hər kvadrat kilometrə 390 nəfər düşür. Qərbi Avropada ən sıx əhaliyə Britaniya və Almaniya malikdir.